Muxtar respublikada torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda müəyyənləşdirilmiş vəzifələrin icrası üçün Şərur rayonunun Dəmirçi, Maxta, Qarxun, Şəhriyar, Vərməziyar, Tumaslı, Vayxır, İbadulla və Ərəbyengicə, Kəngərli rayonunun Şahtaxtı, Qarabağlar və Xok, Babək rayonunun Babək qəsəbə, Məmmədrza Dizə, Yarımca və Cəhri, Culfa rayonunun Bənəniyar, Xanəgah və Əlincə, Ordubad rayonunun Dəstə, Yuxarı Əylis və Aşağı Əylis bələdiyyələrinin torpaqlarının qida maddələri ilə təmin olunma kartoqramları hazırlanmışdır. Əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə il ərzində Şərur rayonunun Çomaxtur, Şahbuz rayonunun Kiçikoba, Ordubad rayonunun Düylün və Sədərək rayonunun Sədərək kəndlərində maarifləndirici tədbirlər keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanının icrası ilə bağlı proqram təminatının hazırlanmasına başlanılmış, sistemə daxil ediləcək məlumatların modeli hazırlanmışdır. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin, bələdiyyələrin, yaşayış məntəqələrinin sərhədləri, kənd təsərrüfatı yerləri, torpaq islahatına cəlb edilmiş kənd təsərrüfatı yerlərinin sərhədləri, meşə və kolluqlar, qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar haqqında məlumatlar hazırlanaraq komitənin elektron məlumat bazasına yığılmışdır.
Torpaq sahələrinin konturlarının çöl geodeziya ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi məqsədilə müasir geodeziya-ölçü avadanlıqları vasitəsilə Naxçıvan şəhərinin, Şərur və Babək rayonlarının ərazilərində daşınmaz əmlak obyektlərinin plana alınması işləri aparılmışdır. Topoqrafik elementlərin, mühəndis-kommunikasiya xətləri və qurğularının, xüsusi qorunan ərazilərin, hidroqrafiya elementlərinin sərhədləri müəyyənləşdirilmişdir. Naxçıvan şəhərində 12 min 392 daşınmaz, Babək rayonunda 5812, Şərur rayonunda isə 3032 daşınmaz əmlak obyekti plana alınmışdır.
Muxtar respublika üzrə torpaq sahələrinin təyinatının istifadə vəziyyəti daim nəzarətdə saxlanılmış, aşkarlanmış qanunsuz istifadə faktları aktlaşdırılmış, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması və qanunsuz tikililərin sökülərək torpaqların əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlər görülmüşdür. Muxtar respublika üzrə 50 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri hazırlanaraq dövlət reyestrinə daxil edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Şərur rayonunun 40 bələdiyyəsinin və Babək rayonunun bütün bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanmış, kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılmış və uçotu aparılmışdır.
Müxtəlif təşkilatların sifarişi ilə 480-dən artıq xəritə, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təhvil verilmişdir. İl ərzində, ümumilikdə, muxtar respublika üzrə 2086 torpaq sahəsi, 75 qeyri-yaşayış binası, 74 qeyri-yaşayış sahəsi, 921 mənzil, 1852 fərdi yaşayış evi, 13 əmlak kompleksi kimi müəssisə olmaqla, cəmi 5021 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Bu dövrdə muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 764 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 787 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Vətəndaşlara səyyar xidmətin göstərilməsi də davam etdirilmiş, il ərzində muxtar respublika üzrə 92 yaşayış məntəqəsində 899 vətəndaşın müraciətinə baxılmışdır.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti