Muxtar respublikamızda sahibkarlığın inkişaf etdirilməsində dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi, sahibkarların işgüzar əlaqələrinin inkişafı, müxtəlif növ xidmətlərin və maliyyə dəstəyinin göstərilməsi kimi kompleks islahatların aparılması mühüm rol oynayır.
Bu məqsədlə yaradılmış Sahibkarlığa Kömək Fondunun fəaliyyəti diqqəti cəlb edir. Fond cari ilin ötən dövrü ərzində də üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışıb. Bəhs olunan dövrdə fond tərəfindən 20 layihənin maliyyələşdirilməsinə 1 milyon 879 min 700 manat həcmində güzəştli kredit verilib. Həmin vəsaitdən kənd təsərrüfatı yönümlü 15 layihənin maliyyələşdirilməsinə 303 min 700 manat, sənayeyönümlü 3 layihənin maliyyələşdirilməsinə 1 milyon 105 min manat, xidmət sahəsinin inkişafı yönümlü 2 layihənin maliyyələşdirilməsinə 471 min manat yönəldilib.
Bütün bunlar isə dövlət maliyyə dəstəyi ilə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə şərait yaradıb.
Bəhs olunan dövrdə kənd təsərrüfatı sahəsində bağçılıq üzrə 1 layihənin maliyyələşdirilməsinə 25 min 100 manat, quşçuluq üzrə 1 layihənin maliyyələşdirilməsinə 17 min manat, arıçılıq üzrə 2 layihənin maliyyələşdirilməsinə 15 min manat, “Orqanik Məhsul Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatı texnikasını alması və əkin işlərinin aparılması üzrə 1 layihə üçün 40 min manat, heyvandarlıq üzrə 10 layihəyə 206 min 600 manat kredit verilib.
Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi əhalinin məşğulluq səviyyəsini də artırır. Belə ki, fondun vəsaiti və özəl investisiya hesabına bu ilin ötən dövrü ərzində yaradılmış 38 layihə üzrə 600-dən çox yeni iş yeri açılıb.
Həyata keçirilən tədbirlər yerli istehsal məhsullarının həcminin genişləndirilməsinə, çeşidinin artırılmasına, həmçinin ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalına imkan verir. Bunun nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrində 121 növdə 555 çeşiddə ərzaq, 247 növdə 845 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 368 növdə 1400 çeşiddə məhsul istehsal olunur. 108 növdə ərzaq, 236 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Əldə olunmuş nailiyyətlər muxtar respublikada sahibkarlıq üçün əlverişli şərait yarandığını, iqtisadiyyatın bu sektorunda çalışanlara dövlət tərəfindən hər cür qayğı göstərildiyini bir daha təsdiq edir.
Xəbərlər şöbəsi