İnkişaf edən Naxçıvanın ən yeni tarixində növbəti, 2017-ci ili də uğurlarla yola salırıq. Geridə qoyacağımız il, ümumilikdə, dünya iqtisadiyyatında baş verən çətinliklərlə müşayiət olunsa da, bütövlükdə, ölkəmizin, o cümlədən muxtar respublikamızın iqtisadi yüksəliş tempini zəiflədə bilmədi. Tam əksinə, bütün Azərbaycan vətəndaşları kimi, Naxçıvan Muxtar Respublikası sakinləri də müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin ideyaları ətrafında daha sıx birləşərək iqtisadi, mədəni və sosial inkişafda yeni uğurlara imza atdılar.
Bu il də muxtar respublikada ötən illər ərzində gərgin zəhmət hesabına yaradılmış güclü istehsal-iqtisadi və enerji potensialından səmərəli istifadə edilərək xeyli abadlıq və quruculuq işləri görüldü, yeni iqtisadi layihələr həyata keçirildi. Naxçıvanda əhalinin rifahının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, ixracın genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar da muxtar respublikada iqtisadi sahədə sabit artım tempinin qorunub saxlanılmasına imkan verdi, əhalinin bütün təbəqələrinin firavan yaşayışı təmin olundu. Doğma diyarımız üçün həyati əhəmiyyət daşıyan ərzaq və enerji təhlükəsizliyi məsələlərinin daha da möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin strateji valyuta ehtiyatlarının artırılmasına xidmət edən çoxşaxəli, ixracyönümlü iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən yeni layihələr Azərbaycanın bu qədim diyarının hərtərəfli inkişafında uğurlu bir il kimi yaddaşlara yazılacaq.
Naxçıvanda özəl sektorun inkişafı diqqətdə saxlanılır. Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi 2017-ci ildə də prioritet sahələr kimi öz əhəmiyyətini qorudu. Əhalinin aktiv məşğulluq səviyyəsinin artırılması, özünüməşğulluğun genişləndirilməsi, istehsal və sosial infrastruktur sahələrində aparılan yenilənmə və həyata keçirilən yeni iqtisadi layihələr sosial məsələlərin həllinə əsaslı töhfələr verdi. Cari ildə həyata keçirilmiş belə layihələr arasında sənaye, kənd təsərrüfatı və xidmət sahələri olmaqla, ümumilikdə, 38 iri layihənin əsası qoyulub. Sahibkarlığa Kömək Fondunun kredit vəsaitləri və özəl investisiya qoyuluşu hesabına yaradılan bu istehsal və xidmət sahələri regional inkişaf, çoxşaxəlilik, iqtisadi rentabellik və iş yerlərinin yaradılması prinsipləri baxımından diqqəti cəlb edir. Belə ki, bu müəssisələrdə, 600-dən çox sakin üçün yeni iş yerləri yaradılıb. Paytaxt Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikamızın, demək olar ki, bütün bölgələrində yaradılan istehsal və xidmət sahələri regional inkişaf üçün də mühüm əhəmiyyət daşıyır. Müəssisələrin profillərinə gəldikdə, burada sənaye sahəsi üzrə panel radiator və dam örtüyü istehsalı, meyvə, süd, duz və tütün emalı, habelə pivə doldurulması üçün şüşə tara, arsenli quru qalıq və mum vərəqi istehsalı sahələri diqqəti cəlb edir.
Muxtar respublika iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən sənaye sahəsi üzrə bu layihələr arasında ilk olaraq Naxçıvan şəhərində “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən yeni çeşiddə dam örtüyü istehsalı, alüminium radiatorların yığılması, boyama sahəsini, yenə Naxçıvan şəhərində “Cahan Holdinq” tərəfindən “Cahan Tabak” MMC yeni istehsal sahəsini və Şərur şəhərində fəaliyyət göstərən unlu-qənnadı məmulatları istehsalı və iaşə xidməti sahələrini göstərmək olar. Belə ki, bu müəssisələrdə, ümumilikdə, 175 nəfər üçün yeni iş yerləri yaradılıb. Özəl investisiya qoyuluşu və dövlət maliyyə dəstəyi ilə yaradılan bu müəssisələrdə istehsal olunan məhsullar regionun daxili bazarının tələbatını ödəməklə yanaşı, onların muxtar respublikamızdan kənara da göndərilməsi nəzərdə tutulub. Dövlət maliyyə dəstəyi ilə fəaliyyətə başlayan digər bir müəssisə Naxçıvan şəhəri, Əliabad qəsəbəsindəki “D-adlı qaymaq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xama istehsalı sahəsidir. Gün ərzində 5 ton süd emal edə bilmək gücündə olan bu müəssisədə 10 nəfər işlə təmin olunub. Hazırda burada istehsal olunan məhsullara tələbat böyükdür.
Kənd təsərrüfatı Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının prioritet sahələrindən biridir. Naxçıvanın yüksəkkeyfiyyətli yerli xammalına əsaslanan orqanik ərzaq məhsullarına hər yerdə tələbat böyükdür. Buna görə də Naxçıvanda ərzaq məhsullarının istehsalı və emalı üzrə təşkil olunan istehsal müəssisələri üçün bazar imkanları həmişə mövcuddur. Bu il muxtar respublikada kənd təsərrüfatı sahələri üzrə istifadəyə verilmiş müəssisələr arasında Naxçıvan şəhərində dövlət vəsaiti hesabına yaradılmış və 35 nəfərin işlə təmin olunduğu “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini, özəl investisiya qoyuluşu ilə Kəngərli rayonunda “Cahan Tabak” MMC tərəfindən yeni yaradılmış və 60 nəfərin işlə təmin olunduğu tütünyetişdirmə mərkəzini, dövlət maliyyə dəstəyi ilə Babək rayonunun Pircuvar massivində “Orqanik Məhsul Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 50 hektar sahədə bağçılıq və əkinçilik təsərrüfatını, habelə arıçılıq, bağçılıq, quşçuluq, iribuynuzlu və xırdabuynuzlu heyvan saxlanılması ilə məşğul olan xeyli sayda kiçik sahibkarlıq subyektlərini göstərmək mümkündür. Özəl investisiya qoyuluşu ilə fəaliyyətə başlayan Babək rayonunun Nehrəm kəndində fiziki şəxs Ənvər Əliyev tərəfindən bağçılıq təsərrüfatındakı 100 hektar üzüm və 20 hektar alma bağına qulluq etmək üçün 130 nəfər işə cəlb olunub. Bu da əhali məşğulluğunda çox əhəmiyyətlidir.
Muxtar respublikamızda əhaliyə göstərilən xidmətlərin çeşidi və keyfiyyəti günü-gündən artırılır. İnsanlara müasir tələblərə uyğun rahat və sürətli xidmətlərin təqdim edilməsi üçün ticarət və iaşə xidmətlərinin göstərilməsi bu baxımdan rəğbətlə qarşılanır. Yola salacağımız il, həm də bu mənada, əlamətdar olub. Belə ki, özəl investisiya qoyuluşu ilə fəaliyyətə başlayan iri xidmət obyektlərindən Naxçıvan şəhərindəki “Danyeri” iaşə, ticarət xidməti və dondurma istehsalı sahəsi və “Cahan Holdinq” tərəfindən yaradılmış tikinti materiallarının topdansatış mərkəzində, ümumilikdə, 100 nəfərdən çox insan işlə təmin olunub.
Muxtar respublika iqtisadiyyatında əldə olunan uğurlar burada yaşayan insanların doğma torpağa bağlılığının, qurub-yaratmaq əzminin nəticəsidir. Naxçıvanlılar bu torpağın sərvətlərindən və dövlətimizin onlara hərtərəfli qayğısından bəhrələnərək, dünən reallaşması çətin görünən layihələri bu gün qətiyyətlə həyata keçirirlər. Heç şübhəsiz, qazanılan uğurların əsas səbəblərindən biri də sahibkarlara göstərilən yüksək dövlət qayğısıdır.
Əli CABBAROV