İqtisadi inkişafın başlıca şərtlərindən biri olan müasir yol infrastrukturunun yaradılması muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yenilənməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına öz töhfəsini verib. Qonşu ölkələrlə iqtisadi əlaqələrin daha da genişləndirilməsində, beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yolların yenidən qurulması istiqamətində son illər genişmiqyaslı tədbirlər həyata keçirilib. Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları əsaslı təmir olunub. Ötən müddət ərzində ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, Çeşməbasar-Boyəhməd, Hacıvar-Vayxır-Sirab, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi və Düylün-Çənnəb-Üstüpü-Məzrə avtomobil yolları yenidən qurularaq istismara verilib.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan yol istismar idarələrinin kollektivləri ötən il Şərur rayonunun Aşağı Aralıq, Ordubad rayonunun Sabirdizə, Culfa rayonunun Dizə, Kəngərli rayonunun Qarabağlar, Babək rayonunun Payız, Şıxmahmud, Gərməçataq və Şıxmahmud-Xəlilli kəndlərini Naxçıvan şəhəri ilə birləşdirən avtomobil yolunda, Uzunoba çimərliyi ətrafında, Naxçıvan-Şahbuz magistralında, Sədərək Rayon Mədəniyyət Evi istiqamətindəki avtomobil yolunda müxtəlif təyinatlı əsaslı təmir işləri aparıblar. Həmçinin adıçəkilən rayonların hər birinin daxili yolları da nəzarətdə saxlanılıb, ehtiyac olan hissələrdə lazımi işlər görülüb. Artan tələbata uyğun olaraq yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorundan səmərəli istifadənin nəticəsi olaraq 2017-ci ildə muxtar respublikamızda 70 kilometrlik yeni asfalt yollar salınıb, 12 körpü tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Kəndlərin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olub.
Xəbərlər şöbəsi