“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində ötən il muxtar respublikanın şəhər və rayonlarında bir sıra işlər görülüb. Belə ki, Naxçıvan şəhərindəki çirkab sutəmizləyici qurğuda quraşdırma işləri başa çatdırılıb.
Bu layihə əsasında muxtar respublikanın rayonlarında da müxtəlif tədbirlər görülüb. Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 34,51 kilometr kanalizasiya xətti, 37,27 kilometr içməli su xətti çəkilib. Görülən işlər nəticəsində 4230 sakin içməli su və kanalizasiya ilə təmin olunub.
Şərur rayonunda da bu istiqamətdə tədbirlər davam etdirilib. Belə ki, tutumu 7500 kubmetr olan 1 ədəd və hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı izolyasiya olunub, ətrafı doldurulub və siyirtmə quyuları quraşdırılıb. Müxtəlif diametrli borularla 26,6 kilometr kanalizasiya xətti çəkilib, 1500 ev kanalizasiya şəbəkəsinə qoşulub. Bununla da Şərur rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində həyata keçirilən layihənin birinci mərhələsi başa çatıb.
Şahbuz rayonunda Şahbuz şəhər çirkab sutəmizləyici qurğunun ətrafında 220 metr istinad divarı tikilib, hovuz ətrafında 180 metr drenaj xətti çəkilib, hovuzların dəmir-beton işləri başa çatdırılıb. Ordubad rayonunda isə su anbarları izolyasiya olunub, ətrafı doldurulub, siyirtmə quyuları və nasos binası tikilib. 18 ədəd subartezian quyusu qazılıb.
Analoji tədbirlər muxtar respublikanın digər rayonlarında da həyata keçirilib.
Xəbərlər şöbəsi