23 Dekabr 2024, Bazar ertəsi

Artıq 2017-ci ilin sonuna yaxınlaşırıq. Əvvəlki illərdə olduğu kimi, cari ildə də muxtar respublika iqtisadiyyatında hərtərəfli inkişafın təmin edilməsi davam etdirilib. Bu il Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın müxtəlif sahələri üçün uğurlu olub. Kənd təsərrüfatı sahəsində isə daha çox müsbət dəyişikliklərin baş verməsi diqqət çəkir. Bunu necə xarakterizə etmək olar?

Əvvəlcə onu qeyd edək ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi dövlətimizin ­pri­o­­ritet qəbul etdiyi strateji istiqamətlərdəndir. Bu sahədə müxtəlif dövlət proqramlarının qəbul edilməsi, sahibkarlar, xüsusilə torpaq mülkiyyətçiləri ilə keçirilən görüşlər, dövlət tərəfindən bu sahə ilə məşğul olanlara hərtərəfli yardımların göstərilməsi ölkəmizdə, eləcə də muxtar respublikamızda aqrar bölmənin inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan vermişdir. Diqqət ediləsi məqamlardan biri odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab ­İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin müxtəlif dövrlərini əhatə edən sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında kənd təsərrüfatının inkişafı ilə bağlı səsləndirilən fikirlərin, qarşıya qoyulan hədəflərin vacibliyi dəfələrlə vurğulanmış, bu sahənin gələcək inkişafı daha çox müzakirə predmetinə çevrilmişdir. Eyni zamanda ölkə başçısının regionlara səfəri zamanı qeyri­-neft sektorunun inkişafının təmin edilməsini hər görüşdə səsləndirməsi, əlavə olaraq, dünya bazarına çıxarılacaq müxtəlif kənd təsərrüfatı məhsullarının təşviqi ilə bağlı söylədiyi fikirlər, sözün həqiqi mənasında, ­ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafına yeni yanaşmanı ortaya qoymuşdur. Təkcə onu vurğulamaq lazımdır ki, ölkə başçısının da dediyi kimi, bu il Azərbaycana kənd təsərrüfatı texnikalarının gətirilməsi sayına görə lider il olacaq. Yalnız bu il üçün ölkəmizə gətirilməsi əvvəlcədən müəyyən olunmuş kənd təsərrüfatı texnikalarının sayı 10 min ədəddir.

Bu gün muxtar respublikamızda da analoji sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Cari ildə muxtar respublikada kənd təsərrüfatının vacib istiqamətləri üzrə həyata keçirilən tədbirlərin həcmi o qədər çoxşaxəlidir ki, bu tədbirlərin hər biri haqqında bir yazıda ayrılıqda bəhs etmək mümkün deyil. Buna görə də bu haqda fikirlərimizi ümumi olaraq oxucularımıza çatdırmağa çalışacağıq.
2017-ci ildə muxtar respublikamızda kənd təsərrüfatının inkişafı sahəsində atılan ən əhəmiyyətli addım “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli Qanununun tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı oldu. Bu qanun müstəqillik dövrü tarixində Naxçıvanın ənənəvi kənd təsərrüfatı bitkilərini məhv olmaq təhlükəsindən xilas edən, yerli bitki növlərinin sort təmizliyini qoruyacaq ən mühüm dövlət sənədidir.
Məlumat üçün qeyd edək ki, hər bir ölkənin toxum ehtiyatı həmin ­ölkənin ərzaq ehtiyatı ilə bərabər səviyyədə tutulur və strateji xarakter daşıyır. Muxtar respublikada ilk dəfə olaraq qəbul edilən bu qanun toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi əsaslarını müəyyən edir və əkinçilikdə mühüm qərarların verilməsində əsas baza rolunu oynayır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkar­lara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin edilir. Bundan əlavə, istehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım verilməsi təmin olunur.
Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda muxtar respublika sahibkarlarının müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu vardır. ­Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar­ Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” ­­­ASC-nin xətti ilə 1978 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 1688 ədədi nağd hesablaşma və lizinq yolu ilə sahibkar­lara satılmışdır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 1 noyabr 2017-ci il tarixə olan məlumatına görə, alınmış texnika və aqreqatların 143 ədədi cari ilin 9 ayında gətirilib.
Muxtar respublikada, demək olar ki, hər il torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması tədbirlərinin şahidi oluruq. Bu da yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, 2016-cı ildə Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilib. Bu il isə Kəngərli rayonunun Böyükdüz kəndini əhatə edən yeni suvarma şəbəkəsinin açılışı olub ki, bu suvarma sisteminin qurulması nəticəsində 407 hektar torpaq sahəsində suvarma işləri yaxşılaşdırılıb.
Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhali tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması davam etdirilir. Son illərdə ixrac qabiliyyəti yüksək olan meyvə növlərinin yetişdirilməsi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə mühüm işlər görülüb. Belə ki, Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində 100 hektara yaxın püstə bağı salınıb. Cari ildə isə adıçəkilən rayonun Xok kəndinin ərazisində 15 hektardan artıq yeni badam bağı salınıb. Bu qiymətli bitkinin dünya bazarında tutduğu yer, xüsusilə fərqlidir. Ona görə də yüksək ixrac potensialına malik badam haqqında bəzi məlumatları oxucularımızla bölüşmək maraqlı olar.
Qeyd edək ki, hələ keçmiş zamanlardan Naxçıvanda bu ağacın yetişdirilməsi diqqət mərkəzində olub. Ölkəmizin digər bölgələrindən isə əsasən, Abşeron yarımadası, ­Gəncə-Qazax və Şirvan zonasında badam bağlarına rast gəlmək olar. Hazırda Azərbaycanda badam istehsalının 83 faizi Naxçıvan Muxtar Respublikasının payına düşür. Dünya ölkələrinə gəldikdə isə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən badam bağlarının ümumi sahəsinə görə Avropa İttifaqı ABŞ və Avstraliyanı qabaqlasa da, məhsul istehsalında lider Amerika Birləşmiş Ştatlarıdır. Belə ki, dünyada badam istehsalının 83 faizi də­ ABŞ-ın payına düşür. Daha böyük ərazidə əkilməsinə baxmayaraq, istehsal olunan məhsula görə ABŞ-ın Avropa İttifaqı ölkələrini kəskin qabaqlaması məhsuldarlığın yüksək olması ilə əlaqədardır. Hazırda bu sahədə hər hektarda orta məhsuldarlığa görə ilk yerdə ABŞ dayanır. Sonrakı yerləri Avstraliya və Türkiyə tutur. Bundan əlavə, onu da qeyd edək ki, dünyada badam yeyinti məhsulu olmaqla yanaşı, həmçinin tibb və ətriyyat sənayelərinin də əvəz­olunmaz xammalıdır. Eyni zamanda bu meyvənin qabıq və oduncağından da müxtəlif sənaye sahələrində geniş istifadə edilir. Buna görə də ölkəmizdə badamçılığın inkişafı bu məhsul üzrə idxaldan asılı­lığı azaltmaqla yanaşı, ixrac imkanları da yarada, xeyli miqdarda valyuta gətirə bilər. Bu baxımdan dövlətimizin başçısının badam emalı zavodunun tikintisi ilə bağlı tapşırığı da təsadüfi deyil. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məsələyə toxunan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ­ölkəmizdə 500 hektar ərazidə yeni badam bağlarının salınmasının nəzərdə tutulduğunu, bunun ilkin mərhələ üçün yaxşı göstərici olduğunu bəyan etmişdir: “Nəzərə alsaq ki, bizdə cəmi 1000 hektar badam bağları var, onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasında­dır, 500 hektar birinci mərhələdə yaxşı göstəricidir”.
Muxtar respublikamızda cari ildə həyata keçirilən mühüm tədbirlərdən biri də regionun ənənəvi kənd təsərrüfatı bitkilərindən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlıdır. Tütün iqtisadi əhəmiyyətinə görə ölkəmizdə pambıqdan sonra ikinci texniki bitki hesab olunur. Keçmiş SSRİ dövründə Azərbaycanda geniş təşəkkül tapmış və ölkənin kənd təsərrüfatı sahəsində əhəmiyyətli yerə malik olmuş aqrar sahələrdən biri tütünçülük idi. Respublika tütün istehsalına görə Moldova və Ukraynadan sonra 3-cü yeri tuturdu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülük çox sürətlə inkişaf etdirilmiş, bu sahənin böyük sənaye potensialı yaradılmışdır. Mütəxəssislərə görə, ölkəmizdə ən keyfiyyətli məhsul Şəki-Zaqatala bölgəsində və Naxçıvan Muxtar ­Respublikasında əldə olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikasında da bu gəlirli sahənin inkişafı üçün mühüm addımlar atılır. Bu məqsədlə cari ildə Kəngərli rayonunun Təzəkənd və Xıncab ­kəndlərində təcrübə məqsədilə tütün əkini aparılıb. “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən rayonun bu yaşayış məntəqələrinin ərazilərində əkin keçirilib. Əkin sahələrində, əsasən, Virciniya, Oriental və İzmir tütün sortlarından istifadə olunub. Eyni zamanda burada Tütün Yetişdirmə Təsərrüfatı fəaliyyətə başlayıb. Təsərrüfatın ərazisində istixanalar, yeraltı su anbarı, tütünqurutma yeri və anbarlar yaradılıb. Təcrübə məqsədilə rayonda əkilmiş tütün sortlarından gələcək illərdə muxtar respublikanın digər bölgələrində də istifadə olunacağı gözlənilir. Bu məlumatları bölüşməkdə məqsədimiz ondan ibarətdir ki, muxtar respublikada aqrar sahədə həyata keçirilən hər bir tədbir uzunmüddətli perspektivə hesablanmış kompleks xarakter daşıyır.
Digər tərəfdən, son illərdə əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində daxili bazarın tələbatının ödənilməsinə imkan verir.
Kənd təsərrüfatının inkişafından söz düşmüşkən onu da vurğulamaq lazımdır ki, indiyədək muxtar respublikada bu sahənin inkişafı üçün bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunub. Təkcə onu qeyd etmək yerinə düşər ki, hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018­-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” birbaşa və yaxud əsas etibarilə muxtar respublikada kənd təsərrüfatının inkişafını nəzərdə tutur. Bundan əlavə, son illərdə muxtar respublikamızın paytaxt şəhəri Naxçıvanda müxtəlif festivalların təşkili ənənə halını alıb. Bu festivalların da, əsasən, kənd təsərrüfatı yönümlü olması bu sahənin təşviqinə göstərilən böyük diqqətin nəticəsi kimi qiymətləndirilməlidir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada 388 milyon 627 min 400 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 4 faiz üstələyib. Bu, həm də onun göstəricisidir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı davamlı xarakter daşıyır və bu sahədə yaradılmış potensial baza növbəti illərdə daha mühüm nailiyyətlərin qazanılmasına öz töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR