23 Dekabr 2024, Bazar ertəsi

Dayanıqlı enerji təminatı cəmiyyət həyatının ümumi iqtisadi və mədəni inkişaf məsələlərində həmişə aktual mövzudur. Bununla yanaşı, muxtar respublikamızın blokadada olması ilə bu problemin həlli daha həyati əhəmiyyət kəsb edib, lakin vaxtında və operativ həyata keçirilən tədbirlər nəticəsində yaranmış çətinliklər heç vaxt kəskinləşməyib. Artıq Naxçıvan Muxtar Respublikası alternativ mənbələr hesabına özünün enerji təhlükəsizliyini tam təmin edir. Bununla yanaşı, qonşu ölkələrlə də enerji mübadiləsi aparır. 

Muxtar respublikamızın bütün yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı sahələrinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatı sahəsində görülmüş işlərin xeyli hissəsi alternativ və bərpaolunan enerji mənbələri hesabına həyata keçirilir. Bu, eyni zamanda elektrik enerjisinin istehsalı, yüksək texniki göstəricilərə və qənaətcilliyə malik səmərəli enerji nəqli infra­strukturunun yaradılması və enerji satışının müasir tələblər səviyyəsində qurulması ilə xarakterizə olunur. Son illərdə enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının hidroenerji və Günəş enerjisi potensialından istifadəni özündə ehtiva edən stansiyaların yaradılması bu sahədə nümunə sayılan layihələr kimi regionun investisiya cazibədarlığına da mühüm təsir edib.

2017-ci il də enerji təsərrüfatı üçün uğurlu olub. Belə ki, ötən il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlifgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib.
Hazırda muxtar respublikada 8 elektrik stansiyası fəaliyyət göstərir. Bunların ümumi gücü hesabına ötən il muxtar respublikanın elektrik şəbəkələrinə 474 milyon 323 min 355 kilovat-saat elektrik enerjisi daxil olub. Enerji təsərrüfatında həyata keçirilmiş tədbirlər arasında ilk olaraq 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının layihə gücünün daha 2 meqavat artırılması, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati idarə binasının və 35/10 kilovoltluq yeni “Şahbuz” ikitransformatorlu 12 min 600 kilovat güclü transformator yarımstansiyasının istismara verilməsi diqqəti cəlb edir. Bunlardan başqa, ötən il Araz SES-də 2 nömrəli hidro­aqreqatda əsaslı təmir işləri aparılıb və 132/110 kilovoltluq “Araz” yarımstansiyasında yenidənqurma işləri başa çatdırılıb. 2017-ci il ərzində muxtar respublikanın şəhər və kənd­lərində 1 ədəd 35/10 kilovoltluq və 20 ədəd 10/04 kilovoltluq yeni transformator yarımstansiyaları quraşdırılıb, 100-dən çox sayda transformator yarımstansiyaları təmir olunub, minlərlə metr uzunluğunda müxtəlifgərginlikli yeni elektrik verilişi xətləri çəkilib.
Muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunsa da, yeni elektrik stansiyalarının tikintisi davam etdirilir. Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işlərinin davam etdirilməsi və Culfa rayonunda gələcəkdə külək elektrik stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğularının quraşdırılması bu istiqamətdə görülən tədbirlərdəndir.
Enerji infrastrukturunun səmərəli işləməsi üçün tələb olunan şərtlərdən biri də satılan enerjinin dəyərinin ödənilməsi, eyni zamanda israfçılığa və sui-istifadə hallarına yol verilmə­məsidir. Bu məqsədlə muxtar respublikada bütün istehlakçıların istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub və enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Naxçıvan şəhərində abonent­lərin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Son bir il ərzində 6019 ədəd belə sayğac quraşdırılaraq bu tip sayğacların sayı 20 min 765-ə çatdırılıb. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.
Kəsintisiz enerji təminatı hər bir ölkə üçün çox əhəmiyyətlidir. Buna görə də ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi sahəsində son illərdə görülən uğurlu işlərə ulu öndər Heydər Əliyevin memarı olduğu milli təhlükəsizlik arxitekturasının davamı kimi baxmaq mümkündür. Konkret olaraq, muxtar respublikamızın daxili enerji resursları ilə özünü tam təmin etməsi və hətta ixrac qabiliyyəti səviyyəsinə gəlib çatması bunun təsdiqidir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR