Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikamıza tərəqqi, əhaliyə firavanlıq və yüksək rifah bəxş etmişdir. Davamlı inkişafın təmin olunmasında muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası da mühüm rol oynamış, yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlamış, məşğulluq səviyyəsi yüksəldilmişdir.
İqtisadi və sosial sahələrdə qeydə alınmış dinamik inkişaf makroiqtisadi göstəricilərin davamlı artımını təmin etmiş, 2007-ci illə müqayisədə 2017-ci ildə ümumi daxili məhsul istehsalı 5 dəfə, sənaye məhsulu 7,9 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 4,5 dəfə, kənd təsərrüfatı məhsulu 3,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2 dəfə, informasiya və rabitə xidmətləri 3,1 dəfə, pərakəndə əmtəə dövriyyəsi 6,4 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 4,7 dəfə artmışdır.
Əhali məşğulluğunun təmin olunması üzrə təkcə 2007-ci ildən 1 yanvar 2018-ci il tarixədək muxtar respublikada 46 min 717 yeni iş yeri açılmışdır. Bunun da 84,7 faizi daimi iş yerləridir. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq bu gün rəsmi işsiz statusu alan şəxs qeydə alınmamış, məşğul əhalinin sayı 2007-ci ilin sonu ilə müqayisədə 1,3 dəfə artaraq 235,5 min nəfərə çatmışdır.
Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin etmiş, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 416 manatı ötmüşdür. 2007-ci ildə bu göstərici 153,9 manat səviyyəsində olmuşdur.
Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, səmərəli məşğulluğun təmin edilməsi əhalinin rifah halını yaxşılaşdırmış, alıcılıq qabiliyyətini yüksəltmişdir. Bunun nəticəsi olaraq 2017-ci ildə muxtar respublikanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2007-ci illə müqayisədə 6,3 dəfə artaraq 1 milyard 596 milyon manatı ötmüşdür. İstehlak malları üzrə satışın 9,2 faizi ticarət təşkilatlarının, 19,6 faizi kənd təsərrüfatı məhsulları bazarlarının, 17,2 faizi ərzaq, qeyri-ərzaq və qarışıq mallar satışı ilə məşğul olan yarmarkaların və 54 faizi fiziki şəxslərin payına düşmüşdür. Satılmış məhsulların 50,5 faizini ərzaq, 49,5 faizini isə qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Bütün sahələrdə əldə olunmuş uğurlarda, ümumilikdə, muxtar respublikanın intibah dövrünün yaşamasında müstəsna xidmətləri olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri görülən işləri yüksək qiymətləndirərək demişdir: “Muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Qarşıdakı dövrdə əldə olunan nailiyyətləri daha da artırmalı, səylə çalışmalıyıq”.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti