Muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası torpaq mülkiyyətçiləri üçün əlavə imkanlar açıb.
Sahibkarlar fərdi təsərrüfatlarında yeni meyvə bağları salır, əldə etdikləri məhsulları bazar-dükanlara çıxarır, zəhmətlərinin qarşılığını görürlər. Babək rayonunun Qahab kəndinin sakinləri də pay torpaqlarında yeni meyvə bağları salıblar. Həmin bağlarda fındıq və heyva tingləri əkilib.
Kənd məktəbinin müəllimi Allahverdi Məmmədov asudə vaxtını yeni saldığı bağda keçirir. 4 il bundan öncə özünün pay torpağında alma, gilas, göycə və digər meyvə sortlarından ibarət bağ salıb. Artıq zəhmətinin bəhrəsini görür. Sahibkar bu mövsümdə bazar-dükanlara yaxşı məhsul çıxarıb. Bir hektardan artıq sahəni əhatə edən bağda tinglərin bəziləri ölkəmizin digər bölgələrindən – Tərtər, İsmayıllı və Qəbələdən gətirilib. Sahibkarın sözlərinə görə, meyvə bağlarının sahəsinin genişləndirilməsi mühüm iqtisadi əhəmiyyətə malikdir. Belə ki, təsərrüfatlar genişləndikcə meyvəçilik də inkişaf edir və bununla da, daxili bazarda keyfiyyətli yerli məhsulların həcmi artır.
Allahverdi müəllim bu ilin payız əkinləri zamanı fındıq tinglərindən ibarət daha bir bağ salıb. Tingləri, əsasən, Quba rayonundan gətirən sahibkar deyir ki, balaca fidanlar 5-6 ilə məhsul verəcək.
Qahablı Mənsum Həsənov da torpaq mülkiyyətçilərinə yaradılan şəraitdən faydalanıb. 3 il əvvəl ərik bağı salan müsahibimiz bu il təsərrüfatını genişləndirərək 800 heyva, 400 ərik və 35 cəviz tingi əkib. Yerli sortlara daha çox üstünlük verən Mənsum Həsənov bunun üçün rayonun Qaraqala kəndindəki tingçilik təsərrüfatına tez-tez üz tutur, bağına aqrotexniki qulluq göstərir.
Muxtar RZAZADƏ