Muxtar respublikamızda başlıca məqsədi insan amilinə xidmət edən quruculuq işləri sakinlərin rahatlığına, rifah halının yaxşılaşmasına səbəb olub. Dağlıq ərazidə yerləşən Şahbuz rayonunun qəsəbə və kənd sakinləri də bu rifahdan pay alanlar sırasındadır.
Rayonun geniş quruculuq işlərindən bəhrələnən yaşayış məntəqələrindən biri də Badamlı qəsəbəsidir. Burada son illər müasir məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa olunub, 6 yaşayış binası əsaslı təmir edilib, qəsəbənin yollarına başdan-başa asfalt örtük salınıb. Hazırda isə mineral su yataqları ilə dillər əzbəri olan qəsəbədə, ümumilikdə, muxtar respublikamızın iqtisadiyyatına xeyli gəlir gətirəcək “Badamlı” zavodu tikilir. Tikintini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir.
Görülən işlər barədə danışan iş icraçısı Rauf Məmmədov dedi ki, tikintinin ümumi ərazisi 15 min kvadratmetrdən artıq sahəni əhatə edir. Zavod binası bu ərazinin 9 min 754 kvadratmetrində inşa olunur. Bunu muxtar respublikada tikilən ən böyük obyektlərdən biri hesab etmək olar.
Qazanxana, yeməkxana, yataqxana, mətbəx və laboratoriyanın fəaliyyət göstərəcəyi zavod binasına paralel korpusda hörgü işləri başa çatdırılıb. Zavodun inzibati binasının təməl yerinin hamarlanması üçün bura beton qatı verilib. Binanın arxa hissəsində hündürlüyü 5, uzunluğu 180 metr olan istinad divarının tikintisi başa çatdırılıb.
İş icraçısı onu da bildirdi ki, yaxın günlərdə binanın həyətyanı ərazisində abadlıq işlərinə başlanılacaq.
Xəbərlər şöbəsi