Bu gün muxtar respublikamızda sahibkarlığın inkişafı, əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunması diqqətdə olan məsələlərdəndir. Yüksək qayğı sahibkarlıqla məşğul olanların sayını gündən-günə artırır. Belə insanlardan biri – Şəmsi Əsgərov haqqında eşitmişdim.
Onun torpağa bağlı yaxşı taxılçı, zəhmətkeş insan, dolanışığını yalnız torpaqla təmin edən ailə başçısı olduğunu bilirdim. Onunla daha yaxından tanış olmaq üçün Şahbuz rayonunun Badamlı kəndinə yollandım. Kəndə çatdım, Şəmsini xəbər aldım. Dedilər ki, kənddə deyil, Cəhriyə dəyirmana gedib. Gözlədim, gəldi. Elə söhbətimizə dəyirmandan başladıq. Şəmsi dedi ki, ildə bir neçə dəfə dəyirmana taxıl aparır, evinin çörəyini zəhmətinin bəhrəsi ilə təmin edir.
...Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə torpaqların sahiblərinə verilməsi bütün kənd adamlarının həyatında dönüş yaratdı. O zaman gənc olan Şəmsi atasının “Torpaq adamı ac qoymaz” tövsiyəsindən nəticə çıxarır və həmin vaxtdan torpağı özünə iş yeri seçir. Əvvəllər pay torpaqlarını əkib-becərməkdə atasına kömək edir, əsgəri xidmətdən sonra seçiminə sadiqliyini nümayiş etdirərək çörəyini torpaqdan çıxarmağa başlayır. Özünə fərdi təsərrüfat yaradır, mal-heyvan, arı, toyuq-cücə saxlayır. Həyətində tərəvəz məhsulları, pay torpağında isə buğda və arpa əkməklə ailəsinin dolanışığını təmin edir, toyuq-cücənin dənini, inəyin kəpəyini özü istehsal edir. Beləliklə, Şəmsinin fərdi təsərrüfatı ildən-ilə genişlənir. “Mən torpaqdan bir dəqiqə də kənar qala bilmərəm. Mənə nə veribsə, torpaq verib”, – deyə fikirləşən Şəmsi ona təmasını daha da artırmaq üçün 2013-cü ildə güzəştli şərtlərlə uzunmüddətli kredit götürüb 2 traktor, 2 kotan, 1 presvuran, 1 toxumsəpən, 1 gübrəsəpən texnika alır, həm kənddə taxıl əkən insanların texnika sarıdan ehtiyaclarını ödəyir, həm də əkin sahələrini genişləndirməklə əsl taxılçıya çevrilir. Şəmsi həm də çətinliklərə sinə gərən, ağır işdən qorxmayan bir insandır. O, çoxlarının əkməyə ehtiyat etdiyi dəmyə sahələrdə taxıl əkir. Zəhmətə boyun əyən taxılçı ötən il 40 hektar dəmyə sahədə taxıl əkib, 30 tondan çox məhsul istehsal edib. Məhsulunun 9-10 tonunu toxum üçün ayırıb. Bu ilin məhsulu üçün ötən ilin payızında 35 hektar sahədə əkin keçirib, 7-8 hektarda isə yazlıq əkin keçirməyi nəzərdə tutub. Fərdi təsərrüfatından gələn gəlir və taxılın müəyyən qədər satışı hesabına 2017-ci ilə olan kredit borcunu ödəyib. Daha çox və keyfiyyətli məhsul əldə etmək üçün 1 şırımaçan və 1 dərmanvuran texnika alıb.
Şəmsi ilə söhbətim zamanı belə bir qənaətə gəldim və fikrimi ona da bildirdim: “Belə çıxır ki, siz mağazadan çox az sayda ərzaq məhsulu alırsınız”. Etiraf etdi ki, bəli. Çünki o, fərdi təsərrüfatında hazırda 6 inək, 40-dək qoyun və keçi, 50-60 toyuq saxlayır. Ötən il 3 ton kartof istehsal edib. Digər tərəvəz məhsullarını da əkməklə ailəsinin tələbatını ödəyir. Həyətində 50 badam ağacı var ki, son mövsümdə onlardan 200 kiloqram məhsul götürüb. Ağ, qara, qırmızı kişmişi üzüm sortlarından ibarət 15 cərgə üzümü var. Bazara vaxtaşırı keçi pendiri, qatıq, toyuq, yumurta, kartof, badam çıxarır. Bəs bu qədər işi necə çatdırırsınız? – deyə soruşanda, o, həyat yoldaşının adını çəkdi. Bu işləri onunla birlikdə gördüyünü, həqiqətən, çox zəhmət çəkdiklərini qeyd etdi. Taxıl əkinini isə Şəmsi qardaşı oğlu Nuranla birlikdə həyata keçirir. İki il bundan əvvələ qədər təsərrüfatçı böyük qardaşı Gülağa ilə birlikdə ata ocağında yaşayırmış. O vaxt fərdi təsərrüfatında 15 inək saxlayırmış. Onlardan bir neçəsini satıb özünə kənddə ev alıb. Soruşanda ki, bəs ata-babadan ata ocağında kiçik oğul qalar, sən niyə ayrıldın? Cavab verdi ki, qardaşım bizim böyüyümüzdür, ata ocağına da elə onun böyüklük etməsini istədim. Şəmsi ata evində yaşadığı vaxt öz övladları kiçik olduqları üçün qardaşının oğluna təsərrüfat işlərini sevdirməyi bacarıb, ona da torpağa bağlılıq aşılayıb.
Şəmsi ilə yaxından tanışlıqdan sonra onu həm zəhmətkeş, torpağı canı qədər sevən bir əmək adamı, həm də səmimi, qürurlu, alicənab bir insan kimi tanıdım. Torpağa, ailəsinə, yaxınlarına da qayğı bəsləyən Şəmsinin bir qızı, bir oğlu var. Kənddəki orta məktəbdə təhsil alırlar. O, övladlarına da torpağı sevdirir, lakin təhsil almalarına daha ciddi yanaşır.
Şəmsi dövlət qayğısından çox razılıq edərək deyir ki, torpaqlarımızın sahibiyik, uzunmüddətli kredit götürürük, əkinə görə hər hektar üçün 50, biçin üçün isə hər hektara 40 manat alırıq, əkinçiyə məhsuldarlığın yüksək olması üçün gübrə verilir, məhsulumuzu bazara çıxara bilirik, bizə daha nə lazımdır ki? Dövlət qayğısını dəyərləndirmək və torpağa qırılmaz tellərlə bağlanmaq. Torpağa tər verənə o, bar-bərəkət verər.
Mətanət MƏMMƏDOVA