Elektrik enerjisindən səmərəli istifadə olunması Şərur rayonunda da diqqət mərkəzində saxlanılır. Enerji itkisinin qarşısını almaq üçün ötən il rayonda 50,6 kilometr uzunluğunda müxtəlif gücə malik hava xətti əsaslı təmir edilib. Əlavə olaraq 5,5 kilometr uzunluğunda yeni və 1,650 metr uzunluğunda yeraltı kabel çəkilib, 391 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunub.
Hazırda rayon üzrə elektrik enerjisindən istifadə edən abonentlərin sayı 12 min 554 nəfərdir. Ötən il 505 mənzildə yeni sayğac quraşdırılıb, 838 ədəd sıradan çıxmış sayğac yenisi ilə əvəz edilib.
Rayonda uzun müddətdir, fəaliyyətini dayandıran transformatorların təmiri sexinin işi də bərpa edilib. Bu sahə üzrə təcrübəsi olan təmirçilər işə qəbul edilib, burada yeni avadanlıqlar quraşdırılıb, kifayət qədər ehtiyat hissə tədarük olunub. Əsaslı şəkildə təmir olunmuş binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb, onlara xüsusi geyimlər verilib. Sex vaxtaşırı təmir avadanlıqları, lazım olan sarğı materialları, transformator yağı və ehtiyat hissələri ilə təmin olunur. Müəyyən hissələri sıradan çıxmış transformatorlar bərpa olunmaq üçün artıq digər ünvanlara göndərilmir, rayonda fəaliyyət göstərən sexdə əsaslı, yaxud cari təmir edilir. Burada 63, 100, 160, 250, 400, 630 kilovat gücündə olan transformatorların təmiri işi görülür. İşin səmərəliliyini artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün texniki imkanlar mövcuddur. Sex fəaliyyətə başlayandan yaşayış məntəqələrini, istehsal və qeyri-istehsal sahələrini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 26 ədəd transformatorda əsaslı, 70 ədəd transformatorda cari təmir işi aparılıb, müxtəlif yerlərdə 3 ədəd transformator quraşdırılıb.
Onu da qeyd edək ki, ötən il rayonda 74 milyon 290 min 154 kilovat-saat elektrik enerjisi sərf edilib, 2 milyon 431 min 28 manat həcmində enerji pulu toplanılıb. İsrafçılığa yol verilməməsi və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının tam alınması məqsədilə yoxlamalar davam etdirilir. Aparılan tədbirlərin nəticəsidir ki, bütün yaşayış məntəqələri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilir.
Mehman MƏMMƏDOV