Müasir dövrdə insan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, doğum, ömür uzunluğu, yaşlaşma və digər məsələləri özündə cəmləşdirir. Bu inkişafın əsas meyarlarından biri layiqli yaşayış standartlarının göstəricisidir. Sosial-iqtisadi inkişaf nəticəsində əldə olunmuş əhalinin rifah səviyyəsi əmək potensiallarından səmərəli istifadə edilməklə məşğulluq səviyyəsi, işləyənlərin məhsuldarlığı, əhalinin gəlirləri, iş şəraiti və digər amillər, həmçinin ölkənin hər bir vətəndaşının ehtiyaclarını nəzərə almaqla dövlətin gəlirlərinin bölüşdürülməsi sisteminin səmərəliliyi ilə müəyyən olunur. Hazırda dünyada müşahidə edilən əhalinin sürətli artımı ətraf mühitə təsirin kəskin artması və insanların tələbatlarının çoxalması ilə ifadə olunur ki, bu da yoxsulluğun, iqtisadi geriliyin və ictimai qeyri-stabilliyin artmasına təsir göstərir. Eyni zamanda inkişaf etmiş ölkələrdə əhali sayının azalması və dünyada gedən yaşlaşma proseslərinin sürətlənməsi əmək resurslarının və davamlı inkişafda mühüm rol oynayan gələcək nəsillərin sayının azalması ilə nəticələnir.
Qeyd edək ki, insanların iqtisadi ehtiyacları və davranışı həyatın müxtəlif mərhələlərində fərqlənir və əhalinin yaş-cins strukturunda baş verən dəyişikliklər ölkənin ümumi iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məsələn, gənc nəsil daha çox təhsil sahələrinə investisiyaları tələb edir, orta yaşda olan əhali qrupu məşğulluq sahələrinin aktiv iştirakçısıdır, yaşlı nəslin isə tibbi xidmətə və sosial təminata ehtiyacı vardır. Buna görə də gənc nəslin və uşaqların payı çox olan ölkələrdə iqtisadi inkişafın artım templəri daha çox müşahidə olunur.
Vurğulamaq lazımdır ki, ötən əsrin 90-cı illərində ölkəmizdəki məlum ictimai-siyasi durum həyatın bütün sahələrinə öz mənfi təsirini göstərmişdi. Bu təsirin fəsadları blokada vəziyyətinə salınmış Naxçıvan Muxtar Respublikasında daha çox hiss edilirdi. Müxtəlif sahələrin, sözün əsl mənasında, iflic vəziyyətinə düşməsi, təbii olaraq, muxtar respublikanın demoqrafik xəritəsində də mənfi dəyişikliklərə səbəb olmuşdu. Ancaq ötən müddət ərzində regionda həyata keçirilən mühüm tədbirlər qısa bir zamanda uğurlu nəticələrin əldə olunmasına imkan vermişdir. Az vaxtda, ancaq böyük sürətlə aparılan sosial-iqtisadi islahatlar, xüsusilə regionların, eyni zamanda ayrılıqda muxtar respublikada müxtəlif sahələrin inkişafı məqsədilə qəbul edilmiş dövlət proqramları və bu proqramların uğurlu icrası digər sahələr kimi demoqrafik sahədə də müsbət meyillərin yaranmasına səbəb olmuşdur. Demoqrafik sabitliyin qorunmasında əsas amil kimi əməkqabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi dayanır. Muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi sahəsində indiyədək bir sıra mühüm tədbirlər həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın qəbulu isə bu sahənin inkişafında yeni mərhələ təşkil etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə muxtar respublikada 2437 yeni iş yeri yaradılmışdır. Bunun 2382-si və ya 97,7 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq 2017-ci ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində 403 nəfər peşə kurslarına cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 3642 nəfər müxtəlif peşələrə yiyələnmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində 36 nəfər aşpaz köməkçisi, ağac üzərində oyma və bərbər peşələri üzrə təşkil edilmiş kurslarda iştirak etmişdir.
Ümumi daxili məhsul istehsalı və bu istehsalın hər bir nəfərə düşən pay həcmi iqtisadi inkişafın əsas göstəricilərindən hesab olunur. Qeyd edək ki, 2017-ci ildə muxtar respublikada 2 milyard 701 milyon 663 min manat dəyərində ümumi daxili məhsul əldə olunmuşdur ki, bunun hər bir nəfərə düşən həcmi 2016-cı illə müqayisədə 3,6 faiz artaraq 5 min 990 manat təşkil etmişdir.
Demoqrafik inkişafda əhalinin təhsil və səhiyyə ehtiyaclarının ödənilməsi prioritet təşkil edir. Son 20 ildə muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirləri çərçivəsində bu iki sahəyə böyük investisiyaların qoyulması göz önündədir. Təkcə ötən il Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün yeni korpus istifadəyə verilmiş, Naxçıvan Müəllimlər İnstitutunun binasının yenidən qurulması başa çatdırılmışdır. Bundan əlavə, Şərur şəhərində, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli, Ordubad rayonunun Üstüpü, Şahbuz rayonunun Kolanı kəndlərində tam orta məktəb binaları tikilərək, Şərur rayonunun Ələkli və Qarahəsənli, Babək rayonunun Payız və Gərməçataq kəndlərində isə tam orta məktəb binaları yenidən qurularaq istifadəyə verilmişdir. Əhalinin sağlamlığına gəlincə, onu demək kifayətdir ki, son 22 il ərzində muxtar respublikada 276 səhiyyə obyekti tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir.
Onu da vurğulamaq lazımdır ki, muxtar respublikada ahıl və sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısı xüsusilə diqqət mərkəzindədir. Məsələn, statistikaya görə 2017-ci ilin sonuna muxtar respublikada 244 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 265 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 312 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 330 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 336 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 300 nəfərə texniki reabilitasiya vasitələri verilmişdir. 2017-ci ildə 45 nəfərin ölkə daxilində müalicəsinə, 47 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir. Bundan əlavə, 2017-ci ildə sağlamlıq imkanları məhdud 155 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahəti təmin olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” muxtar respublikada bu kateqoriyadan olan uşaqların təhsilinin təmin edilməsində və onların cəmiyyətə inteqrasiyasında böyük əhəmiyyətə malikdir. 2017-ci ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin Şərur və Ordubad rayonlarında filialları yaradılmışdır.
Əldə olunmuş müsbət nəticələri digər sahələr üzrə də söyləmək mümkündür. Ancaq, zənnimizcə, oxucularımızın diqqətin bu fakta bir daha yönəltmək bəs edər ki, muxtar respublikanın sosial-iqtisadi mühitində əldə edilmiş uğurları bütün parametrləri ilə yenidən dəyərləndirə bilək. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirmişdir. Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq investisiya reytinqində lider olmuşdur. Təşkilatın 18 parametr və 6 qrup üzrə (sosial-demoqrafik göstəricilər, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastrukturun qurulması, insanların rifah halının artması və kənd təsərrüfatının inkişafı) hazırladığı təhlillər regionun hərtərəfli inkişafının ümumi mənzərəsini bir daha ortaya qoyur.
Hazırda bir sıra inkişaf etmiş və etməkdə olan ölkələrin demoqrafik mənzərəsində ən ağrılı proseslərdən biri əməkqabiliyyətli əhali sayının azalmasıdır. Çünki əməkqabiliyyətli yaşdan aşağı və yuxarı yaşlarda olan əhali qeyri-məhsuldar təbəqəni əks etdirir və onların saxlanılmasına böyük həcmdə resurs tələb olunur ki, bu da iqtisadi inkişaf tempini azaldır. Təbii ki, istənilən ölkədə yaşlı nəslin xüsusi çəkisi yüksək, əhali artımı azdırsa, bu yaş strukturu iqtisadi inkişafa ləngidici təsir göstərəcəkdir. Baxmayaraq ki, belə inkişaf etmiş ölkələrdə təhsil və səhiyyə xidmətləri lazımınca təşkil olunsa da, əhali sayının ləng artımı ümumi demoqrafik vəziyyətə təsirsiz ötüşmür. Ölkəmizdə, eləcə də muxtar respublikamızda isə bunun tam əksini söyləmək mümkündür. Məsələn, 2016-cı ilin əvvəlində Azərbaycanda əhalinin sayı 9706,5 min nəfər olmuş, əhali sayının illik artımı 120 min nəfərə yaxınlaşmışdır ki, bu da MDB məkanında ən yüksək göstəricilərdən biridir. Muxtar respublikamızda da iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar demoqrafik vəziyyətin daha da yaxşılaşmasını təmin etməkdədir. Belə ki, son illər muxtar respublikada əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynamış, əhalinin sayı 2016-cı illə müqayisədə 3 min 759 nəfər artaraq 1 dekabr 2017-ci il tarixə 452 min 566 nəfər olmuşdur. Ümumilikdə isə əməkqabiliyyətli yaşda əhalinin yüksək çəkiyə malik olması və bu əhali qrupunun mövcud potensialından səmərəli istifadə olunması muxtar respublikada “demoqrafik divident”in yaranmasına öz töhfəsini verməkdədir.
Səbuhi HƏSƏNOV