Yeni il ərəfəsində Naxçıvan bazarlarında bolluqdur. Şübhəsiz, bolluq olan yerdə ucuzluq da olacaq. Bu gün Naxçıvanın əvvəlki çətin günlərindəki kimi, dükan-bazarda müştərilərin qiymətdə, çəkidə və keyfiyyətdə aldadılması halları çoxdan arxada qalıb. İndi belə hallara qarşı ciddi nəzarət tədbirləri həyata keçirilir. Digər tərəfdən, hər il olduğu kimi, bu il də Yeni il bayramı ərəfəsində Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında əhalinin bütün növ ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün topdan qiymətinə pərakəndə ticarət xidmətləri təşkil olunub.
Naxçıvan şəhəri, Xətai küçəsindəki Mərkəzi bazarda dekabrın 25-dən 31-dək təşkil olunmuş yarmarkada yerli məhsulların istehsalı üzrə ixtisaslaşmış 44 sahibkar tərəfindən alıcılara 147 adda və 250 çeşiddə məhsul təqdim olunur. Bunlardan əlavə, idxal mənşəli meyvə-tərəvəz məhsullarının da topdan qiymətinə pərakəndə satışı üzrə 8 sahibkar da burada xidmətlər göstərir. Hər gün səhər saat 8-dən başlayaraq fəaliyyət göstərən yarmarkada alıcıların rahat alış-veriş etmələri üçün lazım olan bütün şərait yaradılıb. Burada səliqəli, təmiz və bayram əhval-ruhiyyəli ticarət xidmətləri göstərilir. Yarmarkaya məhsul gətirən sahibkarlarla yanaşı, muxtar respublikamızın bütün bölgələrindən ailə təsərrüfatlarının istehsalı olan “Orqanik məhsul” etiketli çox çeşiddə məhsulları bazar qiymətlərindən 10-25 faiz aşağı qiymətlərlə almaq mümkündür.
Yarmarkada diqqətimizi ilk çəkən guşə girişdəki “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yer oldu. Satıcı Ramil Dünyamalıyev bildirdi ki, məhsullara tələbat böyükdür. Hər gün çox sayda alıcı nəfis qablaşdırılmış yüksəkkeyfiyyətli quru meyvələrdən, pendir, turşu, cem və kompotlardan alır. Onlar da çalışırlar ki, bayramqabağı bütün alıcıların tələbatlarını ödəyən məhsulları satışa çıxarsınlar.
Bərəkətli Şərur torpağının nemətləri muxtar respublikamızın hər yerində süfrələrimizi bəzəyir. Öz məhsullarını yarmarkaya gətirmiş Muğanlı kənd sakini Cəfər Səfərov və vərməziyarlı Əlövsət Məmmədov da yarmarkanın təşkilindən razılıq etdilər. Bildirdilər ki, öz fərdi təsərrüfatlarının məhsulu olan gülkələm, çuğundur, sarımsaq, alma, armud, yerkökü, turp, qabaq, kartof, soğan alıcılar tərəfindən həvəslə alınır.
Şahbuz dağlarının nemətlərini alıcılara tanıdan Keçili kəndindən gəlmiş Sərvər Əliyev isə satmağa gətirdiyi zirinci, həmərsini, keçi pendirini, dağ armudu turşusunu, qar kimi ağappaq cəviz ləpəsini müştərilərinə tərifləyirdi. Ondan məhsullara olan tələbatı soruşduqda qazancından razılıq etdi. Eyni əhval-ruhiyyəni nehrəmli təsərrüfatçı Füzuli Həsənovla və ordubadlı Aslan Rüstəmovla da qısa söhbətimizdə duyduq. Şübhəsiz, onların piştaxtaya düzdüyü Nehrəm pendirini, qarpız mürəbbəsini və turşusunu, hər çeşiddə Ordubad mürəbbələrini, sucuğu, lavaşanı təkcə Naxçıvanda deyil, ölkəmizin digər yerlərində də alıcılar yaxşı tanıyırlar.
Bəli, bu il də Naxçıvandakı Yeni il yarmarkasında bolluqdur. Hər il olduğu kimi, bu il də əhalinin istehlak zənbilinin geniş olması üçün qiymətlər nəzarətdə saxlanılıb, ucuzluq yaradılıb. Bu iş çətin olsa da, halal zəhmətlə başa gələn hər bir nemətin müştərisi çox, bərəkəti bol olur. Qoy bayram süfrəmizdə həmişə belə bolluq olsun.
Əli CABBAROV