“Naxçıvanqaz” İstehsalat Birliyi fəaliyyətini daim gücləndirir, təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. 2017-ci ildə istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi sahəsində qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir. Bu dövrdə yaşayış məntəqələrindən daxil olan müraciətlərə əsasən 893 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılmış, yeni qaz boru xətlərinin quraşdırılması, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol-qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar 167 min 897 paqonometr polietilen və dəmir borulardan istifadə olunmuşdur.
2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülmüş, istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanılmışdır. Qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülmüş, qaz şəbəkələrində sızmalar aşkarlanaraq aradan qaldırılmışdır. Təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilmiş, qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsi artırılmışdır. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilmiş, 2923 qaz sayğacı quraşdırılmışdır.
“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti