Babək rayonunda ötən il təkcə qəsəbə mərkəzində 20-dən çox sosial obyekt istifadəyə verilib, iki kənddə kompleks quruculuq işləri başa çatdırılıb. Ötən il rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 66 milyon 617 min 100 manat vəsait yönəldilib. İnvestisiya qoyuluşlarının 64 milyon 307 min 800 manatı və ya 96,5 faizi tikinti-quraşdırma işlərində istifadə edilib.
Bu tədbirlərin davamı kimi ötən ildən etibarən rayon mərkəzi olan Babək qəsəbəsində daha bir yaşayış binasının inşasına başlanılıb. Yeddi mərtəbədən ibarət olacaq yaşayış binasının zirzəmi hissəsində geyim və ərzaq mağazaları, dərzi və bərbər salonu yerləşəcək. Bina 28 mənzillidir. Mənzillərin 21-i ikiotaqlı, 7-si isə üçotaqlı olacaq. Hazırda binanın 5-ci mərtəbəsində hörgü və suvaq işləri aparılır.
Xəbərlər şöbəsi