23 Dekabr 2024, Bazar ertəsi

“Zümrüd Tikiş” MMC öz fəaliyyəti ilə muxtar respublikada alıcı rəğbəti qazanmış istehsal müəssisələrindən biridir. Müəssisənin direktoru Mehrəngiz Əkbərova söhbət zamanı qeyd etdi ki, müəssisə 1997-ci ildə 6 nəfər işçi ilə və cəmi ­10-12 ədəd, özü də sovet istehsalı olan avadanlıqlarla fəaliyyətə ­başlayıb.
Ümumi ərazisi 700 kvadratmetr olan müəssisədə Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib.
Mehrəngiz Əkbərova deyir ki, 2010-cu ildə bizə Sahibkarlığa Kömək Fondundan 560 min manat vəsait ayrıldı. 2011-ci il sentyabrın 9-da gündəlik istehsal gücü 150 dəst kostyum olan müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə verildi. 2013-cü ildə isə yeni köynək istehsalı sahəsi yaradılıb. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki Əcəmi 39 ünvanında yerləşən binada yeni istehsal sahəsi yaratmaq üçün təmir-bərpa işləri aparılıb. Layihəyə uyğun olaraq ümumi sahəsi 654 kvadratmetr olan binada istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, iaşə xidməti göstərilməsi üçün yeməkxana və inzibati heyət üçün ayrı-ayrı iş otaqları yaradılıb. Köynək istehsalı sahəsində Yaponiya və Türkiyənin müasir texnoloji avadanlıqlar quraşdırılıb. Türkiyənin “Talay makina” şirkəti ilə müqavilə bağlanılıb, istehsal gücü gündə 1000 ədəd köynək olan yeni istehsal sahəsi yaradılıb ki, bu da daxili bazarın tələbatını tamamilə ödəmə gücünə malikdir.

Ardını oxu...

Kəngərli rayonunun Qıvraq qəsəbəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və rahat mənzillərlə təmin olunması məqsədilə cari ilin aprel ayında 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb.
Zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olacaq binanın hər mərtəbəsində 2 və 3 otaqlı 8 mənzilin olması nəzərdə tutulub. Binada lift və yanğın təhlükəsizliyi məqsədilə ehtiyat çıxış da inşa olunur.
Yaşayış binasının tikintisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir. İş icraçısı Hicran Hüseynov bildirdi ki, tikinti işləri başlanandan indiyədək binanın zirzəmi hissəsində və birinci, ikinci, üçüncü mərtəbələrində hörgü işləri başa çatdırılıb. Hazırda dördüncü mərtəbədə beton-karkas işləri yekunlaşıb, divarların və arakəsmələrin hörgüsü tamam­lanmaq üzrədir. Hörgü işi başa çatan hissələrdə isə dördüncü mərtəbənin örtük panelləri düzülür. Tikintidə işlər sürətlə və keyfiyyətlə aparılır.
Hazırda obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Onlar inşaat sektoru üçün nəzərdə tutulmuş geyim formaları, lazımi avadanlıqlarla təmin olunublar. Qeyd edək ki, tikintidə, əsasən, yerli inşaat material­larından istifadə olunur.

 Ramiyyə ƏKBƏROVA

– İnşaat materiallarının qıtlaşdığı, qiymətlərin tüğyan etdiyi, maliyyə intizamına laqeydliyin adi hala çevrildiyi indiki şəraitdə tikinti təşkilatlarının üzləşdiyi problemlər, çətinliklər daha da çoxalıb. Bunu başçılıq etdiyim dəstənin timsalında bir qədər də açıqlamaq istəyirəm. Neçə vaxtdan bəri cəlb edildiyimiz müharibə, iqtisadi blokada şəraitində yaşamağımız, polad relslərdən qatarların hərəkətinin kəsilməsi, şübhəsiz ki, inşaat işlərinin vüsətinə də öz təsirini göstərib.
Çünki avtomobil nəqliyyatı ilə İran ərazisi vasitəsilə Bakı şəhərindən mal-material gətirmək heç də asan başa gəlmir. Mişar daşı kimi, həddindən artıq ehtiyac duyulan materialları bu yolla daşımaq da mümkün deyil. Digər tərəfdən maşın-mexanizmlərimiz kifayət qədər olsa da, onların da gücündən normal istifadə etmək imkan xaricindədir. Ehtiyat hissələrinin çatışmazlığı, yanacaq materiallarının qıtlığı ona imkan vermir. Elə materiallar vardır ki, onları avtomaşınlarla daşıyıb gətirəndə az qalır ki, astarı üzündən baha başa gəlsin.
Bazar iqtisadiyyatına keçdiyimiz şəraitdə tikinti işlərini gördürmək istəyən sifarişçi təşkilatlar da öz vəzifə borclarını tam yerinə yetirmirlər. Bugünkü tikintinin fərqli cəhəti də odur ki, əvvəllər material verirdilər, tikinti gedirdi. İndi isə çox çətinliklə material əldə edir, bir çox hallarda isə öz vəsaitimiz hesabına müəyyən işləri görürük. Üzləşdiyimiz bu və ya digər çətinliklər heç də boş dayanmağımıza, əlimizi-əlimizin üstünə qoyub yuxarı təşkilatlardan nə isə ummağa haqq vermir. Bu gün konkret sahələrə cavabdeh olan bir çoxları öz bacarıqsızlıqlarını, səriştəsizliklərini ölkəmizdə gedən müharibə, düçar olduğumuz blokada bəhanəsi ilə ört-basdır etməyə çalışsalar da, əslində, onlar astagəllikdən, köhnə­fikirlikdən əl çəkmir, yeni dövrlə ayaqlaşa bilmirlər.

Həsənqulu Qurbanov
“Şərq qapısı” qəzeti
1994-cü il, 12 oktyabr


Öz daşlarımızla ucalan Naxçıvan

“Şərq qapısı” qəzetinin 1994-cü il 12 oktyabr tarixli sayında dərc olunmuş bu məqalə Naxçıvanın tikinti təşkilatlarının qarşılaşdığı problemlərin yalnız cüzi bir hissəsini gözlər önünə sərir. Bəs 1994-cü­ ildən sonra muxtar respublikanın tikinti sektorunda nələr baş verdi? Elə bu yazımızda da bu dövrə nəzər salacağıq. Çünki bu illərdə bütün sahələrdə olduğu kimi, inşaat sahəsində də inqilabi dəyişikliklər baş verib, hər kəndimiz, hər şəhərimiz abadlaşıb, müasir ünvanlar sırasına qoşulub.

...1995-ci ildən etibarən muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verdi. Aparılan uğurlu siyasət nəticəsində baş alıb gedən siyasi və iqtisadi böhran aradan qaldırıldı. Tikinti sahəsində də xeyli irəliləyişlər əldə olundu. İnşaatda istifadə edilən materiallara olan tələbatın yerli imkanlar hesabına ödənilməsi üçün ayrı-ayrı müəssisələr fəaliyyətə başladı. Bununla həm əlavə xərclərin qarşısı alındı, həm də vaxt itkisi aradan götürüldü. Nəticədə, sovet dövründə illərlə tikintisi yubanan obyektlərin inşası indi tez bir zamanda, həm də əvvəlkindən qat-qat keyfiyyətlə aparılır.

Ardını oxu...

Cari ilin 8 ayının nəticələri bunu deməyə əsas verir

Əhalinin sosial rifah halının yüksəlişinə nail olmaq həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Bu baxımdan iqtisadi artımın yüksələn dinamikasını qoruyub saxlamağa xidmət edən bir çox mühüm tədbirlər diqqətdə saxlanılır. Dünya bazarındakı qeyri-müəyyənlik və mürəkkəb iqtisadi şəraitə baxmayaraq, ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikamızda iqtisadi inkişafın yüksələn tempi əhali gəlirlərində də hiss olunmaqdadır. Naxçıvanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti də bu məqsədə xidmət edir.

Naxçıvan Muxtar Respublikasının stabil iqtisadi artım tempi iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri olan ümumi daxili məhsulun həcmində özünü göstərir. Belə ki, 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 1 milyard 705 milyon 749 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyi əhalinin qış aylarında təbii qazla fasiləsiz şəkildə təmin etmək üçün müvafiq tədbirlər görür.
Bu il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə “Naxçıvanqaz” İstehsalat Birliyinə oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışın yekunlaşdırılması, mövcud nasazlıqların aşkar edilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi tapşırılıb. Verilən tapşırıqlarla əlaqədar tədbirlər planı hazırlanaraq icrasına başlanılıb. Belə ki, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun texnoloji rejimdə həyata keçirilməsi üçün qazpaylayıcı stansiyalarda qızdırıcı qurğulara xüsusi texniki xidmətlər göstərilir. Qaz təsərrüfatı sisteminin müasirləşməsi, istismarda olan təzyiq və qaz tənzimləyicilərinin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində işlər nəzarətə götürülüb.

Ardını oxu...

 Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrindən istifadə və alternativ enerji mənbələrinin gələcəyi” mövzusunda keçirilən elmi-nəzəri seminarda bu barədə danışılıb.

Ardını oxu...

  Ölkəmizin təbii coğrafi şəraiti və iqlim qurşaqları alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni hər zaman aktual məsələ kimi önə çıxarıb. Bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə 2004-cü ildən başlanılıb. Belə ki, həmin ildə qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm strategiyanın həyata keçirilməsini şərtləndirib. Proqramda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, ilk növbədə, muxtar respublikada orta, kiçik, mikro su elektrik stansiyalarının tikilməsi daha məqsədəuyğundur. 

Ötən dövrdə bu sahədə ciddi addımlar atılmış, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilmişdir. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Mövcud imkanlardan düzgün istifadənin nəticəsidir ki, həmin ildə, eyni zamanda Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Bütün bunlar muxtar respublikanın energetika sektorunda davamlı inkişafın təmin edilməsi istiqamətində görülən işlərin uğurlu nəticəsidir.

Ardını oxu...

Ölkəmizdə aqrar sahənin dinamik inkişafında, bütün növ kənd təsərrüfatı məhsullarının artımında muxtar respublikamızın da özünəməxsus payı var. Diyarımızda aqrar bölmənin əhəmiyyəti nəzərə alınaraq bu sahənin inkişafına, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və intensiv amillər hesabına məhsuldarlığın yüksəldilməsinə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı məhsulları istehsalı ilbəil artır, bazar və yarmarkalarda yerli məhsulların bolluğu hiss olunur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1sentyabr tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına, ərzaq məhsulları istehsalının artırılmasına, əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullarla təmin olunmasına, sahibkarlıq mühitinin formalaşdırılmasına, kənd adamlarının həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb.
Taxıl torpağın yetirdiyi nemətlərin şahı hesab olunur. Bu müqəddəs neməti əvəz edə biləcək ikinci bir nemət yoxdur. Ata-babalarımız həmişə çörək bolluğu yaradılmasına çalışıblar.

Ardını oxu...

Muxtar respublikamızda sa­hibkarlıq mühitinin formalaşması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. İllər öncə ət məhsullarına olan tələbatın az bir hissəsi yerli istehsal hesabına ödənilirdisə, bu gün daxili bazarda yüksəkkeyfiyyətli ət məhsulları istehsal edilir. Belə müəssisələrdən biri – “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmişdir. 2013-cü ilin may ayında Babək rayonunun Qoşadizə kəndi ərazisində “Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksi” istifadəyə verilmişdir. Müəssisənin yaradılmasında başlıca məqsəd daxili bazarı yüksəkkeyfiyyətli, rəqabətədavamlı ət və ət məhsulları ilə təchiz etməkdən ibarət olub.
Ötən günlərdə bu müəssisədə olduq. Öyrəndik ki, istehsal sahəsində 14 çeşiddə kolbasa və sosiska istehsal edilir. Keyfiyyətli məhsul istehsalı üçün Türkiyədən, Avstriyadan, İtaliyadan avadanlıqlar alınıb. Müəssisə gündə bir ton ət məhsulu istehsaletmə gücünə malikdir. İstifadə olunan xammalın 80 faizi yerli məhsullardır.

Ardını oxu...

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun münbit torpaqları burada aqrar sahənin inkişafına geniş imkanlar yaradıb.
Son illər regionda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahədə daha böyük uğurlar qazanılmasına stimul olub.
Muxtar respublikanın digər bölgələrindən fərqli olaraq Şərur rayonunda həm də qarğıdalı əkilib-becərilməsinə xüsusi önəm verilir. Hər il bölgənin torpaq mülkiyyətçiləri iqtisadi cəhətdən səmərəli olan bu sahədə xeyli gəlir əldə edirlər. Onlar dövlət tərəfindən müxtəlif yardımlarla, yüksək reproduksiyalı toxumlarla təchiz olunurlar.Tədarük edilən məhsulun satılmasında da heç bir çətinlik yoxdur.

Ardını oxu...

Muxtar respublikada 2017-ci ilin yanvar-avqust aylarında 1 milyard 705 milyon 749 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artaraq 3788 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 708 milyon 256 min manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,4 faiz üstələmişdir. 

* * *

İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 635 milyon 580 min manat dəyərində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 594 milyon 228 min manatı və ya 93,5 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Ardını oxu...

Muxtar respublikamızda aqrar sahənin inkişaf etdirilməsində suvarma şəbəkələrinin genişləndirilməsi, torpaqların təsərrüfat suyuna olan tələbatının ödənilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Son illər Şərur rayonunda da bu istiqamətdə xeyli iş görülüb.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Vaqif Həsənovla söhbət zamanı bildirdi ki, rayonda 150 milyon kubmetr su tutumuna malik Arpaçay Su Anbarı ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə tikilib. Mövsüm ərzində Şərurla yanaşı, Kəngərli və Sədərək rayonlarının əkin sahələrinin də bir qismi həmin anbardan qidalanan sağ və sol sahil kanalları, bəzi yaşayış məntəqələri isə Araz çayından nasoslar vasitəsilə su ilə təmin olunur.
Hazırda Arpaçay dəryaçasında 53,1 milyon kubmetr su vardır. Gölə bir saniyə ərzində 0,6 kubmetr su daxil olur, suvarma məqsədilə sağ və sol sahil kanallarına, çay yatağına saniyədə 14 kubmetr su buraxılır. İtkiyə yol verilməməsi, mövcud ehtiyatdan bütün mövsüm ərzində səmərəli istifadə olunması üçün su kanallara və çay yatağına qrafik üzrə ötürülür və bu qrafikə ciddi nəzarət edilir.

Ardını oxu...

Müstəqillik qazandığımız illər Ordubad rayonunun da hüsnünə yeni çalarlar gətirib. Bu dövrdə bölgənin ən ucqar dağ və sərhəd kəndləri belə, müasir yaşayış məntəqələrinə çevrilib. Həmin kəndlərdə təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sahələr üçün yeni binalar inşa olunub, yol infrastrukturu yenilənib. Üstüpü kəndi də rayonun ucqar dağ yaşayış məntəqəsidir. Bir neçə aydır ki, bu kənddə də kompleks quruculuq işlərinə start verilib.

Yaxın vaxtlarda bu yaşayış məntəqəsində yeni məktəb, kənd və xidmət mərkəzlərinin binaları istifadəyə veriləcək. Kənd tam orta məktəbinin binası 1 korpusu zirzəmi ilə birlikdə 4, 2 korpusu isə 3 mərtəbədən ibarətdir. Tədris müəssisəsinin yeni binasında müəllim və şagirdlərin ixtiyarına işıqlı sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri, idman zalı və bufet veriləcəkdir. Binada əsas tikinti işləri, demək olar ki, başa çatıb. Hazırda binanın daxilində və fasad hissəsində suvaq işləri aparılır.

Ardını oxu...

Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində respublikamızda üzümçülük sürətlə inkişaf edib. Ulu öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülən tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötüb. Bu isə aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olub. Ötən əsrin 80-ci illərində hər il Azərbaycanda ticarət təşkilatlarına 30 min ton, o cümlədən Bakı şəhərinə 15-16 min ton süfrə üzümü göndərilirdi. Respublikadan kənara isə daha çox – 230-240 min ton süfrə üzümü ixrac edilirdi.
Lakin keçmiş ittifaq rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərar respublikamızda, o cümlədən muxtar respublikamızda üzümçülüyün inkişafına ciddi zərbə vurub. Bu cür qərəzli qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağı məhv edilib və uzun illər böyük zəhmət hesabına yaradılan infra­struktur dağıdılıb. Respublika iqtisadiyyatına ovaxtkı qiymətlərlə 630 milyon manat dəyərində ziyan dəyib.
1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra üzümçülük-şərabçılıq sahəsinə diqqət yenidən artıb. Ulu öndərin məqsədyönlü siyasəti sayəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başladı. Azərbaycanın qədim üzümçülük zonaları olan Naxçıvan, Şamaxı, Cəlilabad rayonlarında və bir sıra digər bölgələrdə yerli üzüm sortlarından ibarət yeni üzüm bağları salınıb.

Ardını oxu...

Son illərdə muxtar respublikada əhalinin sosial rifah halının yaxşılaşması digər sahələrlə bərabər, nəqliyyat sahəsində də xeyli irəliləyişlərə gətirib çıxarıb. Əvvəllər Naxçıvan sakinləri ən yaxşı halda sovet avtomobillərindən və xaricdə istehsal olunanların  köhnə modellərindən istifadə edirdilərsə, indi şəhərimizin küçələrində müasir və bahalı maşın modellərini görmək mümkündür. Təbii ki, avtomobilin saz vəziyyətdə saxlanılması da mühüm cəhətlərdən biridir. Əgər hər hansı bir şəxs dünyanın ən tanınmış avtomobil modellərindən birini alıb gətiribsə və burada da onun servis xidməti yoxdursa, demək, qısa zamanda həmin şəxsin avtomobilinin sazlığı ilə bağlı bir sıra problemlər yaranacaqdır.

Bu cəhətdən “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir. Müəssisədə yaradılan şəraitdən, göstərilən xidmətdən söz açmaq üçün adıçəkilən ünvanda olduq. Öyrəndik ki, “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ilin fevral ayından fəaliyyətə başlayıb. Müəssisədə keyfiyyətli servis xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. Hazırda bu ünvanda bütün avtomobillərə, o cümlədən xaricdə istehsal edilən yük və minik avtomobillərinə servis xidmətləri göstərilir, lazımi ehtiyat hissələri alınıb muxtar respublikaya gətirilir. Müəssisənin yerləşdiyi ərazidə inzibati bina, yeməkxana, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sahələri tikilib, müasir texnoloji avadanlıqlar quraşdırılıb.

Ardını oxu...

Su ehtiyatlarının səmərəli istifadəsi və su itkisinin qarşısının alınması diqqət mərkəzində saxlanılır. Bu ilin avqust ayında 7 kilometr torpaq kanal, 40 kilometr ara arxları, 5 kilometr kollektor lildən təmizlənmiş, 2 kilometr yeni suvarma boru xətti, 1 kilometr yeni içməli su xətti çəkilmiş, mövcud kaptaj və drenajlar təmir olunmuşdur.
Yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, su itkisinin qarşısını almaq üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilərək 2116 metr suvarma boru xətti çəkilmiş, 230 hidrant quraşdırılmışdır.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması tədbirləri də davam etdirilmiş, Şərur şəhərində 1508 metr içməli su xətti, 3350 metr kanalizasiya xətti çəkilmişdir. Şahbuz şəhərindəki çirkab sutəmizləyici qurğunun tikintisi isə davam etdirilir.


Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin ötən dövrü ərzində 258, o cümlədən 66 ərzaq, 5 meyvə-tərəvəz, 1 ət satışı, 8 ətriyyat-kosmetika, 5 tikinti, 6 təsərrüfat, 2 taxıl və taxıl məhsullarının satışı, 62 ictimai iaşə, 92 təhsil müəssisəsinin iaşə obyekti və 11 istehsal müəssisəsində maarifləndirici istiqamətdə monitorinqlər aparılıb, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş tədbirlər nəticəsində mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 6 min 348 manat dəyərində ərzaq və qeyri-ərzaq malları ticarət dövriyyəsindən çıxarılaraq məhv edilib.

Ardını oxu...

Muxtar respublikamızın rəqabətqabiliyyətli iqtisadi potensialı burada istehsal olunan yüksəkkeyfiyyətli məhsulların emalı, istehsalı və ixracı ilə xarakterizə olunur. Naxçıvanda kiçik və orta sahibkarlıq inkişaf etdikcə ixtisaslaşmış xeyli sayda emal və istehsal müəssisələri və bunların əsasında fəaliyyət göstərən çoxlu xidmət obyektləri də yaradılır. Həyata keçirilən irimiqyaslı layihələr, əsasən, daxili bazarın tələbatlarının ödənilməsi və daha çox ixracyönümlü istehsal sahələrinin genişləndirilməsi üzrə davam etdirilir. 

Müasir dövrdə Naxçıvan Muxtar Respublikasında geniş emal sənayesi potensialı vardır. İqtisadiyyat Nazirliyinin son məlumatlarına əsasən hazırda Naxçıvanda 440-dan çox istehsal-emal müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 371 növdə məhsul istehsal olunur və 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bütün bunlar işə salınan yeni müəssisələrə güzəştli kreditlərin verilməsi, müasir texnoloji avadanlıqların gətirilməsinə göstərilən dəstək, daxili bazarın qorunması yolu ilə yerli istehsalçıların işinin stimullaşdırılması sayəsində mümkün olub, regionda hər cür istehsal və emal fəaliyyəti ilə məşğul olmaq istəyənlərə geniş imkanlar açır. Nəticədə, bu gün muxtar respublika iqtisadiyyatının ümumi daxili məhsulunda sənaye ilk sıranı tutmaqdadır.

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə bu ilin avqust ayında da diqqət mərkəzində saxlanılmışdır. Ötən ay Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 6 min 555 ton müxtəlif təyinatlı yük, yük-sərnişin qatarları vasitəsilə isə 12 min 490 sərnişin daşınmışdır. Avqust ayında Culfa İstismar Vaqon Deposunda 26 müxtəliftipli vaqon cari təmir edilmişdir.
Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən 2017-ci ilin avqust ayında Ordubad dəmiryol sərnişin vağzalı, eləcə də Yol Sahəsinin inzibati binalarında və yolun 369-cu kilometrində yerləşən 4 saylı yol məntəqəsində aparılan yenidənqurma, Ordubad Yol Sahəsinin yardımçı binalarında, Ordubad İdarəetmə Mərkəzində, Aza və Naxçıvançay Təhlükəsizlik Komandalarının inzibati binalarında aparılan əsaslı təmir işləri, eləcə də Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilmişdir.
Həyata keçirilən ardıcıl tədbirlər növbəti aylarda da dəmir yolu nəqliyyatının nümunəvi xidmət göstərməsinə imkan verəcəkdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi avqust ayında da uğurla davam etdirilib.
Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində ötən ay 186 yeni telefon nömrəsi istismara verilib, 6380 metr fiber-optik kabel xəttinin tikintisi aparılıb. “Evədək optika” layihəsi çərçivəsində 2 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən isə genişzolaqlı ADSL texnologiyası vasitəsilə 357 yeni abunəçi internetlə təmin olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 8 şəhər və rayon təhsil şöbələri və nazirliyə birbaşa tabe olan 4 təhsil müəssisəsinin İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması üçün müvafiq şəbəkə qurulub və avadanlıqlar istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasının elektron hökumət portalında isə cari yenilənmə işləri aparılıb.
Rabitə və yeni texnologiyaların inkişafını təmin etmək məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

 Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Culfa rayonunun Əbrəqunus kəndində “Kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri Culfa Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin baş məsləhətçisi Zahir Xudiyev açaraq aparılan maarifləndirmə işinin əhəmiyyətindən danışıb. 

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Cəfərov torpaq üzərində mülkiyyətin növlərindən danışaraq torpaqların keyfiyyətinə görə 4 qrupa ayrıldığını bildirib. Həmçinin torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanma şərtləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Bütün bunlarla yanaşı, məruzəçi torpaq sahələri üzərində yaranan hüquqların dövlət qeydiyyatına alınmasının əhəmiyyətindən danışıb.

Ardını oxu...

Makroiqtisadi sabitliyin, iqtisadi artımın təmin olunmasında, sosial sahənin inkişafında investisiya qoyuluşları mühüm yer tutur.
Muxtar respublikada son illər ərzində həyata keçirilən tədbirlər nəticəsində bütün sahələrdə infrastruktur yenilənmiş, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Heç şübhəsiz ki, əldə olunmuş uğurlarda məqsədyönlü siyasət, konkret vəzifələri özündə əks etdirən dövlət proqramları və digər tədbirlər mühüm rol oynamışdır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 997 milyon 609 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2007-ci ildəki müvafiq göstəricidən 4,5 dəfə çoxdur. Ümumilikdə, son 10 il ərzində muxtar respublikada iqtisadi və sosial sahələrə 7 milyard 154 milyon 193 min 400 manat həcmində investisiya yönəldilmişdir. 2007-ci ildən 1 yanvar 2017-ci il tarixədək investisiya qoyuluşlarının 6 milyard 345 milyon 844 min 600 manatını və ya 88,7 faizini tikinti-quraşdırma işləri təşkil etmişdir. Ümumi investisiya qoyuluşunun 4 milyard 388 milyon 679 min 200 manatı və ya 61,3 faizi istehsal təyinatlı obyektlərin, 2 milyard 765 milyon 514 min 200 manatı və ya 38,7 faizi qeyri-istehsal sahələrinin payına düşmüşdür.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyi mütəmadi olaraq təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görür.
İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə birliyin müvafiq tədbirlər planına uyğun olaraq avqust ayı ərzində də işlər davam etdirilmişdir. Muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 74 fərdi ev və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır.
Qaz təsərrüfatı sisteminin müasirləşməsi, istismarda olan təzyiq və qaztənzimləyicilərinin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarətölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində də işlər aparılmışdır. Belə ki, Naxçıvan, “Modul”, “Qaz Turbin – Sement Zavod” qazpaylayıcı stansiyalarında olan ROC-407 qaz sayğaclarının istismar müddətinin başa çatması və ehtiyat hissələrinin istehsalının dayanmasını nəzərə alaraq Almaniya istehsalı olan G-650 markalı Elstertipli 6 qaz sayğacı alınmışdır. Qeyd olunan ölçü qovşaqlarından hər birində 2 Elstertipli qaz sayğacı quraşdırılmışdır. Həmçinin ötən ay Naxçıvan şəhərində 55 ədəd smartkarttipli qaz sayğacı istifadəyə ­verilmişdir.
Muxtar respublikada şəhər, rayon Qaz İstismar idarələrinin Qəza Dispetçer xidmətlərinə istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçılarından qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər səbəblərə görə ay ərzində 1482 çağırış daxil olmuş, qaz təsərrüfatı şəbəkəsində 1580 sızma aşkarlanaraq aradan qaldırılmışdır.
Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin avqust ayında yeni qaz boru xətlərinin quraşdırılması, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi ilə əlaqədar olaraq 13 min 501 paqonometr borudan istifadə olunmuşdur.


“Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidməti

Muxtar respublikamızda dövlət tərəfindən göstərilən maliyyə dəstəyi kiçik və orta sahibkarlığın inkişafına da böyük təkan verib. Yerli məhsulların qablaşdırılmasının müasirləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, həmin malların xarici bazarlara çıxışı sahəsində ticarət sövdələşmələrinin aparılması, yerli brendlərin yaradılması və digər sahələrdə mövcud fəaliyyətlərin təkmilləşdirilməsi məqsədilə 2014-cü il iyun ayının 25-də “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
Müəssisənin iş prosesi ilə maraqlanmaq üçün ötən günlərdə burada olduq. Müəssisə rəhbəri Namiq Əhmədov bildirdi ki, muxtar respublikamızda sahibkarlara göstərilən dövlət qayğısından bu müəssisəyə də pay düşüb. Belə ki, cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə Naxçıvan şəhərində 8 min kvadratmetr torpaq sahəsi və Sahibkarlığa Kömək Fondundan güzəştli kredit ayrılıb.

Ardını oxu...

Kənd sakinləri yaradılan şəraitdən yetərincə bəhrələnirlər

Abadlaşma və müasirləşmə insan cəmiyyətinin ən böyük nailiyyətlərindən biridir. Bəşəriyyət tarixində ilk insan məskənlərinin yaranması və onların genişlənməsi ilk mədəni intibah elementləri kimi dövrümüzə qədər gəlib çatıb. Beşminillik şəhər mədəniyyəti tarixi olan qədim Naxçıvanın dilbər guşələrindən biri olan Şərur rayonunun Yuxarı Yaycı kəndi də müasirləşən kəndlərimizdən biridir.

İlk olaraq onu qeyd edək ki, muxtar respublikamızda Yaycı adlı üç kənd var. Onlardan biri Culfa, digər ikisi isə Şərur rayonunda yerləşir. Şərurdakı bu kəndlərin hər ikisi bir-birinin yaxınlığındadır. Yerləşdiyi əraziyə görə onlardan biri Aşağı Yaycı, digəri isə Yuxarı Yaycı adlanır. Hər ikisi də dağətəyi ərazidə yerləşir.
Şərur rayonuna növbəti səfərlərimizin birində rayon mərkəzindən şimal-şərqdə, Arpaçayın sahilində, Dərələyəz silsiləsinin ətəyində yerləşən Yuxarı Yaycıya üz tutduq.
Aşağı Yaycıdan bir az yuxarıda yerləşən eyniadlı yaşayış məntəqəsinə uzanan yol bir qədər dərə-təpədən, eniş-yoxuşlardan keçir. Avtomobillə Yuxarı Yaycının qoynuna sarınan dolayı yollarla üzüyuxarı qalxdıqca seyr etdiyim gözəl evlər, abad küçələr, axarlı-baxarlı həyətlər, bağ-bağçalar, bol məhsullu əkin sahələri bu dağ kəndində məskunlaşan insanların yaşayışından, xoş güzəranından xəbər verir.

Ardını oxu...

Bu gün muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, sahibkarların hərtərəfli qayğı ilə əhatə olunduğunu görərik. Elə bu qayğının nəticəsidir ki, onların sayı gündən-günə artır. Bunun isə müsbət cəhəti həm də ondadır ki, sahibkarlıq subyektlərinin sayının artması keyfiyyətli məhsul istehsalına şərait yaradır.
Daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin edən müəssisələrdən biri də Babək rayonunun Badaşqan kəndində fəaliyyət göstərən “Nihad şirniyyat” istehsal müəssisəsidir. Yaxın günlərdə adıçəkilən müəssisəyə baş çəkdik. Sahibkar Habil Babayevlə həmsöhbət olduq. Söhbət zamanı sahibkar dedi ki, 2013-cü ildə qurulmuş bu müəssisəyə Sahibkarlığa Kömək Fondundan 26 min manat kredit dəstəyi də göstərilib.
Müsahibimiz onu da qeyd etdi ki, əvvəllər 2-3, bu gün isə onlarla müxtəlif çeşiddə məhsul istehsal olunur. Burada, əsasən, kəllə qənd, noğul, nanəli konfet, lokum və digər şirniyyat məhsullarının istehsalına üstünlük verilir. Bu illər ərzində müəssisənin məhsulları yerli bazarda özünə layiqli yer tuta bilib və həmin məhsullar artıq bazarda özünə kifayət qədər alıcı toplayıb. Daxili bazarda adıçəkilən şirniyyat növlərinə olan tələbatı ödəmək məqsədilə müəssisədə istehsal olunan məhsullar müxtəlif çəkilərdə qablaşdırılaraq nəinki muxtar respublika və onun rayonlarında, hətta ölkəmizin paytaxtı Bakı şəhərində də satışa çıxarılır. “Nihad şirniyyat” müəssisəsində İran İslam Respublikasının bu sahə üzrə qabaqcıl təcrübəyə malik firmalarının istehsalı olan müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb.

Ardını oxu...

Hər bir ölkənin iqtisadi inkişaf göstəricilərindən biri müasir yol-nəqliyyat infrastrukturuna malik olmasıdır. Çünki yollar yük və sərnişin daşımalarının rahat, təhlükəsiz və vaxtında həyata keçirilməsini təmin edən əsas vasitədir. Buna görə də tikinti-quruculuq tədbirləri sırasında yol tikintisinin maliyyəti bahalı sayılmaqla yanaşı, həm də strateji əhəmiyyət daşıyır. Bu baxımdan ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri hər zaman öz aktuallığı ilə seçilir. Ulu öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizdə yol infrastrukturunu diqqət mərkəzində saxlayıb, nəqliyyat sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu strateji xətt muxtar respublikamızda da uğurla davam etdirilir, yol infrastrukturunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

Ölkə başçısı cənab İlham Əliyev­in­ imzaladığı müvafiq sərəncamlar Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına səbəb olub. Belə ki, dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı – Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən müvafiq yol yenidən qurulub.

Ardını oxu...

Sahibkar­lığa göstərilən qayğıdan “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinə də pay düşüb. Belə ki, səmərəli fəaliyyət üçün əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında ayrılan 15 min kvadratmetr ərazidə 3 istehsal sahəsi, ayrı-ayrı iş otaqları, sərgi-satış salonu olan inzibati bina, iaşə xidməti göstərilməsi üçün yeməkxana istifadəyə verilib. 

Müəssisədə texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib, keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. İş prosesində insan amilinə üstünlük verilir, işçilərin sağlamlıqlarına xüsusi diqqət yetirilir. Bu məqsədlə müəssisədə havalandırma sistemi qurulub. Bu da istehsal prosesi zamanı yaranan toz və tullantıların kompressorlar vasitəsilə sexdən kənarlaşdırılmasına və xüsusi bunkerlərə yığılmasına imkan verir. Layihəyə uyğun olaraq, laminat-mətbəx dəzgahı, PVC akrilik parlaq panellər, boyalı MDF və DSP istehsal olunur. Artıq laminat-mətbəx dəzgahı və PVC akrilik parlaq panellər, boyalı MDF və DSP istehsalı sahələrində İtaliyanın “Omma”, İspaniyanın “Barberan” markalı boya xətti, Almaniyanın “İDM”, Türkiyənin “AS Metal” və “Türk makina” şirkətlərinin istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar alınıb, quraşdırılıb.­­ Bütün işlər avtomatlaşdırılıb. İstehsal sahələrinin hər birinin ayrılıqda aylıq istehsal gücü 10 min ədəddir. Burada xammal ayrı-ayrı mərhələlərdən keçməklə rəng olaraq 200 çeşiddən çox məhsul istehsal edilir. Əvvəllər muxtar respublikamızda fəaliyyət göstərən mebel istehsalı müəssisələrinə hazır materiallar xarici ölkələrdən idxal olunurdu. Buna əlavə daşınma xərci çəkilirdi. Bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılıb, istehsal müəssisələri vaxtında və keyfiyyətli mebel materialları ilə təmin olunub.

Ardını oxu...

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olub, əhalinin səmərəli məşğulluğunun və özünüməşğulluğunun təmin edilməsində mühüm rol oynayır.
Muxtar respublikada bütün sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müstəqilliyimizin ilk illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ulu öndərimiz bu sahənin inkişafı ilə bağlı mühüm tədbirlər görmüşdür. Belə ki, 1992-ci il aprelin 6-da keçirilən sessiyada “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmış, daxili bazarda məhsul bolluğu yaradılmışdır.
Sonrakı dövrlərdə kənd təsərrüfatının şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulmuş vəzifələrin kompleks şəkildə həyata keçirilməsinə geniş imkanlar yaratmışdır.

Ardını oxu...

Muxtar respublikamızda bu istiqamətdə görülən işlər uğurla davam etdirilir

Yol mədəniyyət, yol inkişaf, yol həyat deməkdir. Ona görə də deyirlər ki, hər bir yaşayış məntəqəsinin siması onun yolundan bilinir. Yol iqtisadiyyatın inkişafında mühüm rol oynayan vasitələrdən biridir. Yol tikintisi layihələrinin uğurla icra olunmasının ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynadığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olmuşdur. İlk növbədə magistral yollardan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir... Həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır, ayrılacaqdır. Bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır”.

Neçə illərdir ki, əsl quruculuq ünvanına çevrilmiş muxtar respublikamızda son illər bu istiqamətdə xeyli iş görülüb, paytaxt şəhərimiz Naxçıvandan tutmuş ən ucqar sərhəd və dağ kəndlərimizdə bu gün müasir yol infrastrukturu qurulub. Uzunluğu 82 kilometr olan dördzolaqlı Naxçıvan-Sədərək magistralı, Təzəkənd-Çalxanqala-Qıvraq, Çeşməbasar-Boy­əhməd avtomobil yolları müasirliyi ilə diqqəti çəkir. Böyük İpək Yolunun bərpası istiqamətində 8 kilometrdən çox uzunluğu olan Naxçıvan dairəvi avtomobil yolu, 32 ki­lometr uzunluğunda Naxçıvan-Culfa magistralı bu istiqamətdə həyata keçirilən tədbirlərin bariz ifadəsidir. Muxtar respublikada aparılan yol quruculuğu Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunu da müasirliyə qovuşdurub. Bununla Culfa rayonunun Əlincəçay vadisi boyunca yerləşən və 25 sakinin yaşadığı 20 kəndi, Kəngərli rayonunda 12 min insanın yaşadığı 5 kəndi, Hacıvar-Vayxır-Sirab istiqamətində 18 min sakinin yaşadığı 13 kəndi birləşdirən yollarda intensiv və təhlükəsiz hərəkət təmin edilib. 31 min nəfərdən çox insanın yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd yolu da yol təsərrüfatına göstərilən qayğının ifadəsidir.

Ardını oxu...

Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində yeni biznes əlaqələrinin qurulması və işgüzar görüşlərin keçirilməsi, sahibkarların maarifləndirilməsi, muxtar respublikada istehsal olunan məhsulların nümayiş etdirilməsi üçün ideal bir məkan – Naxçıvan Biznes Mərkəzi artıq uzun müddətdir ki, uğurla fəaliyyət göstərir. Naxçıvan şəhərinin bütün ünvanlarına rahat çıxışı olan bu məkanda sahibkarların aktiv iş fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.
Mərkəz 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi fəaliyyətə başlayıb. 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirir.
2013-cü ildə istifadəyə verilən mərkəzin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sərgi-satışının təşkilidir.
Naxçıvan Biznes Mərkəzinin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodiki dəstək göstərməkdir.
Hazırda mərkəzdə müasir avadanlıqlarla təchiz edilən 100 nəfərlik iclas və 500 nəfərlik konfrans zalları və eyni zamanda 4 dildə sinxron tərcümənin aparılması üçün otaq mövcuddur.

Ardını oxu...

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında, əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində, emal müəssisələrinin xammalla təchiz edilməsində kənd təsərrüfatı məhsulları istehsalının mühüm rolu var. Ona görə də muxtar respublikada aqrar sektorun inkişafına ciddi önəm verilir, intensiv metodlara və müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsulları istehsalının həcmi ilbəil artır.
Muxtar respublikada qışa ciddi hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatını tam ödəmək üçün görülən tədbirlərin sırasında əhalini təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunması, bazarda bolluq yaradılması xüsusi yer tutur.
Bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin etmək üçün soyuducu anbarların mühüm rolu vardır. Xüsusən kənd təsərrüfatı məhsullarının saxlanılmasında anbarlar vacib funksiyanı həyata keçirir. Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların şəxsi vəsaiti hesabına Naxçıvanda soyuducu anbarlar inşa olunur. Soyuducu anbarların yaradılması həm məhsulların qorunub saxlanılaraq istehlakçıya çatdırmağa, eyni zamanda bu məhsulların ixracını daha da artırmağa imkan verir.

Ardını oxu...

Müasir cəmiyyət quruculuğunun əsas şərtlərindən biri güclü iqtisadiyyata sahib olmaqdır. Bu mənada, müstəqil Azərbaycanın ümumi inkişaf mənzərəsində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılan uğurları öz davamlılığı ilə xarakterizə etmək mümkündür. Muxtar respublika iqtisadiyyatı, onun stabil artım dinamikası, möhkəm təməllər üzərində qurulmuş strateji xəttə uyğunluğu və güclü iradə hesabına inkişaf etməkdədir.

Əsası ümummilli liderimiz tərəfindən müəyyən olunmuş iqtisadi inkişaf strategiyası müasir uğurlarımızın əsasını təşkil edir. Ölkəmizdə regionların inkişafının diqqət mərkəzində saxlanılması, neft gəlirlərimizin insan kapitalının formalaşmasına yönəldilməsi istiqamətində qəbul edilmiş mühüm dövlət qərarlarının icrası Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişaf etməsinə zəmin yaradıb. Naxçıvanın zəngin yeraltı, yerüstü təbii sərvətlərinin, əmək ehtiyatları və turizm potensialının fəal olaraq iqtisadi dövriyyəyə cəlb olunması bir zamanlar burada möcüzəvi görünən iqtisadi layihələri reallığa çevirib. Bəli, bu, indi çoxlarına təəccüblü görünsə də, indi Naxçıvan minik avtomobillərinin istehsal olunduğu, ərazisinin, demək olar ki, tamamında yüksəkkeyfiyyətli 4G mobil rabitə şəbəkəsinin xidmətlərindən istifadə edilən, yaxın regionda ən güclü Günəş Elektrik Stansiyasının işə salındığı, ildə 450 minə yaxın turistin səfər etdiyi bir məkana çevrilib. Naxçıvanda həyata keçirilən iqtisadi layihələrlə bərabər, irimiqyaslı infrastruktur quruculuğu əhalinin həyat səviyyəsini kökündən dəyişdirib. Bu göstəricilər baxımından şəhərlə kəndin bir-birinə yaxınlaşması, əhali gəlirlərinin artırılması, məşğulluq və məskunlaşma məsələləri dövlətin daimi qayğısına çevrilib.

Ardını oxu...

Son illər muxtar respublikamızda digər təsərrüfat sahələri kimi,  arıçılığın inkişafına da böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin verilməsi, onlarla maarifləndirici söhbətlərin aparılması yeni uğurlar qazanılmasına zəmin yaradır. 

Bu dövlət proqramı muxtar respublikamızda arıçılığın təşkilini, hüquqi və iqtisadi əsaslarını müəyyən etməklə bu sahədə münasibətləri tənzimləyir. Arıçılığın inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlər arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına, bazarın yerli məhsullarla təmin olunmasına imkan verib.

Ardını oxu...

Şərur rayonunda əhalinin təmiz və keyfiyyətli içməli su ilə təmin olunması, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər davam etdirilir.

Bu günədək tutumu 7 min 500 kubmetr olan 1 ədəd və hər biri 10 min kubmetr su tutan 2 anbar tikilib, mövcud olan qalereyanın təmiri, yeni infrastrukturların,­­ siyirtmə kamerasının tikintisi başa çatdırılıb. Bundan başqa, qalereyadan anbarlara qədər 1,5 kilometr uzunluğunda boru xətti, buradan Şərur şəhərinə qədər 7,1 kilometr əsas aparıcı boru xətti çəkilib. 50 kilometrdən artıq müxtəlif diametrli paylayıcı su xətləri, buna paralel olaraq kanalizasiya xətləri hazır vəziyyətə gətirilib, evlərə birləşdirici xətlərin çəkilişi davam etdirilib.
Hazırda əsas işlər rayon mərkəzinin prospekt və küçələrində aparılır. Su və kanalizasiya şəbəkələrinin çəkilişi zamanı istifadə olunan su sayğacları, borular, quyu qapaqları, yanğın hidrantları və digər avadanlıqlar yüksək keyfiyyətə malikdir. İşlərin gedişində diametri 110 millimetrdən min millimetrədək olan borulardan istifadə edilir.

Səbuhi HÜSEYNOV

Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Bu tədbirlərin davamı olaraq Culfa rayonunun Dizə kəndində aparılan abadlıq və quruculuq işləri çərçivəsində kənd yolu yenidən qurulur. Hələ iki il bundan öncə uzunluğu 6,5 kilometr olan bu yolda torpaq işləri görülmüş, suötürücülər quraşdırılmışdı. Bu işlərin davamı olaraq hazırda yolun kənarında suaxıdıcı kanallar çəkilir, yola asfalt örtüyü salınır. İnşaatçılar Culfa-Ordubad magistralından Dizə kəndinə ayrılan yolun 6,5 kilometr hissəsində torpağın hamarlanaraq bərkidilməsi və yolun genişləndirilməsi işinə başlayıblar.
Təhlükəsizlik məqsədilə yolun yaxınlığından keçən qaz xəttinin də daha kənardan çəkilməsinə başlanılıb. Naxçıvan Yol Təmir-Tikinti İdarəsi tərəfindən həyata keçirilən yenidənqurma işlərində keyfiyyət amilinə üstünlük verilir.

 Səbuhi HÜSEYNOV

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədə­rək rayonunun təsərrüfatlarında da torpaq mülkiyyətçiləri tərəfindən yay təsərrüfat işləri davam etdirilir. Bölgədə taxıl əkiləcək sahələrdə şum qaldırılır, meyvə bağlarının, tərəvəz əkini sahələrinin məhsulu tədarük edilir.

Muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısı, onlar üçün hərtərəfli şəraitin yaradılması, texnika və gübrə ilə təchizatda tətbiq olunan güzəştlər sədərəkli torpaq mülkiyyətçiləri tərəfindən minnətdarlıqla qarşılanır, onları daha həvəslə işləməyə sövq edir, son illərdə aqrar sahənin inkişafı hər bir torpaq mülkiyyətçisini daha da ruhlandırır, yeni-yeni uğurlar qazanmağa həvəsləndirir.

Ardını oxu...

Qədim Naxçıvan torpağı yeraltı və yerüstü sərvətləri, əvəzolunmaz nemətləri ilə zəngindir. Bu diyarın havası, suyu, torpağında bitən bitkiləri, necə deyərlər, dərdlərə dərman, qəlblərə məlhəmdir. Bir sözlə, Tanrı bu məmləkətə bir-birindən dəyərli faydalı qazıntılar bəxş edib. Bu nemətlər arasında duzun xüsusi yeri vardır.
Bu gün mağazalarda cüzi qiymətə satılan duzun, əslində, necə böyük zəhmət və alın təri hesabına istehsal olunduğunu çoxumuz bilmirik. “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyiblər. Elə bu düşüncəylə ötən günlərdə həmin ünvana yol aldıq. İlk öncə “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayevlə söhbət etdik. O, bizimlə söhbətində bildirdi ki, bu ərazidə hələ qədimdən primitiv üsulla duz çıxarılıb. Həmin duz məişət­də istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılıb. Bu mənada, duz həm də yaxşı gəlir mənbəyi hesab olunub. Duzdağ yatağından sənaye üsulu ilə duzun çıxarılmasına ilk dəfə 1927-ci ildə başlanılıb.

Ardını oxu...

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərinin bir istiqamətini də ictimai yaşayış binalarının təmir olunması və yenidən qurulması təşkil edir. Bu tədbirlərin davamı olaraq Şərur şəhərinin Heydər Əliyev prospektindəki 35 nömrəli binada “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən əsaslı təmir işləri aparılır. 

Avqustun əvvəlindən yenidən qurulmasına start verilən 60 mənzilli binada ilkin mərhələdə fasad hissənin suvağı sökülür, eyvanlardakı qapı və pəncərələr çıxarılır, xüsusi konstruksiyalarla bərkidilir. Sonra isə təzə qapı-pəncərələr asılacaq, fasad hissəyə layihəyə uyğun olaraq xüsusi lövhələr, bəzi yerlərə isə metal təbəqə bərkidiləcəkdir.
Görülən bütün işlərdə, ilk növbədə, milli ornamentlərə üstünlük verilir.
Dəhlizlərdə də əsaslı təmir işləri aparılacaq, mərtəbələrarası pilləkənlər və dəmir istinad çəpərləri, giriş qapıları dəyişdiriləcək, döşəməyə travertin üzlüklər döşənəcək, mənzillərə daxil olan su, kanalizasiya və elektrik xətləri yenilənəcəkdir.
Əsaslı təmir işlərinin qısa müddətdə başa çatdırılması nəzərdə tutulub.

Mehman MƏMMƏDOV

Heyvandarlıq məhsulları hər birimizin gündəlik qida rasionunda mühüm yer tutur. Çünki bu məhsulların tərkibi insan orqanizminə lazım olan zülal, yağ və vitaminlərlə zəngindir. Ancaq etiraf etmək lazımdır ki, insan sağlamlığı da məhz qəbul edilən bu məhsulların tərkibinin keyfiyyətli olmasından asılıdır. Əks-təqdirdə müxtəlif xəstəliklərə yoluxmağımız da qaçılmaz olar. 

Araşdırmalar nəticəsində məlum olub ki, heyvanlarda olan yoluxucu xəstəliklərin 60 faizinin insanlara keçmə ehtimalı var. Məhz buna görə də heyvandarlıq məhsullarının sağlam tərkibinə zəmanət verilməsi baytarlıq xidmətinin nə qədər zəruri bir sahə olduğunu göstərir. Əbəs yerə deyilmir ki, səhiyyə insanları, baytarlıq isə bəşəriyyəti müalicə edir. Bəlkə də buna görədir ki, bu sahədə aparılan işlər tibdən daha çətindir. Ona görə ki, həkim öz pasiyentini müalicə edərkən onunla və yaxud yaxınları ilə söhbət edərək xəstəlik haqqında məlumatlar almaq imkanına malikdir, baytar həkimlərin isə belə imkanları məhduddur. Buna görə də baytar həkimlər bilik və təcrübəyə əsaslanmaqla, həm də yüksək hiss və duyarlılıq keyfiyyətlərinə malik olmalıdırlar. Bu baxımdan müasir dövrdə istehlakçıların təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatında baytarlıq xidmətlərinin rolu böyükdür. Eyni zamanda hazırda bütün ölkələr üçün strateji sahə hesab edilən ərzaq təhlükəsizliyi məsələlərinin həlli yüksəkkeyfiyyətli baytarlıq xidmətinin təşkilindən birbaşa asılıdır. Bəs cari ilin ötən dövründə muxtar respublikada bu xidmətin fəaliyyəti necə təşkil olunub? Suala cavab almaq üçün bu günlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində olduq.
Xidmətin rəisi Əbil Əbilov bizimlə söhbətində bildirdi ki, muxtar respublikada keyfiyyətli baytarlıq xidmətinin təşkili hər zaman diqqət mərkəzində saxlanılıb.

Ardını oxu...

Sədərək rayonunun Heydərabad qəsəbəsində “Məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan mütərəqqi üsullar” mövzusunda keçirilən maarifləndirici tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açıb.
Fondun Sədərək rayon şöbəsinin müdiri Nəsimi Rzayev kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər haqqında tədbir iştirakçılarına məlumat verib.
Qeyd edilib ki, ödəyicilər məcburi dövlət sosial sığorta haqlarını həm fondun internet səhifəsindən plastik bankomat kartları vasitəsilə, həm banklarda nağd qaydada onlayn üsulla, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilərlər.

Ardını oxu...

Şahbuz rayonunda son illər aqrar sahədə əldə edilən nailiyyətlər nəzərəçarpacaq dərəcədə diqqət çəkir. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamının icrası ilə bağlı məhsul istehsalçılarına istifadə etdikləri yanacaq, motor yağlarına görə yardımların və gübrələrin verilməsi davam etdirilib, onlara 208 tondan artıq gübrə verilib, yazlıq əkinlə bağlı 5300 manat həcmində vəsait ödənilib.
Məlumatda bildirilir ki, bu ilin məhsulu üçün ötən ilin payızında 1389 hektar, cari ilin yazında isə 202 hektar sahədə taxıl əkini aparılıb. Artıq taxıl tədarükü başa çatıb. Şahbuzlu taxılçılar 4252 ton məhsula sahib olublar. Torpaq mülkiyyətçiləri digər əkinçilik sahələrində də bol məhsul istehsal etmək üçün hərtərəfli dövlət qayğısından bəhrələniblər. Belə ki, cari ildə 426 hektar sahədə kartof, 164 hektar sahədə tərəvəz, 243 hektar sahədə dənli-paxlalı, 9 hektar sahədə bostan bitkiləri və 217 hektar sahədə digər əkinlər aparılıb. Kənd adamlarının erkən yazdan çəkdikləri zəhmət hədər getməyib. Bu günədək 250 hektar sahənin məhsulu toplanılıb.
Meyvəçiliyin inkişafı da diqqət mərkəzində saxlanılıb, meyvə bağlarından 936 ton məhsul yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Cari ildə yaşıllaşdırma tədbirləri davam etdirilib, 3,3 hektar sahədə yeni bağ salınıb, 0,8 hektar sahədə bərpa işləri aparılıb, 4660 ədəd yeni meyvə, 420 üzüm tingi əkilib.

 Muxtar MƏMMƏDOV

Ordubad rayonunun Yuxarı Əylis kəndini əhatəyə alan dağların, sərt qayaların, buradakı meyvə ağaclarının, çeşmələrin, yaraşıqlı evlərin yaratdığı gözəllik duyğusu insanı məftun edir. Bu yaşayış məntəqəsi Əylis çayının sahilində, dağ ətəyində yerləşir.
Xalq deyimlərində kəndin adı zamanına görə müxtəlif cür işlədilib və tarixi türk torpağıdır. Filologiya elmləri doktoru ­mərhum Adil Bağırov Əylis toponimindən bəhs edərkən yazırdı: “Ordubad rayonunda Aşağı Əylis və Yuxarı Əylis adlı iki kənd vardır. Bu adlar 1590-cı ildə Əylis və Səhrayi-Əylis kəndi, 1727 və 1728-ci illərdə isə Aşağı Əylis və Yuxarı Əylis adları ilə qeydə alınıb”.
Kənd ziyalısı Yusif Qədirquliyev deyir ki, Yuxarı Əylis kəndi ən qədim yaşayış məskənlərindən biridir. Tarixi hələ eramızın əvvəllərinədək gedib çıxır. Kəndin qədim inkişaf dövrü isə Səfəvilərin hakimiyyəti illərinə təsadüf edir. İstənilən tarixi mənbələrdə Əylis artıq XVII əsrdən etibarən bir orta əsr şəhəri kimi təqdim edilir. Böyük İpək Yolu üzərində yerləşən kənd həm də əhəmiyyətli ticarət mərkəzi olub. Mövcud karvansara qalıqları da dediklərimizi sübut edir. Əylis kəndi orta əsr şəhəri kimi XIX əsrədək mövcud olub. XIX əsrin 70-ci illərində baş verən təbii fəlakət – sel kəndi iki hissəyə ayırıb, bu yaşayış məntəqələri Aşağı və Yuxarı Əylis adlandırılıb.

Ardını oxu...

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar öz müsbət nəticələrini verməkdədir. Ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını təmin edən proqramlar sırasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin önəmli yeri var. Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi layihə çərçivəsində ölkəmizin müxtəlif regionlarında, eləcə də muxtar respublikamızda bir çox tədbirlər həyata keçirilir.
Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Dünya Bankının layihə üzrə Tapşırıq Qrupunun rəhbərləri Satoşi İşihara və Tara Şarafudin Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olublar. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində bu münasibətlə görüş keçirilmiş, layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır. Qonaqlar muxtar respublikaya səfərlə bağlı təəssüratlarını “Şərq qapısı” qəzetinin əməkdaşı ilə də bölüşüblər.

Ardını oxu...

Bu zavod iqtisadi potensialımızın daha da möhkəmləndirilməsinə böyük töhfədir

Muxtar respublikamızın elə bir şəhəri, qəsəbəsi, kəndi olmaz ki, doğma diyarımızda gedən genişmiqyaslı quruculuq işlərindən bəhrələnməsin. Paytaxt Naxçıvan şəhərində, rayon mərkəzlərində, qəsəbə və kənd yaşayış məntəqələrində sürətlə aparılan quruculuq işləri bütün bölgələrimizdə eyni səviyyədə həyata keçirilir.

Ardını oxu...

Müasir iqtisadiyyatın inkişafı onun çoxşaxəliliyinin təmin olunması ilə sıx bağlıdır. Bu gün əhali tələbatlarının artması və eyni zamanda idxaldan asılılığın azaldılması məsələləri ilə əlaqədar bir sıra iqtisadi layihələr reallaşdırılır, yeni layihələr üzərində iş aparılır, kənd təsərrüfatının əhəmiyyət kəsb edən sahələri yenidən inkişaf etdirilir. Bu baxımdan çox da uzaq olmayan keçmişdə ölkə­mizdə və muxtar respublikamızda mühüm ixracyönümlü istehsal sahələrindən biri olmuş tütünçülüyün də inkişafına diqqət artırılır.
Tütün və tütün məhsullarının sağlamlığa zərəri ilə bağlı hər bir kəsin kifayət qədər məlumatı vardır. Zərərli vərdiş kimi insanlar arasında yayılmış tütünçülük məhsullarına olan aludəçiliyin azaldılması, onun tamamən yox edilməsi üçün qanunvericilik səviyyəsində ciddi addımlar atılır. Bununla yanaşı, hazır istehlak məqsədilə tütünçülük məhsullarının idxal olunması da ölkə iqtisadiyyatına ciddi valyuta itkisi ilə nəticələnir. Ona görə də bu sahə üzrə yerli imkanlardan səmərəli istifadə olunması ən azından iqtisadi cəhətdən gəlirliyin təmin olunması deməkdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” isə bu sahəyə olan diqqətin bariz nümunəsidir.

Ardını oxu...

Muxtar respublikada səhiyyə sistemində həyata keçirilən islahatlar bu gün keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi bu gün muxtar respublikada uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Tikilən yeni xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb.
Səhiyyə sahəsində aparılan quruculuq tədbirlərinin davamı olaraq hazırda Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası binasının yenidən qurulması davam etdirilir. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən binanın çardaq hissəsi yenilənir, interyer dizaynına yeni elementlər əlavə olunur. Bundan başqa, inşaatçılar fasad hissənin müasir üslubda üzlənməsini də həyata keçirir, binanın kommunikasiya xətlərini dəyişdirir, həyətdə abadlıq işlərinə hazırlıq görürlər.

Ardını oxu...

Bu gün barlı-bəhərli münbit torpaqlarımızda müxtəlif əkinçilik məhsulları yetişdirilir, bolluq yaradılır, daxili bazarın tələbatının ödənilməsi üçün torpaq mülkiyyətçilərinə hərtərəfli qayğı göstərilir. Yetişdirilən belə məhsullar içərisində ikinci çörək hesab etdiyimiz kartof da üstünlük təşkil edir. Fərəhlə qeyd etmək olar ki, digər ərzaq məhsulları ilə yanaşı, kartofun bolluğu onun qiymətinin münasib olmasına, həm də alıcıların tələbatını yerli məhsullar hesabına ödənilməsinə gətirib çıxarır. Bu mövzuya müraciət etməyimiz də təsadüfi deyil. İnsanların gündəlik qida rasionunda onun mühüm yeri var. İl ərzində bir nəfərə 120 kiloqram kartof norması düşür. 

Muxtar respublikanın torpaq-iqlim şərtləri yüksəkkeyfiyyətli kartof məhsulu götürməyə imkan verir. Hətta aran zonalarda il ərzində iki dəfə məhsul əldə etmək mümkündür. Bu vacib sahənin intensiv amillər hesabına inkişaf etdirilməsi məhsul bolluğunun yaradılmasını təmin edib. Belə ki, ildən-ilə kartof istehsalı artan templə davam edir. 2016-cı ildə bu göstərici 46 min 400 tona çatdırılıb.

Ardını oxu...

Muxtar respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında toxumçuluq təsərrüfatlarının üzərinə mühüm vəzifələr düşür. Çünki torpaq mülkiyyətçilərini, fermer və sahibkarları yüksəkkeyfiyyətli toxumlarla təmin etmək məhz bu təsərrüfatların vəzifəsidir.
Naxçıvanda uzun illərdir ki, fəaliyyət göstərən Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi də işini bu istiqamətdə uğurla həyata keçirir. Birliyin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən müəssisəyə yollandıq.
“Araz” Elm-İstehsalat Birliyinin direktoru Bəhruz Bayramov bizimlə söhbət zamanı bildirdi ki, bu müəssisə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə tabe olan struktur təşkilatdır. Birliyin yaradılmasında məqsəd muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun bitkiçilik və heyvandarlıq sahələrində elmi-tədqiqat işləri aparmaq, məhsuldar toxum sortları yetişdirmək, qazanılmış müsbət nəticələri təsərrüfatlara tövsiyə etməkdir. Birliyin nəzdində 5 şöbə, Şərur, Ordubad dayaq məntəqələri, Şıxmahmud, Nehrəm sort sınaq məntəqələri və Yardımçı Təcrübə Təsərrüfatı fəaliyyət göstərir. İstər şöbə və məntəqələrdə, istərsə də Yardımçı Təcrübə Təsərrüfatında ötən dövr ərzində muxtar respublikanın rayonlarında torpaq-iqlim şəraitinə uyğun elmi-tədqiqat işləri aparılıb.

Ardını oxu...

Muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrindən olan heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır.

Son illər heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, məhsuldar cins mal-qaranın alınıb gətirilməsi, süni mayalandırmanın tətbiqi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz təsirini göstərib.
Mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında, məhsuldarlığın yüksəldilməsində süni mayalandırmanın tətbiqi son illərdə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Həyata keçirilən tədbirlər cari ilin birinci yarımilində də davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətindən aldığımız məlumata görə, hazırda muxtar respublikada 23 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Cari ilin 1 iyul tarixinə olan məlumata görə, muxtar respublikada 5615 baş iribuynuzlu mal-qarada süni mayalandırma tətbiq olunub, 3807 baş bala alınıb.
Qeyd edək ki, muxtar respublikada heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə göstərilən dövlət dəstəyi nəticəsində son illərdə bu sahədə xeyli müsbət nəticələr əldə olunub. 2000-ci illə müqayisədə 2017-ci ilin ötən dövründə regionumuzda iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 2 dəfəyədək artıb.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR