Muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrindən olan heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır.
Son illər heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, məhsuldar cins mal-qaranın alınıb gətirilməsi, süni mayalandırmanın tətbiqi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz təsirini göstərib.
Mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında, məhsuldarlığın yüksəldilməsində süni mayalandırmanın tətbiqi son illərdə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Həyata keçirilən tədbirlər cari ilin birinci yarımilində də davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətindən aldığımız məlumata görə, hazırda muxtar respublikada 23 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Cari ilin 1 iyul tarixinə olan məlumata görə, muxtar respublikada 5615 baş iribuynuzlu mal-qarada süni mayalandırma tətbiq olunub, 3807 baş bala alınıb.
Qeyd edək ki, muxtar respublikada heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə göstərilən dövlət dəstəyi nəticəsində son illərdə bu sahədə xeyli müsbət nəticələr əldə olunub. 2000-ci illə müqayisədə 2017-ci ilin ötən dövründə regionumuzda iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 2 dəfəyədək artıb.
Səbuhi HƏSƏNOV