Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində respublikamızda üzümçülük sürətlə inkişaf edib. Ulu öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülən tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötüb. Bu isə aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olub. Ötən əsrin 80-ci illərində hər il Azərbaycanda ticarət təşkilatlarına 30 min ton, o cümlədən Bakı şəhərinə 15-16 min ton süfrə üzümü göndərilirdi. Respublikadan kənara isə daha çox – 230-240 min ton süfrə üzümü ixrac edilirdi.
Lakin keçmiş ittifaq rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərar respublikamızda, o cümlədən muxtar respublikamızda üzümçülüyün inkişafına ciddi zərbə vurub. Bu cür qərəzli qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağı məhv edilib və uzun illər böyük zəhmət hesabına yaradılan infrastruktur dağıdılıb. Respublika iqtisadiyyatına ovaxtkı qiymətlərlə 630 milyon manat dəyərində ziyan dəyib.
1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra üzümçülük-şərabçılıq sahəsinə diqqət yenidən artıb. Ulu öndərin məqsədyönlü siyasəti sayəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başladı. Azərbaycanın qədim üzümçülük zonaları olan Naxçıvan, Şamaxı, Cəlilabad rayonlarında və bir sıra digər bölgələrdə yerli üzüm sortlarından ibarət yeni üzüm bağları salınıb.
Bu siyasət bu gün ölkəmizdə və muxtar respublikamızda uğurla davam etdirilir. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikanın bütün bölgələrində bu sahənin inkişafına təkan verib. Üzümçülüyün inkişafında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının üzərinə də mühüm vəzifələr qoyulub. Belə ki, bölgədə aqrar sektorda yeni-yeni nailiyyətlər əldə etmək üçün əsas məsələlərdən biri də müasir dövrün tələblərinə cavab verən yeni metodların tətbiqi ilə yanaşı, torpaqlardan səmərəli istifadə olunmasıdır. Məhz bu baxımdan üzümçülüyün inkişaf etdirilməsi torpaqların potensial imkanlarının müəyyənləşdirilməsində ərazinin fiziki-coğrafi şəraitinin öyrənilməsi ilə bərabər, torpaqların üzüm bitkisi altında qiymətləndirilməsi, aqroistehsalat qruplaşdırılması və münbitlik modellərinin qurulması vacib məsələ kimi qarşıda durur.
Onu da deyək ki, muxtar respublikada təbii və mədəni bitkilər altında torpaqların xüsusi qiymət balları Azərbaycanda, o cümlədən xarici ölkələrdə tərtib olunan metodikalar əsasında (100 ballıq şkala ilə) hesablanır. Apardığımız tədqiqatlar əsasında muxtar respublikanın təbii, xüsusilə mədəni bitkilərə (yem, taxıl, üzüm və tərəvəz) yararlı torpaqların konkret olaraq ümumi sahəsi müəyyənləşdirilib, orta məhsuldarlığı və qiymət balları hesablanıb. Burada biz ancaq muxtar respublikada üzüm bitkisi altında torpaqların qiymətləndirilməsi, aqroistehsalat qruplaşdırılması və münbitlik modellərinin qurulması haqqında məlumatları oxucularla paylaşacağıq.
İlk öncə üzüm bitkisi altında torpaqların qiymətləndirilmə ballarına diqqət yetirək. Aparılmış elmi araşdırmalar nəticəsində aydın olur ki, üzüm bitkisi altında ən yüksək mədəniləşmiş qəhvəyi 100, tünd-qəhvəyi 98, suvarılan qəhvəyi 92, qədimdən suvarılan-boz 85, suvarılan boz-qonur 73, çəmən-qəhvəyi 68, ən aşağı boz 45, ibtidai-boz isə 39 bal (qiymət) alıb. Üzüm bitkisi altında yüksək bal alan torpaqlar digər mədəni (yem, taxıl, tərəvəz və sair) bitkilərdən tamamilə fərqlənir.
Tədqiqat işində mədəni bitkilər altında torpaqların qiymətləndirilməsindən sonra əsas mərhələlərdən biri də torpaqların aqroistehsalat qruplaşdırılmasıdır. Muxtar respublikada torpaqların mədəni bitkilər altında məhsuldarlığının dəqiq hesabatının, o cümlədən aqroistehsalat qruplaşdırılmasının aparılması əlavə xərclərdən azad olmağa şərait yaradır. Torpaqların aqroistehsalat qruplaşdırılması onun münbitlik göstəricilərinə (qiymət ballarına) və üzərində bitən bitkilərin məhsuldarlığına görə bir qrupda birləşdirilməsidir.
Öncə torpaqların qiymətləndirilməsində qeyd etdiyimiz qiymət ballarının nəticələrindən istifadə edərək, Azərbaycanın torpaqlarında tərtib olunmuş qiymət balları, qruplar və sinifləri əsasında muxtar respublikada üzüməyararlı torpaqların aqroistehsalat qruplaşdırılması aparılıb, 5 qrup və 10 sinif daxilində birləşdirilərək cədvəl tərtib olunub. Həmçinin burada üzüməyararlı torpaqların əsas qiymət ballarına uyğun ballar hər bir qrupda birləşdirilərək aqroistehsalat qruplaşdırılması aparılıb və müqayisəli nisbi dəyərlilik əmsalları hesablanıb.
Apardığımız təhlillərdə üzüməyararlı 56 min 60 hektar sahənin 21,91 faizi və ya 12 min 285 hektarını yüksəkkeyfiyyətli (I qrup), 61,96 faizi və ya 34 min 725 hektarını yaxşıkeyfiyyətli (II qrup), 15,33 faizi və ya 8 min 595 hektarını ortakeyfiyyətli (III qrup), 0,80 faizi və ya 455 hektarını isə aşağıkeyfiyyətli (IV qrup) torpaqlar təşkil edir.
Qeyd olunan aşağıkeyfiyyətli torpaqlara kompleks aqrotexniki tədbirlər sisteminin və aqromeliorativ tədbir olaraq yerli seolitin tətbiqi üzüm bitkisinin bu torpaqlarda yaxşı böyüyüb inkişaf etməsinə şərait yaradır. Burada quraqlıq olan illərdə kolları vaxtlı-vaxtında suvarmaqla yüksək məhsul əldə etmək də mümkündür. Muxtar respublikada üzüm bitkisinə yararlı torpaqlar, demək olar ki, bütün inzibati rayonlarda mövcuddur.
Beləliklə, apardığımız tədqiqatlar əsasında muxtar respublika torpaqlarının qiymət balları və aqroistehsalat qruplaşması onların orta balını, torpaqların müqayisəli dəyərlilik əmsalı (TMDƏ) və torpaqların keyfiyyət qrupu üzrə sahələrini hesablamağa imkan verir.
Torpaqlardan maksimum dərəcədə səmərəli istifadə etmək üçün müasir metodlardan biri də mədəni bitkilər altında torpaqların münbitlik modellərini qurmaqdır. Muxtar respublikada bu istiqamətdə apardığımız tədqiqat işləri nəticəsində üzüm bitkisi (Hənəqırna sortu) altında da torpaqların münbitlik modeli qurulub. Münbitlik modelini qurmaq üçün ərazidə 2 torpaq tipi boz-çəmən və qəhvəyi torpaqları seçilib. İlk öncə üzüm bitkisi altında boz-çəmən torpaqların münbitlik modelinin qurulmasına diqqət yetirək. Bu torpaqlarda münbitlik modelini qurarkən AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun nəzdində olan “Şornav” təcrübə sahəsindəki üzüm bağından istifadə olunub. Qəhvəyi torpaqların münbitlik modeli qurularkən, Culfa rayonunun Saltaq və Bənəniyar kəndləri (Əlincəçayın terraslarında) və Ordubad rayonunun Aşağı Əylis kəndinin torpaq sahələrində yayılan üzümlüklərdən istifadə olunub.
Üzüm bitkisi altında qurulmuş münbitlik modellərində boz-çəmən torpaqlarında humusun faktiki göstəricisi 1,7, optimal göstəricisi 2, bunlar arasında fərq isə 0,3 faiz təşkil edirsə, qəhvəyi torpaqlarda isə humusun faktiki göstəricisi 3,7, optimal göstəricisi 4, bunlar arasında fərq isə 0,3 faiz təşkil edir. Aparılan təhlillər əsasında üzüm bitkisi altında 2 torpaq tipində (boz-çəmən və qəhvəyi) qurulmuş münbitlik modelində faktiki və optimal göstəricilər arasında fərqlər müəyyən edilərək üzüm bitkisi altında torpaqların münbitliyini artırmaq üçün də imkanlar göstərilib. Gəlinən nəticə bunu deməyə əsas verir ki, bu imkanlardan muxtar respublika şəraitində səmərəli istifadə etməklə üzümçülük sahəsində yüksək məhsuldarlığa nail olmaq mümkündür. Qurulmuş münbitlik modelində boz-çəmən torpaqlarında üzüm bitkisi (Hənəqırna sortu) altında nəzarət variantında orta hesabla 2 min manata qarşı tətbiq variantında 2 min 500 manat, dağ-qəhvəyi torpaqlarda isə 4 min manata qarşı 5 min manat xalis gəlir əldə olunub. Bu baxımdan muxtar respublikanın torpaq-iqlim zonalarında üzüm bitkisi üçün qurduğumuz model əvvəlki tədqiqatlara nisbətən elmi və praktik cəhətdən əhəmiyyətlidir.
Son illər ölkəmizdə bu istiqamətdə aparılan elmi-tədqiqat işləri gücləndirilib. Belə ki, torpağın tərkib və xassələrinin ayrı-ayrı bitkilərin məhsuldarlığı ilə əlaqəsinin tədqiqi Azərbaycan Respublikasının digər bölgələrində və Naxçıvan Muxtar Respublikasında torpaqların faktiki və optimal parametrlərinin işlənməsinə də imkan yaradıb. Bu zaman torpaqdan istifadənin əsas məqsədi torpaq münbitliyinin geniş təkrar istehsalı və bu əsasda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması məsələsi, torpaqların münbitliyinin səviyyəsini müəyyən edən torpağın əsas xassə və rejimlərinin optimallaşdırılması istiqamətində getməlidir.
Təbii ki, torpaq münbitliyinin konkret modelləri üzərində bir çox tədqiqatçıların, hətta aqronom-mütəxəssislərin işləməsi, bu modellərin iqtisadi səmərəliliyinin uzun illər ərzində təsərrüfatlarda yoxlanması tələb olunur.
Muxtar respublikada üzüməyararlı torpaqlarda münbitlik modeli üzrə apardığımız tədqiqat işlərinin nəticələrindən tövsiyə şəklində hazırlanıb və istifadə etmək üçün təsərrüfatlara verilib. Gələcəkdə Naxçıvan Muxtar Respublikasında üzüm bitkilərinin bir sortu üzrə deyil, regionda becərilən digər sortlar altında uyğun torpaqların münbitlik modellərinin qurulması istiqamətində də elmi-tədqiqat işlərinin aparılmasının genişləndirilməsi nəzərdə tutulur.
Sahib HACIYEV
aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent