Muxtar respublikamızda bu istiqamətdə görülən işlər uğurla davam etdirilir
Yol mədəniyyət, yol inkişaf, yol həyat deməkdir. Ona görə də deyirlər ki, hər bir yaşayış məntəqəsinin siması onun yolundan bilinir. Yol iqtisadiyyatın inkişafında mühüm rol oynayan vasitələrdən biridir. Yol tikintisi layihələrinin uğurla icra olunmasının ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynadığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olmuşdur. İlk növbədə magistral yollardan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir... Həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır, ayrılacaqdır. Bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır”.
Neçə illərdir ki, əsl quruculuq ünvanına çevrilmiş muxtar respublikamızda son illər bu istiqamətdə xeyli iş görülüb, paytaxt şəhərimiz Naxçıvandan tutmuş ən ucqar sərhəd və dağ kəndlərimizdə bu gün müasir yol infrastrukturu qurulub. Uzunluğu 82 kilometr olan dördzolaqlı Naxçıvan-Sədərək magistralı, Təzəkənd-Çalxanqala-Qıvraq, Çeşməbasar-Boyəhməd avtomobil yolları müasirliyi ilə diqqəti çəkir. Böyük İpək Yolunun bərpası istiqamətində 8 kilometrdən çox uzunluğu olan Naxçıvan dairəvi avtomobil yolu, 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistralı bu istiqamətdə həyata keçirilən tədbirlərin bariz ifadəsidir. Muxtar respublikada aparılan yol quruculuğu Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunu da müasirliyə qovuşdurub. Bununla Culfa rayonunun Əlincəçay vadisi boyunca yerləşən və 25 sakinin yaşadığı 20 kəndi, Kəngərli rayonunda 12 min insanın yaşadığı 5 kəndi, Hacıvar-Vayxır-Sirab istiqamətində 18 min sakinin yaşadığı 13 kəndi birləşdirən yollarda intensiv və təhlükəsiz hərəkət təmin edilib. 31 min nəfərdən çox insanın yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd yolu da yol təsərrüfatına göstərilən qayğının ifadəsidir.
Bu tədbirlərin davamı kimi, avqustun 18-də Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhəri ilə birləşdirən avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Adıçəkilən kəndlərin sakinlərinin böyük sevincinə səbəb olan və həmin yaşayış məntəqələrini Naxçıvan şəhərinin Xətai məhəlləsi ilə birləşdirən avtomobil yolunun uzunluğu 13,3 kilometrdir. Yolda xeyli yenidənqurma tədbirləri həyata keçirilib. Yol yatağı genişləndirilib, asfalt örtük salınıb. Görülən işlərin keyfiyyətinə ciddi diqqət yetirilib. Yenidənqurma çərçivəsində 114 su keçidi qoyulub, yolun yaşayış məntəqələrindən keçən hissəsində 2 min 160 metr məsafədə beton kanal çəkilib, 1400 metr kənddaxili yollar da yenidən qurulub.
Daha bir quruculuq tədbiri isə həmin yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsidir. Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi “Su təchizatı və kanalizasiya investisiya Proqramı layihə-2” üzrə qənaət olunmuş vəsait hesabına həyata keçirilib. 2016-cı ilin yanvar ayında başlanılan tikinti işləri çərçivəsində hər iki kənddə, ümumilikdə, 37,3 kilometr uzunluğunda müxtəlif diametrli borularla içməli su xətti çəkilib, 1103 evə su verilərək sayğac quraşdırılıb. Bununla 4 mindən artıq sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilib. Su şəbəkəsinin üzərində 7 yanğın hidrantı və 3 suboşaldıcı qoyulub. Şıxmahmud və Xəlilli kəndlərində müxtəlif diametrli borularla 34,5 kilometr uzunluğunda kanalizasiya xətləri də çəkilərək bütün mənzillər şəbəkəyə qoşulub.
Həmin yaşayış məntəqələrində bundan sonra əkin sahələrinin suvarılmasında da heç bir problem olmayacaq. Bunun üçün Uzunoba Su Anbarından sugətirən 1800 metr uzunluğundakı kanal yenidən qurularaq betonla üzlənib. Yeni içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu gün Şıxmahmud və Xəlilli kəndlərinin həyatında əlamətdar gündür. Çünki su həyat, yol abadlıq və rahatlıq, kanalizasiya sistemləri isə təmizlik və sağlamlıq deməkdir. Bütün bunlara Şıxmahmud və Xəlilli kəndlərində nail olunub. Naxçıvan şəhərində içməli su təchizatı və kanalizasiya layihəsi üzrə işlər keyfiyyətlə başa çatdırıldı. Həmin layihədən qənaət olunmuş vəsait hesabına Şıxmahmud və Xəlilli kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi quruldu. Aparılan abadlıq-quruculuq işlərindən sonra hər iki kənd şəhərtipli qəsəbəyə çevrilmişdir”.
Adıçəkilən yaşayış məntəqələrində həyata keçirilmiş quruculuq tədbirlərinə sakinlərin münasibətini öyrənmək məqsədilə həmin kəndlərdə olduq. Şıxmahmud kənd tam orta məktəbinin tarix müəllimi Novruz Mehdiyev dedi ki, muxtar respublikamızda həyata keçirilən tədbirlərin əsasında insanların rahat yaşayışı dayanır. Regionun bütün yaşayış məntəqələrində müasir infrastruktur yaradılır. Son illər şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi muxtar respublikamızda insan amilinə göstərilən qayğının ifadəsi kimi sakinlər tərəfindən yüksək qiymətləndirilir. Bizə göstərilən belə qayğıya görə kənd sakinləri adından dərin minnətdarlığımı bildirirəm.
Kəndin digər bir sakini Qaçay Aslanov: – Neçə illərdir ki, muxtar respublikamızda kənd yaşayış məntəqələrinin abadlaşması, müasir yolların çəkilməsi, su-kanalizasiya sistemlərinin qurulması və insanların rahat yaşayışının təmin olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlər o yerlərdə görülür ki, orada sabitlik və inkişaf olsun. Ölkəmizdə bunun təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Görkəmli dövlət xadiminin Azərbaycana hər iki rəhbərliyi dövründə bu siyasət öz bəhrəsini verib. Bu gün Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ulu öndərin yoluna sədaqətini həyatımızın bütün sahələrinin inkişafında görmək mümkündür. Şıxmahmud kəndində həyata keçirilən tədbirlər bir daha bunu göstərir ki, ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız sürətli inkişaf yolundadır. Bu inkişafın nəticəsidir ki, kəndimizdə kompleks quruculuq tədbirləri həyata keçirilib, insanların rahat və firavan yaşayışı təmin olunub. Şıxmahmudlular onlara göstərilən belə qayğıya əməli işləri ilə cavab verəcəklər.
Xəlilli kənd sakini Yaşar Əliyev: – Şıxmahmud və Xəlilli kəndlərində son illər xeyli abadlıq-quruculuq işləri aparılıb, yeni sosial obyektlər tikilərək istifadəyə verilib. Övladlarımızın yaxşı təhsil alması, sakinlərin sağlamlıqlarının qorunması sahəsində görülən işlər, xidmət sahələrinin istifadəyə verilməsi, elektrik, rabitə və qaz xətlərinin yenilənməsi, məşğulluğun və rahat yaşayışın təmin olunması kəndləri müasir görkəmə qovuşdurub. Bu işlərin davamı olaraq Şıxmahmud-Xəlilli-Naxçıvan şəhər avtomobil yolunun, içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi isə sakinlərin daha böyük sevincinə səbəb olub. Yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızı bildiririk.
Zeyqəm Hacıyev: – Yaşayış məntəqələrində quruculuq işlərinin aparılması, insanların yaşayış tərzinin daha da yaxşılaşdırılması bir məqsədə – dövlətimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edir. Ölkəmizin ən qiymətli sərvəti onun insanlarıdır. İnsanlara qayğı isə bu gün yüksək səviyyədədir. Son illərdə kəndlərimizdə həyata keçirilən kompleks tədbirlər də bunun məntiqi nəticəsidir və hamımızı sevindirir.
Qeyd edək ki, hər iki kənddə sakinlərin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. İnsanlar əkinçiliklə məşğul olur, bol məhsul istehsal edirlər. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə Uzunoba Su Anbarından sugətirən kanalın yenidən qurulması sudan səmərəli istifadəyə və əkin sahələrinin daha da genişləndirilməsinə, bol və keyfiyyətli yerli məhsul istehsalına, əhalinin məşğulluğunun təmin olunmasına imkan verəcək.
Muxtar MƏMMƏDOV