23 Dekabr 2024, Bazar ertəsi

Müasir iqtisadiyyatın inkişafı onun çoxşaxəliliyinin təmin olunması ilə sıx bağlıdır. Bu gün əhali tələbatlarının artması və eyni zamanda idxaldan asılılığın azaldılması məsələləri ilə əlaqədar bir sıra iqtisadi layihələr reallaşdırılır, yeni layihələr üzərində iş aparılır, kənd təsərrüfatının əhəmiyyət kəsb edən sahələri yenidən inkişaf etdirilir. Bu baxımdan çox da uzaq olmayan keçmişdə ölkə­mizdə və muxtar respublikamızda mühüm ixracyönümlü istehsal sahələrindən biri olmuş tütünçülüyün də inkişafına diqqət artırılır.
Tütün və tütün məhsullarının sağlamlığa zərəri ilə bağlı hər bir kəsin kifayət qədər məlumatı vardır. Zərərli vərdiş kimi insanlar arasında yayılmış tütünçülük məhsullarına olan aludəçiliyin azaldılması, onun tamamən yox edilməsi üçün qanunvericilik səviyyəsində ciddi addımlar atılır. Bununla yanaşı, hazır istehlak məqsədilə tütünçülük məhsullarının idxal olunması da ölkə iqtisadiyyatına ciddi valyuta itkisi ilə nəticələnir. Ona görə də bu sahə üzrə yerli imkanlardan səmərəli istifadə olunması ən azından iqtisadi cəhətdən gəlirliyin təmin olunması deməkdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” isə bu sahəyə olan diqqətin bariz nümunəsidir.

Bəs tütünçülüyün inkişafından gözlənilən nəticələr nədir və bu sahə iqtisadi cəhətdən nə dərəcədə səmərəlidir? Əvvəlcə qeyd edək ki, ölkəmizin, o cümlədən muxtar respublikamızın əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala olan tələbatlarının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır. Bu da ənənəvi sahələrin inkişafı ilə mühüm nəticələrin əldə olunmasına imkan verir. Bir vaxtlar belə sahələrdən biri – tütünçülük üzrə istər ölkəmizdə, istərsə də muxtar respublikamızda güclü istehsal-ixrac potensialı olub. Belə ki, 1970-1980-ci illərdə respublikada tütün əkini sahəsi 17 min hektar, istehsalının həcmi isə 60 min tondan çox idi.
Tütünçülüyün inkişafı tütün və tütün məmulatlarına olan tələbatın ödənilməsi ilə yanaşı, bu sahə üzrə emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və tütünçülük məhsullarının ixracının artırılmasına da imkan verəcəkdir. Bundan əlavə, tütünçülüklə məşğul olan kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi baxımından da bu sahənin inkişafı perspektivlidir.
Muxtar respublikamızda tütünçülükdə əsaslı təsərrüfatçılıq ənənələri mövcud olub, bu gün isə həmin sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Belə ki, statistikalara əsasən ötən əsrin 70-80-ci illərində Azərbaycanda tütünçülük öz əhəmiyyətinə görə texniki bitkilər arasında pambıqdan sonra ikinci yeri tuturdu. O dövrdə istehsal olunmuş on minlərlə ton tütünün mühüm bir hissəsi isə Naxçıvanın payına düşürdü. Başqa sözlə, o dövrdə Naxçıvan iqtisadi rayonu tütünçü­lüyün inkişaf həcminə görə Şəki-Zaqatala zonasından sonra ikinci sırada yer almışdı. Həmin dövrlərdə tütün, əsasən, Kəngərli rayonu ərazisində əkilib-becərilib, bu sahədən təsərrüfatlar xeyli gəlir əldə edib.
Son illərdə ölkəmizdə qeyri-neft sektoru sahələrinə olan diqqətin daha da artması ilə muxtar respublikamızda ənənəvi sahələr arasında olmuş tütünçülüyə də maraq artıb. Bu məqsədlə cari il “Cahan Tobacoo” MMC tərəfindən Kəngərli rayonunun ərazisində tütün əkininə başlanılıb. Şirkətdən aldığımız məlumata əsasən bu məqsədlə ilk olaraq müxtəlif yerlərdən götürülmüş torpaq nümunələri laboratoriyada analiz edilib və rayonun Xıncab və Təzəkənd ərazilərinin tütün əkini üçün yararlılığına qərar verilib. Mart ayının əvvəllərindən Xıncab kəndində 5 sot torpaq sahəsində istixanalar qurulub, yetişdirilmiş tütün şitilləri 10 hektara yaxın ərazidə əkilib. Artıq iyul ayından başlayaraq yarpaq yığımına, məhsulun qurudulmasına başlanılıb. “Cahan Tobacoo” MMC-dən bildirdilər ki, tütünçülüyə marağın artması idxal xammalın əvəz olunmasına, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin gəlirlərinin çoxalmasına səbəb ola bilər. Əkilmiş sahələrdən 10 min kiloqramdan artıq quru tütün əldə olunması gözlənilir. Şirkətdən onu da qeyd etdilər ki, bu layihədə hazırda 8 nəfər daimi, 10-12 nəfər günəmuzd işlə təmin edilib.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR