23 Dekabr 2024, Bazar ertəsi

“Zümrüd Tikiş” MMC öz fəaliyyəti ilə muxtar respublikada alıcı rəğbəti qazanmış istehsal müəssisələrindən biridir. Müəssisənin direktoru Mehrəngiz Əkbərova söhbət zamanı qeyd etdi ki, müəssisə 1997-ci ildə 6 nəfər işçi ilə və cəmi ­10-12 ədəd, özü də sovet istehsalı olan avadanlıqlarla fəaliyyətə ­başlayıb.
Ümumi ərazisi 700 kvadratmetr olan müəssisədə Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib.
Mehrəngiz Əkbərova deyir ki, 2010-cu ildə bizə Sahibkarlığa Kömək Fondundan 560 min manat vəsait ayrıldı. 2011-ci il sentyabrın 9-da gündəlik istehsal gücü 150 dəst kostyum olan müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə verildi. 2013-cü ildə isə yeni köynək istehsalı sahəsi yaradılıb. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki Əcəmi 39 ünvanında yerləşən binada yeni istehsal sahəsi yaratmaq üçün təmir-bərpa işləri aparılıb. Layihəyə uyğun olaraq ümumi sahəsi 654 kvadratmetr olan binada istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, iaşə xidməti göstərilməsi üçün yeməkxana və inzibati heyət üçün ayrı-ayrı iş otaqları yaradılıb. Köynək istehsalı sahəsində Yaponiya və Türkiyənin müasir texnoloji avadanlıqlar quraşdırılıb. Türkiyənin “Talay makina” şirkəti ilə müqavilə bağlanılıb, istehsal gücü gündə 1000 ədəd köynək olan yeni istehsal sahəsi yaradılıb ki, bu da daxili bazarın tələbatını tamamilə ödəmə gücünə malikdir.

Onu da bildirək ki, müəssisə rəhbəri 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən “Ən fəal işəgötürən” müsabiqəsi üzrə ikinci yerin sahibi olub.
Yeni tədris ili ilə əlaqədar təhsil müəssisələrindən qəbul edilən sifarişlər vaxtında təhvil verilib. Onu da qeyd edək ki, istehsal olunan məhsullar muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, həmçinin rayon mərkəzlərindəki mağazalarda satılır.
Valideynlərlə söhbətimizdən öyrənirik ki, vahid məktəbli formalarının münasib qiymətlərə satılması, keyfiyyətli olması hamının ürəyincədir.
Öyrəndik ki, gün ərzində onlara ölçüləri uyğun olmayan 30-35 şagird müraciət edir. Sifarişlər çox olduğundan formaların çatdırılmasında da gecikmələr istisna edilmir, lakin götürülən öhdəlikləri vaxtında yerinə yetirməyə səy göstərirlər.
Müəssisə bu gün təkcə muxtar respublikanın ali və orta məktəblərinin müəllim və şagirdləri üçün geyim formalarının istehsalı ilə məşğul olmur, həm də hüquq-mühafizə orqanlarından, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən, Naxçıvan Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarələrindən də sifarişlər qəbul edir. Onu da qeyd edək ki, hazırda müəssisədə sifarişə uyğun Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, eləcə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları üçün xüsusi geyim formaları tikilir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR