Son illər muxtar respublikamızda digər təsərrüfat sahələri kimi, arıçılığın inkişafına da böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin verilməsi, onlarla maarifləndirici söhbətlərin aparılması yeni uğurlar qazanılmasına zəmin yaradır.
Bu dövlət proqramı muxtar respublikamızda arıçılığın təşkilini, hüquqi və iqtisadi əsaslarını müəyyən etməklə bu sahədə münasibətləri tənzimləyir. Arıçılığın inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlər arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına, bazarın yerli məhsullarla təmin olunmasına imkan verib.
Dövlət proqramının icrası nəticəsində bu sahədə daha böyük uğurlar qazanılacaq, yerli və ənənəvi arı cinsləri yetişdirilməsi davam etdiriləcək, məhsul istehsalı artırılacaqdır. Sənəddə arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, bal və digər arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması, tələbatdan artıq istehsal edilən arıçılıq məhsullarının ixracının stimullaşdırılması nəzərdə tutulub. Dövlət proqramının icrası nəticəsində muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödəniləcək, bu məhsulların ixracına nail olunacaq, arı ailələrinin sayı 100 minə çatdırılacaq, arıçılıq sahəsində mütəxəssislər hazırlanacaqdır.
Muxtar respublikamızda qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən dövlət qayğısı öz bəhrəsini verib, bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoyub, arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə artıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu gün muxtar respublikada 70 min 530-dan çox arı ailəsi saxlanılır. Bu da 1 yanvar 1996-cı il tarixə olan göstəricidən 8,8 dəfə çoxdur. Bu gün muxtar respublikada 4 min 800-dən çox sahibkar arıçılıqla məşğul olur ki, onlardan da 700-dən çoxunun 20-dən 350-dək arı ailəsi vardır.
Arıçılıqla məşğul olmağa bəziləri maraqlı məşğuliyyət kimi yanaşsalar da, əslində, bu qədim peşə həm də qazanc mənbəyidir. Bu təsərrüfat sahəsini genişlətmək və inkişaf etdirməklə ailələr maddi güzəranlarını yaxşılaşdırırlar. Lakin arıçılıq xüsusi bilik və vərdişlərə malik olmağı tələb edir. Həmin keyfiyyətlərə yiyələnmədən, yenilikləri və qabaqcıl təcrübəni nəzərə almadan bu sahə ilə məşğul olanlar təsərrüfatlarını inkişaf etdirə bilmir, hətta ili zərərlə başa vururlar. Birliyimiz Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə arıçılar üçün iki adda xüsusi yaddaş kitabçası hazırlayıb və onlara çatdırılıb. Maarifləndirici xarakter daşıyan həmin yaddaş kitabçaları arıçılar üçün ilkin məlumat mənbəyi rolunu oynayır.
Arıçılığın mövcud vəziyyəti və gələcək inkişafı bu sahədə bəzi məsələlərə diqqət yönəldilməsini tələb edir. Bu məsələlərin həlli üçün əvvəlcə arıçıların arı xəstəlikləri, arı ailələrinin becərilmə üsulları və kimyəvi dərman vasitələrinin tətbiqi üzrə biliklərinin artırılması vacibdir. Tələbatdan artıq istehsal edilən arıçılıq məhsullarının stimullaşdırılması, muxtar respublikada arı xəstəliklərinin müayinəsi və diaqnozu üzrə mütəxəssislərin təkmilləşdirilməsi, arıçılıqda yeni texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi əhəmiyyətli məsələlərdəndir. Nümunəvi arıçılıq təsərrüfatlarının yaradılması və təbliği, muxtar respublikada köçəri arıçılığın idarə olunması, dağ və dağətəyi zonalarda arı ailələrinin məhsul üçün mövsümi köçürmələrində proporsional yerləşdirilməsi, həmçinin bu yerləşdirmə zamanı arıxanalar arasında saxlanacaq məsafənin təmin edilməsi bu sahənin daha sürətli inkişafını təmin edəcək.
Arıçılıqda Bozdağ Qafqaz və Sarı Qafqaz arı cinsləri ilə təmiz genofondun yaradılması, bununla da, məhsuldar təsərrüfatların qurulması imkanları genişdir. Məlumat üçün deyək ki, bu gün dünyada iqtisadi cəhətdən ən yaxşı arı cinsləri kimi, Avropa boz və qəhvə rəngi arı irqi, italyan arısı, karniola arıları, Qafqaz, Orta Anadolu və İran arılarının olduqları məlumdur. Lakin bu cinslər içərisində ən uzun xortuma malik olanı Sarı Qafqaz arı cinsidir.
Arı ailələrinin sığortalanması da mühüm əhəmiyyətə malikdir. Dövlət proqramının “Arı ailələrinin sığortalanması işinin təşkili. Bununla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” bəndində bu məsələ öz əksini tapıb. Muxtar respublikanın Dövlət Baş Sığorta Agentliyindən verilən məlumata görə, arı ailələri yoluxan xəstəliklərdən, xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və hücumundan, yanğın, çovğun, dolu, ildırım vurması hallarından sığortalanır. Arı ailələri dəyərinin 70 faizi məbləğində sığorta olunur, sığorta tarifi isə sığorta məbləğinin 5 faizi həcmində müəyyən olunur. Məsələn, 1 arı ailəsinin dəyəri 150 manat həcmində qiymətləndirilərsə, onun sığorta məbləği 105 manat müəyyənləşdirilir. Sığortahaqqı isə 5 faiz tariflə hesablanaraq 5 manat 25 qəpik ödəməklə onu sığorta etdirə bilər. Arı ailələrinin sığortalanması könüllü surətdə aparılır. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən yeni formalaşdırılan bir ilə qədər arı ailələrinin (beçələrin) sığortalanması nəzərdə tutulmur.
Arıçılıq yeganə təsərrüfat növüdür ki, artırılmasında və genişləndirilməsində ətraf mühitə heç bir mənfi təsir göstərmir, normadan artıq yüklənmə baxımından isə məhdudiyyət yoxdur. Bu sahənin daha da inkişafı isə ətraf mühit üçün də faydalı nəticələr verəcək.
Vaqif MƏMMƏDOV
“Naxçıvan Muxtar Respublikası
Arıçıları” İctimai Birliyinin sədri