23 Dekabr 2024, Bazar ertəsi

Ordubad rayonunun Yuxarı Əylis kəndini əhatəyə alan dağların, sərt qayaların, buradakı meyvə ağaclarının, çeşmələrin, yaraşıqlı evlərin yaratdığı gözəllik duyğusu insanı məftun edir. Bu yaşayış məntəqəsi Əylis çayının sahilində, dağ ətəyində yerləşir.
Xalq deyimlərində kəndin adı zamanına görə müxtəlif cür işlədilib və tarixi türk torpağıdır. Filologiya elmləri doktoru ­mərhum Adil Bağırov Əylis toponimindən bəhs edərkən yazırdı: “Ordubad rayonunda Aşağı Əylis və Yuxarı Əylis adlı iki kənd vardır. Bu adlar 1590-cı ildə Əylis və Səhrayi-Əylis kəndi, 1727 və 1728-ci illərdə isə Aşağı Əylis və Yuxarı Əylis adları ilə qeydə alınıb”.
Kənd ziyalısı Yusif Qədirquliyev deyir ki, Yuxarı Əylis kəndi ən qədim yaşayış məskənlərindən biridir. Tarixi hələ eramızın əvvəllərinədək gedib çıxır. Kəndin qədim inkişaf dövrü isə Səfəvilərin hakimiyyəti illərinə təsadüf edir. İstənilən tarixi mənbələrdə Əylis artıq XVII əsrdən etibarən bir orta əsr şəhəri kimi təqdim edilir. Böyük İpək Yolu üzərində yerləşən kənd həm də əhəmiyyətli ticarət mərkəzi olub. Mövcud karvansara qalıqları da dediklərimizi sübut edir. Əylis kəndi orta əsr şəhəri kimi XIX əsrədək mövcud olub. XIX əsrin 70-ci illərində baş verən təbii fəlakət – sel kəndi iki hissəyə ayırıb, bu yaşayış məntəqələri Aşağı və Yuxarı Əylis adlandırılıb.

Yuxarı Əylis kəndi tarixi körpüsü, məscidi, mədrəsəsi və hamamı ilə məşhurdur. Belə ki, orta əsrlərə aid tarixi-memarlıq abidəsi olan və XVI əsrdə Səfəvi hökmdarı Şah Abbas tərəfindən inşa etdirilən Şah Abbas məscidi bu kənddə yerləşir. Mədrəsə binası ilə ­bitişik olan tarixi abidə Ordubad şəhərindəki Came məscidindən sonra bu günədək qalan ikinci belə tikilidir. Məscid kompleksinə mədrəsə və hamam da daxildir. Yuxarı Əylis mədrəsəsi ikimərtəbəli binаdаn ibаrətdir. Şаh Аbbаs məscidinin yаnındа fəаliyyət göstərən bu mədrəsədə bir vaxtlar Yuхаrı Əylisin və ətrаf kəndlərin uşаqlаrı təhsil аlırmış. Mədrəsə binası tarixi məscidlə еyni dövrə – XVI-XVII əsrlərə аid еdilir. Məscid yerləşən ərazidəki düzbucaqlı formalı Yuxarı Əylis hamamı isə XVII-XVIII əsrlərə aid tarixi-memarlıq abidəsidir. Və nəhayət, çoxlu körpülərin, çeşmələrin olduğu bu kənddə ən qədim körpü isə el arasında Şah Abbas körpüsü adı ilə tanınan tarixi Əylis körpüsüdür. XVI əsrin yadigarı olan körpü bir tağlıdır və çay daşından inşa edilib, əhəng məhlulu ilə bərkidilib.
Müstəqillik illərində hər bir yaşayış məntəqəsi kimi, bu kənd də dövlətimizin qayğı və diqqətindən bəhrələnib. Burada yaraşıqlı məktəb binası və kənd mərkəzi tikilərək əhalinin istifadəsinə verilib. Kəndə gəlmişkən məktəbdə olduq. Öyrəndik ki, son illər ucqar kəndlərimizə çalışmağa üz tutan gənc müəllimlərin sayı bu məktəbdə də artıb. Naxçıvan şəhərindən təhsil ocağına təyinatla gələn Könül Cabbarova burada işləməyinə köməklik göstərənlərə minnətdarlığını bildirdi. Məktəbdə gözəl kollektiv, yaxşı şərait yaradılıb. Şagirdlər bu şəraitdən səmərəli istifadə edərək sınaqlarda, qəbul imtahanlarında yaxşı nəticələr göstərirlər.
Rübabə Yusifova isə 2016-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək könüllü olaraq Yuxarı Əylis kənd tam orta məktəbində işləmək istəyib və bu arzusu reallaşıb. O deyir ki, yeni nəsli vətənimizə, xalqımıza layiqli övladlar kimi tərbiyə etməyə çalışırıq.
Kənd sakini Ağa Sadiqov bizə kəndin özünəməxsus təbiətindən, etnoqrafiyasından söz açdı və bildirdi ki, Yuxarı Əylis camaatı mehriban bir ailə kimi yaşayır. Burada birmənalı olaraq hamı ağsaqqal, ağbirçək sözünə qulaq asmağı özünə borc bilir. Kənddə kimin işi müşkülə düşsə, tərəddüd etmədən onlara yaxınlaşar və məsləhət alar. Xeyir-şər məclislərimizdə ağsaqqal, ağbirçəklərimiz yuxarı başda oturarlar. İnsanlarımız çox qonaqpərvərdirlər. İstənilən qapıya getsən, səni gülərüzlə qarşılayıb süfrəyə kəndin gözəl nemətlərindən düzərlər, dağlarımızdan yığılan bitki, ətirli ot çayları süfrənin yaraşığı olar. Ağa Sadiqov deyir ki, Əylisdə küçə qapıları heç vaxt açar-qıfıl üzü görməz. Kənddə həyət toylarına daha çox üstünlük verərlər – yaşıl təbiətin qoynunda, meyvəli ağacların, gül-çiçəyin əhatəsində toy mağarları qurulur. Toy süfrələrində heç vaxt spirtli içkilər olmaz. Burada bir evin toyu elin toyuna çevrilər. Əzizini itirmiş bir insana kənd hamılıqla dayaq durar. Bir məsələni xüsusilə qeyd edək ki, son illər muxtar respublikada toy və yas mərasimlərində milli adət-ənənələrə qayıdış hər kəs tərəfindən rəğbətlə qarşılanır. Həmsöhbətim bildirir ki, Yuxarı Əylis bu sahədə də nümunəvi bir kənddir.
Qədimdən Yuxarı Əylis kəndində insanların əsas məşğuliyyətlərindən biri meyvəçilik və bostançılıq olub. Kənddə onlarla çeşmə vardır ki, bağ-bağatlar, bostan, əkin sahələri bu çeşmələrin suyu ilə suvarılır. Görünür burada yetişən nemətlərin dadlı olmasına ekoloji cəhətdən təmiz olan həmin çeşmələrin suyunun təsiri vardır. Kəndin ağ cəvizi, Abutalıbı əriyi, badamı, qırmızı, narıncı, Həsənbəyi qovun növləri vaxtilə nəinki Azərbaycanda, dünyada şöhrət qazanıb. Sakinlər çox dadlı, keyfiyyətli məhsullar yetişdiriblər. Alıcısı da, el arasında deyildiyi kimi, başının üstündədir. Vaxtilə bu kənddən tonlarla meyvə yığılaraq Ordubad Konserv Zavoduna göndərilib. Bu nemətlər arasında daha çox məşhur olan Əylis qovunu isə ötən əsrin 30-40-cı illərində Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, eləcə də Amerikada, Fransada keçirilən sərgilərdə nümayiş olunaraq medallara layiq görülüb.
Naxçıvanın turizm potensialı insanların bu isti yay günlərində gəzməli, görməli yerlərə olan marağını daha da artırır. Xüsusən də gözəl, təmiz havası olan səfalı kəndlərinə. Ordubadın Yuxarı Əylis kəndi də belə yaşayış məntəqələrimizdəndir. Əgər siz də bu kəndi görmək, bağ-bağçalarının meyvələrindən dadmaq, çağlayan çeşmələrinin suyundan içmək, gülərüzlü, qonaqpərvər insanlarını tanımaq istəyirsinizsə, Yuxarı Əylis kəndinin birgünlük də olsa, qonağı olun.

Türkanə ƏMOYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR