Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun münbit torpaqları burada aqrar sahənin inkişafına geniş imkanlar yaradıb.
Son illər regionda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahədə daha böyük uğurlar qazanılmasına stimul olub.
Muxtar respublikanın digər bölgələrindən fərqli olaraq Şərur rayonunda həm də qarğıdalı əkilib-becərilməsinə xüsusi önəm verilir. Hər il bölgənin torpaq mülkiyyətçiləri iqtisadi cəhətdən səmərəli olan bu sahədə xeyli gəlir əldə edirlər. Onlar dövlət tərəfindən müxtəlif yardımlarla, yüksək reproduksiyalı toxumlarla təchiz olunurlar.Tədarük edilən məhsulun satılmasında da heç bir çətinlik yoxdur.
Cari ildə də şərurlular öz torpaqlarında bu məhsulun becərilməsi ilə məşğul olublar. Rayonda 1241,6 hektar sahədə qarğıdalı əkini həyata keçirilib. Sahələrə vaxtlı-vaxtında və aqrotexniki qaydada qulluq göstərilib. Bu səbəbdəndir ki, torpaq mülkiyyətçiləri bol məhsul yetişdirməyə nail olublar.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, artıq 241 hektar sahənin məhsulu tədarük edilib, 2314 ton qarğıdalı yığılıb. Orta məhsuldarlıq 96 sentner olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Rayonun Düdəngə, Cəlilkənd, Xanlıqlar, Danyeri, Püsyan və başqa yaşayış məntəqələrində məhsul tədarükü sürətlə davam etdirilir.
Onu da bildirək ki, bölgədə soğan tədarükünə də başlanılıb. Bu il şərurlular 150 hektar sahədə soğan yetişdiriblər. Hər iki sahədən məhsul tədarükünü vaxtında başa çatdırmaq üçün bütün imkanlardan istifadə olunur.
Xəbərlər şöbəsi