Kəngərli rayonunun Qıvraq qəsəbəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və rahat mənzillərlə təmin olunması məqsədilə cari ilin aprel ayında 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb.
Zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olacaq binanın hər mərtəbəsində 2 və 3 otaqlı 8 mənzilin olması nəzərdə tutulub. Binada lift və yanğın təhlükəsizliyi məqsədilə ehtiyat çıxış da inşa olunur.
Yaşayış binasının tikintisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir. İş icraçısı Hicran Hüseynov bildirdi ki, tikinti işləri başlanandan indiyədək binanın zirzəmi hissəsində və birinci, ikinci, üçüncü mərtəbələrində hörgü işləri başa çatdırılıb. Hazırda dördüncü mərtəbədə beton-karkas işləri yekunlaşıb, divarların və arakəsmələrin hörgüsü tamamlanmaq üzrədir. Hörgü işi başa çatan hissələrdə isə dördüncü mərtəbənin örtük panelləri düzülür. Tikintidə işlər sürətlə və keyfiyyətlə aparılır.
Hazırda obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Onlar inşaat sektoru üçün nəzərdə tutulmuş geyim formaları, lazımi avadanlıqlarla təmin olunublar. Qeyd edək ki, tikintidə, əsasən, yerli inşaat materiallarından istifadə olunur.
Ramiyyə ƏKBƏROVA