23 Dekabr 2024, Bazar ertəsi

Bu zavod iqtisadi potensialımızın daha da möhkəmləndirilməsinə böyük töhfədir

Muxtar respublikamızın elə bir şəhəri, qəsəbəsi, kəndi olmaz ki, doğma diyarımızda gedən genişmiqyaslı quruculuq işlərindən bəhrələnməsin. Paytaxt Naxçıvan şəhərində, rayon mərkəzlərində, qəsəbə və kənd yaşayış məntəqələrində sürətlə aparılan quruculuq işləri bütün bölgələrimizdə eyni səviyyədə həyata keçirilir.

Saysız-hesabsız infrastruktur obyektlərinin istifadəyə verilməsi muxtar respublikamızda iqtisadi inkişafın təmin olunması ilə bərabər, inşaat sektorunun böyük bir sürətlə genişlənməsindən xəbər verir. Sevindirici hal bundan ibarətdir ki, müstəqilliyimizin ilk illərində tikinti sektorunda bütün məhsullara olan tələbat, sadəcə, idxal hesabına ödənilirdisə, bu gün yerli istehsal daxili imkanlar hesabına həyata keçirilir. Sözsüz ki, yerli inşaat materialları xaricdən gələn məhsullardan həm keyfiyyəti, həm də qiymətlərinin sərfəliliyi ilə fərqlənir. İnşaat sektorunda yerli inşaat materiallarından istifadə edilməsi xaricə valyuta axınının qarşısını alır, eyni zamanda məşğulluq məsələlərinin həllinə, əhalinin sosial rifah halının yaxşılaşmasına səbəb olur.

Tikinti-quruculuq tədbirlərinin geniş miqyas alması ilə inşaat materiallarına olan tələbat da ilbəil çoxalır. Dövlətimizin iqtisadi qüdrətinin artması, əhalinin sosial rifah halının yaxşılaşması nəticəsində tikinti sektorunda, fərdi yaşayış evlərinin inşasında böyük canlanma müşahidə olunmaqdadır. Tikinti sektorunda ən çox tələbat duyulan inşaat materiallarından biri də sementdir. Uzun müddət bu məhsula olan tələbat idxal hesabına ödənilirdi. Bu da, təbii ki, dövlət büdcəsindən külli miqdarda vəsaitin xaricə axmasına, nəqliyyat xərclərinin çoxalmasına, görülən işlərin qiymətinin artmasına və vaxt itkisinə səbəb olurdu.
2009-cu ildə Naxçıvan Sement Zavodunun inşa edilməsi ilə muxtar respublikada bu sahədə köklü dəyişikliklər baş verdi. Müəssisənin inşasından əvvəl mütəxəssislər təbii sərvətlərlə zəngin olan muxtar respublikada sement istehsalı üçün xammal mənbələrinin müəyyən edilməsi məqsədilə geoloji axtarış işləri aparıblar. Müvafiq yataqlar aşkar olunduqdan və xammalın tərkibi öyrənildikdən sonra Kəngərli rayonu ərazisində yeni Sement Zavodu tikilib. Nəticədə, muxtar respublikada investisiya qoyuluşuna görə son illərin ən böyük layihələrindən biri reallaşdırılıb.
Zavodun yerləşdiyi ərazidə istehsal sahələri, xammal və hazır məhsulun saxlanması üçün anbarlar, inzibati və iaşə binaları tikilib. Müəssisənin elektrik enerjisi ilə etibarlı təchizatı üçün ayrıca 110-35-10 kilovoltluq yarımstansiya quraşdırılıb. Naxçıvan-Sədərək magistralından zavoda iki kilometr uzunluğunda asfalt-beton örtüklü yeni avtomobil yolu çəkilib. Naxçıvan Sement Zavodu Azərbaycanın sənaye potensialının daha da möhkəmləndirilməsinə böyük töhfədir. Zavod müasir standartlara cavab verir. Müəssisənin ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, 40 hektar ərazidə 18 mindən çox müxtəlif növ ağac əkilib. Müəssisənin ətraf mühitə mənfi təsirinin azaldılması da diqqət mərkəzində saxlanılıb, burada dünya standartlarına cavab verən avadanlıqlar quraşdırılıb. Hazırda 19 əsas istehsal mərhələsindən ibarət olan müəssisə tam gücü ilə işləyir. Müəssisənin gündəlik istehsal gücü 800 ton klinkerə və 1300 ton sementə çatır. Zavod xüsusilə tikinti-quruculuq işlərinin sürətli gedən dövrlərində tələbatı ödəmək məqsədilə daha çox məhsul istehsal etməyə çalışır. Bunun üçün burada fasiləsiz üçnövbəli iş rejimi tətbiq olunur. Zavod işçilərinin əksəriyyətini muxtar respublikanın gənc sakinləri təşkil edir və onların peşə bacarıqlarının təkmilləşdirilməsi üçün lazımi tədbirlər görülür. Konveyer üsulu ilə işləyən müəssisədə texnoloji proseslərə ciddi əməl olunur. Zavodda “quru üsul” texnologiyasından istifadə edilir. Sement istehsalında bu müasir texnologiyanın üstünlüyü ondan ibarətdir ki, məhsulun yüksək keyfiyyəti təmin edilir, nəm üsul ilə müqayisədə xammalın üyüdülməsində suya ehtiyac olmur və demək olar ki, iki dəfəyə yaxın az yanacaq istifadə olunur. Bundan əlavə, bu üsul sobadan çıxan qazların və tozun həcminin kəskin azalmasını təmin edir ki, bu da, öz növbəsində, sobanın məhsuldarlığını artırır. Bu son texnologiya çox az müəssisədə tətbiq olunub. Burada istehsal edilən sement keyfiyyətinə görə muxtar respublikaya idxal olunan müvafiq məhsuldan dəfələrlə üstündür. Müəssisədə istifadə edilən bütün xammal növləri və qatqılar, o cümlədən əhəngdaşı, mergel, dəmirli gil, qabro, gips muxtar respublikanın Kəngərli, Şərur və Babək rayonlarındakı mədənlərdən əldə olunur. Zavoda daxil olan xammal müxtəlif mərhələlərdən keçərək kiçik ölçülərdə doğranır və qarışıqlarla birlikdə 1400-1600 dərəcə istidə bişirilir. Hazır məhsul sonrakı mərhələdə üyüdülüb müxtəlif ölçüdə kisələrdə qablaşdırılır, “Naxçıvan sement” əmtəə nişanı ilə satışa çıxarılır. Naxçıvan Sement Zavodu “CE” keyfiyyət nişanına layiq görülüb. Qeyd edək ki, bu keyfiyyət nişanı məhsulun Avropa tələblərinə uyğunluğunun göstəricisidir.
Beynəlxalq ekspertlər qiymətləndirmə zamanı zavodda quraşdırılan avadanlığın və keyfiyyətə nəzarət cihazlarının müasirliyi, əməyin və ətraf mühitin mühafizəsinə maksimum həssaslıqla yanaşılmasını əsas götürürlər. Zavodda istehsal xəttinə daxil olan xammal, qatqı maddələri, istehsal edilən klinkerin, sementin fiziki və kimyəvi keyfiyyətinə nəzarət müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada həyata keçirilir. Bununla yanaşı, saatda bir dəfə istehsal xəttindən nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılır. Həmin analizlərin nəticələri zavodun arxivində saxlanılmaqla yanaşı, istehlakçılara da təqdim olunur. Məhsulun qiymətinin ucuzluğu inşaat işi aparan ayrı-ayrı şirkətlər və fərdi alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. Zavod sifarişləri vaxtında yerinə yetirmək üçün Naxçıvan şəhəri və ətraf rayonlara daşıma servislərini də həyata keçirir. Müəssisənin yüksək keyfiyyəti ilə seçilən məhsulları ölkəmizin digər bölgələri ilə yanaşı, Gürcüstanda da satışa çıxarılıb. Naxçıvan sementi ən yüksək texniki göstərici olan “CEMI 42,5N” və “CEMI 52,5N” indeksli marka ilə istehsal olunur. Zavodun məhsulundan ­hazırlanan beton yüksək möhkəmliyi, aşınmaya, isti və soyuğa qarşı davamlılığı ilə seçilir. İnsan amili və keyfiyyətin başlıca meyar kimi götürüldüyü müəssisədə texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına da ciddi diqqət yetirilir.
Görülən işlərin miqyası və çoxşaxəliliyi bir daha onu göstərir ki, Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi bir diyara çevrilib və blokadada olmasına, bütün çətinliklərə rəğmən inkişaf edir, çiçəklənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Hələ hakimiyyətinin ilk illərindən bölgələrin inkişafı olmadan Azərbaycanın inkişafının mümkün olmadığını bildirən dövlətimizin rəhbəri tövsiyə etmişdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etməli, hər bir rayon mərkəzi müasir standartlara cavab verməli, genişmiqyaslı abadlıq işləri aparılmalı, yollar, körpülər salınmalı, sosial obyektlər tikilməli, insanların ­gündəlik həyatında müsbət dəyişikliklər baş verməlidir. Bu tapşırıqların icrası istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını da əsl inkişafa qovuşdurmuşdur”.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR