Makroiqtisadi sabitliyin, iqtisadi artımın təmin olunmasında, sosial sahənin inkişafında investisiya qoyuluşları mühüm yer tutur.
Muxtar respublikada son illər ərzində həyata keçirilən tədbirlər nəticəsində bütün sahələrdə infrastruktur yenilənmiş, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Heç şübhəsiz ki, əldə olunmuş uğurlarda məqsədyönlü siyasət, konkret vəzifələri özündə əks etdirən dövlət proqramları və digər tədbirlər mühüm rol oynamışdır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 997 milyon 609 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2007-ci ildəki müvafiq göstəricidən 4,5 dəfə çoxdur. Ümumilikdə, son 10 il ərzində muxtar respublikada iqtisadi və sosial sahələrə 7 milyard 154 milyon 193 min 400 manat həcmində investisiya yönəldilmişdir. 2007-ci ildən 1 yanvar 2017-ci il tarixədək investisiya qoyuluşlarının 6 milyard 345 milyon 844 min 600 manatını və ya 88,7 faizini tikinti-quraşdırma işləri təşkil etmişdir. Ümumi investisiya qoyuluşunun 4 milyard 388 milyon 679 min 200 manatı və ya 61,3 faizi istehsal təyinatlı obyektlərin, 2 milyard 765 milyon 514 min 200 manatı və ya 38,7 faizi qeyri-istehsal sahələrinin payına düşmüşdür.
Son 10 il ərzində iqtisadiyyatın sahələri üzrə ümumi investisiya qoyuluşuna görə sənaye sahəsi 30,1 faizlik payla ilk yeri tutmuşdur. İnvestisiya qoyuluşunun 4,6 faizi kənd təsərrüfatı sahəsinin, 14,3 faizi ticarət və xidmət sahəsinin, 16,6 faizi mənzil tikintisinin, 9 faizi nəqliyyat sahəsinin, 0,8 faizi informasiya və rabitə sahəsinin, 24,6 faizi isə iqtisadiyyatın digər sahələrinin payına düşmüşdür.
Muxtar respublikada ötən 10 il ərzində infrastruktur quruculuğu tədbirləri çərçivəsində 105 elm və təhsil müəssisəsi, o cümlədən 19 min 260 şagird yerlik 63 ümumtəhsil məktəbi, 214 inzibati bina, 27 nasos stansiyası, 125 subartezian quyusu, 58 körpü, 218 mədəniyyət müəssisəsi, 130 səhiyyə müəssisəsi, 621 istehsal və xidmət sahəsi, 16 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 117 fərdi ev və digər obyektlər tikilmişdir. Bundan əlavə, bu dövr ərzində 108 elm və təhsil müəssisəsi, o cümlədən 37 min 644 şagird yerlik 75 ümumtəhsil məktəbi, 126 inzibati bina, 43 nasos stansiyası, 19 subartezian quyusu, 35 körpü, 120 mədəniyyət müəssisəsi, 20 səhiyyə müəssisəsi, 15 idman obyekti və digər obyektlər yenidən qurulmuşdur.
Yaşayış məntəqələrinin abadlaşdırılması, yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində ötən dövr ərzində muxtar respublikada 4 qəsəbə və 127 kənd mərkəzi istifadəyə verilmişdir.
İnfrastruktur quruculuğunda əhali qrupu tərəfindən həyata keçirilən investisiya qoyuluşları da mühüm rol oynamış, ümumilikdə, son 10 ildə əhalinin şəxsi vəsaiti hesabına 2 milyon 735 min 700 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Təkcə 2016-cı ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 376 min 277 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2007-ci ildəki göstəricidən 5,7 dəfə çoxdur.
Əhalinin rahatlığına və yaşayış standartlarının yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması xüsusilə diqqətdə saxlanılmışdır. Bu istiqamətdə 2014-cü ildə Naxçıvan şəhərində Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, 2015-ci ildə Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi, 2016-cı ildə Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir.
2015-ci ildə Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanaraq evlərə su verilmiş, Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi hazırda davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində və Şahbuz rayonunda çirkab sutəmizləyici qurğunun tikintisi aparılmaqdadır.
İqtisadiyyatın aparıcı qüvvəsi olan nəqliyyat sektorunun artan əhali tələbatına uyğun olaraq səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilmiş, son on ildə muxtar respublikada 1415,5 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulmuşdur. Bu dövr ərzində hava və dəmiryolu nəqliyyatının inkişafı istiqamətində infrastruktur yenilənmiş, inzibati və yardımçı binalar istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmişdir.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə 2016-cı ildə muxtar respublikada 4-cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilmişdir. İnformasiya və rabitə sahəsində aparılmış tədbirlərin nəticəsidir ki, 1 iyul 2017-ci il tarixə muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti göstərilmişdir.
İqtisadi fəaliyyətin bütün sahələri üzrə əldə olunmuş uğurlar səmərəli məşğulluğun təmini ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına, muxtar respublikanın dinamik inkişafına müsbət təsir göstərmişdir. Həyata keçirilən quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir, bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir”.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi