Ölkəmizdə aqrar sahənin dinamik inkişafında, bütün növ kənd təsərrüfatı məhsullarının artımında muxtar respublikamızın da özünəməxsus payı var. Diyarımızda aqrar bölmənin əhəmiyyəti nəzərə alınaraq bu sahənin inkişafına, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və intensiv amillər hesabına məhsuldarlığın yüksəldilməsinə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı məhsulları istehsalı ilbəil artır, bazar və yarmarkalarda yerli məhsulların bolluğu hiss olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1sentyabr tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına, ərzaq məhsulları istehsalının artırılmasına, əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullarla təmin olunmasına, sahibkarlıq mühitinin formalaşdırılmasına, kənd adamlarının həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb.
Taxıl torpağın yetirdiyi nemətlərin şahı hesab olunur. Bu müqəddəs neməti əvəz edə biləcək ikinci bir nemət yoxdur. Ata-babalarımız həmişə çörək bolluğu yaradılmasına çalışıblar.
Muxtar respublikamızda əkinçiliyin vacib sahəsi olan taxılçılığın inkişafı, intensiv amillər hesabına məhsulun artırılması üçün çox əlverişli, münbit şərait var. Hər şeydən əvvəl suvarma şəbəkələri xeyli genişləndirilib, taxılçılıqda işlədilən yeni texnikalar alınıb gətirilib, emal müəssisələri inşa olunub.
Taxılçılıq muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Kəngərli rayonunun iqtisadiyyatında da aparıcı sahələrdən birini təşkil edir. Odur ki, taxıl əkini sahələri ilbəil genişləndirilir, intensiv texnologiyalara, mütərəqqi becərmə üsullarına üstünlük verilir. Builki mövsümdə rayonda 4 min 364 hektarda taxıl yetişdirilib. Bunun 2 min 314 hektarı buğda, 2 min 50 hektarı isə arpa olub.
Xok rayonun taxılçılıqla məşğul olan ən iri kəndlərindən biridir. Builki mövsümdə kənddə 900 hektardan artıq sahədə taxıl yetişdirilib. Yetişdirilən məhsul vaxtında tədarük edilib. Hər hektardan 22 sentnerdən çox sarı kəhrəba əldə olunub. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin əldə etdiyi nəticələr daha sevindiricidir. Bunlardan biri də uzun illər kənddə mexanizator işləyən Səttar Babayevdir. O, bu il 9 hektar sahədə məhsul yetişdirib, əkin sahələrindən 25 ton sarı kəhrəba əldə edib. Onun bir hissəsini taxıl qəbulu məntəqəsinə təhvil verib, bir hissəsini isə üyütdürüb.
Səttar deyir ki, təsərrüfat işlərində bütün ailə üzvləri ona yaxından köməklik göstərir. Onların illik qazancı 10 min manatdan aşağı olmur. Odur ki, gələn ilin məhsulu üçün 15 hektarda taxıl əkməyi nəzərdə tutub.
6 min nəfərdən çox sakini olan Xok kəndində mövcud torpaqlardan səmərəli istifadə olunur. Bu torpaqlarda daha çox taxıl əkilib-becərilməsi isə təbiidir. Taxıl ruzi-bərəkətdir. Bu gün kənddə hər bir ailənin öz taxılı, öz çörəyi var. Kənddə 4 lavaşbişirmə sexi fəaliyyət göstərir. Taxılçılar istehsal etdikləri məhsulu lavaşbişirmə sexlərinə verir, yerli taxılın unundan bişirilən çörəklər isə dadlı-tamlı olur. Bundan əlavə, kənddə bir neçə yerdə kürə çörəkləri də bişirilir. Bu çörəklərin isə muxtar respublikamızın ticarət şəbəkələrində daim alıcıları var.
Xok kəndində torpağa baş əyən, alın təri axıdan insanlardan biri də Məcid Məmmədovdur. Təcrübəli əkinçi yaradılan nümunəvi şəraiti, göstərilən dövlət qayğısını yüksək qiymətləndirir. Deyir ki, kəndimizin əhalisi, əsasən, heyvandarlıq və əkinçiliklə məşğul olur. Əkinçilik sahəsində daha çox taxılçılığa maraq göstəririk. Bu isə təsadüfi deyil. Taxıl qiymətli ərzaqdır, əvəzsiz nemətdir. Mən yaradılan şəraitdən istifadə edərək bu il 20 hektar sahədə taxıl yetişdirmişdim.
Yurdçu kəndinin də insanları torpağa, zəhmətə bağlıdırlar. Kəndin yaşıl libası, torpaqlarının barı-bəhəri xeyli artıb. Buradakı bol sulu kəhrizlər, həmçinin təsərrüfat suyunun kifayət qədər olması imkan verir ki, həm həyətyanı sahələri, həm də pay torpaqlarını vaxtlı-vaxtında suvarmaq mümkün olsun. Builki mövsümdə kənddə 128,7 hektar sahədə taxıl yetişdirilib. Hər hektardan 28 sentnerə yaxın sarı kəhrəba əldə olunub. Payız əkininə hazırlıq işləri yekunlaşmaqdadır.
Kənddə taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərindən biri də Vilayət İbrahimovdur.
İşgüzarlığı, zəhmətsevərliyi ilə tanınan təcrübəli əkinçi firavan həyatını məhz zəhmətə bağlılıqla təmin edib. Təcrübəli torpaq mülkiyyətçisi deyir ki, çəkdiyi zəhmətin bəhrəsini görür. 35 ildir, torpaqla, təsərrüfatla məşğul olur. Çəkdiyi zəhmətin sayəsində evinin ruzi-bərəkəti, taxılı, çörəyi daim var. Vilayət deyir ki, bol məhsulumuz torpağımızın bərəkəti həm də bol sulu kəhrizlərimizin hesabınadır. Kəndimizdəki Ağ su kəhrizi əsaslı şəkildə təmir-bərpa olunub, sakinlərin istifadəsinə verilib. Ondan həm içməli, həm də təsərrüfat suyu kimi istifadə edirik.
Aqrar islahatların verdiyi imkanlardır ki, kənddə peşəsindən asılı olmayaraq, hər bir kəs pay torpaqlarından səmərəli şəkildə istifadə edə bilir. İxtisasca müəllim olan Qadir Məmmədov da belələrindən biridir. 63 yaşlı Qadir Məmmədov deyir ki, biz ata-babadan torpağa ana torpaq deyirik. Onların hər ikisi bizim üçün əzizdir, müqəddəsdir. Bu gün torpaqlar kəndlinin özünündür. Peşəsindən asılı olmayaraq, hər bir kəsin pay torpağı var. Bir o qalır ki, öhdəndə olan torpaqdan səmərəli istifadə edəsən. Kəndimizdə daha çox taxılçılığa üstünlük verilir. Çünki taxıl çörəkdir, ruzi-bərəkətdir. Hələ ola təndir çörəyi. Kəndimizdə əvvəllər hər evdə təndirlər qalanardı. Bu gün də təndirdə çörək bişirənlər az deyil.
İlin bu vədəsində kəndli əməyinin, torpağa bağlı insanların çəkdiyi zəhmət bəhrəsini geniş şəkildə verir. Yetişdirilən meyvə və tərəvəzlər bazar və yarmarkalara çıxarılır. Göy-göyərti, qarpız, yemiş, şaftalı, alma, sarımsaq və neçə-neçə dərdin dərmanı olan yerli məhsulumuz alıcılar tərəfindən razılıqla qarşılanır. Ən başlıcası isə qızılı sünbüllü taxılın unundan bişirilən çörəklər həm yerli əhali, həm də muxtar respublikamıza gələn qonaqlar tərəfindən yüksək qiymətləndirilir. Onlar Naxçıvan məhsullarının keyfiyyətindən, faydasından həvəslə söz açırlar. Bu məhsulları yetişdirib ərsəyə gətirənlər isə zəhmətkeş kənd adamıdır, münbit torpaqlarımızdır. Odur ki, torpaq hər zaman insan üçün yaşayış tərzini nizamlayan, gün-güzəranı yaxşılaşdıran, firavan həyatı təmin edən amil olmuşdur. Bir şərtlə ki, ona baş əyəsən, qayğısına qalasan, bərəkətini artırasan.
Məhəmməd FƏRƏCOV
Naxçıvan Dövlət Radiosunun baş redaktoru