Sədərək rayonunun Heydərabad qəsəbəsində “Məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan mütərəqqi üsullar” mövzusunda keçirilən maarifləndirici tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açıb.
Fondun Sədərək rayon şöbəsinin müdiri Nəsimi Rzayev kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər haqqında tədbir iştirakçılarına məlumat verib.
Qeyd edilib ki, ödəyicilər məcburi dövlət sosial sığorta haqlarını həm fondun internet səhifəsindən plastik bankomat kartları vasitəsilə, həm banklarda nağd qaydada onlayn üsulla, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilərlər.
Sonra mövzu ətrafında çıxışlar olub. Çıxışlarda mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçilərinin fondun fərdi uçot sistemində qeydiyyata alınması və bu sahədə elektron xidmətin tətbiqindən, sığorta-pensiya sistemi ilə bağlı qanunvericiliyin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş inzibati cərimələrdən, Sədərək rayonunda torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyatının zəruriliyindən bəhs olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Sədərək Rayon İdarəsinin təşkilatçılığı ilə keçirilib.
Xəbərlər şöbəsi