Son illərdə muxtar respublikada əhalinin sosial rifah halının yaxşılaşması digər sahələrlə bərabər, nəqliyyat sahəsində də xeyli irəliləyişlərə gətirib çıxarıb. Əvvəllər Naxçıvan sakinləri ən yaxşı halda sovet avtomobillərindən və xaricdə istehsal olunanların köhnə modellərindən istifadə edirdilərsə, indi şəhərimizin küçələrində müasir və bahalı maşın modellərini görmək mümkündür. Təbii ki, avtomobilin saz vəziyyətdə saxlanılması da mühüm cəhətlərdən biridir. Əgər hər hansı bir şəxs dünyanın ən tanınmış avtomobil modellərindən birini alıb gətiribsə və burada da onun servis xidməti yoxdursa, demək, qısa zamanda həmin şəxsin avtomobilinin sazlığı ilə bağlı bir sıra problemlər yaranacaqdır.
Bu cəhətdən “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir. Müəssisədə yaradılan şəraitdən, göstərilən xidmətdən söz açmaq üçün adıçəkilən ünvanda olduq. Öyrəndik ki, “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ilin fevral ayından fəaliyyətə başlayıb. Müəssisədə keyfiyyətli servis xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. Hazırda bu ünvanda bütün avtomobillərə, o cümlədən xaricdə istehsal edilən yük və minik avtomobillərinə servis xidmətləri göstərilir, lazımi ehtiyat hissələri alınıb muxtar respublikaya gətirilir. Müəssisənin yerləşdiyi ərazidə inzibati bina, yeməkxana, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sahələri tikilib, müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Müəssisədə yük və minik avtomobillərinin təmiri sahəsi yerləşir. Burada Almaniya istehsallı avadanlıqlarla təmin olunan avtomobillərin diaqnostik müayinə mərkəzi fəaliyyət göstərir, kompüter vasitəsilə ilkin müayinələr aparılır. Kompüterdə bu göstəricilərin surətləri çıxarılıb müştəriyə təqdim edilir və həmin nasazlıqların aradan qaldırılması üçün servis xidmətləri göstərilir. Xidmətin yüksək səviyyədə təşkili müştəri məmnuniyyətinə imkan verir.
Burada avtomobillərin qismən və ya tam şəkildə boyanması üçün boya sahəsi də fəaliyyət göstərir. Boyamanın keyfiyyətli aparılması üçün Almaniya istehsalı olan havalandırma və istilik sistemi ilə təmin edilən, kompüterlə idarə olunan xüsusi qurğu quraşdırılıb. Boyanma prosesi mərhələlər şəklində həyata keçirilir. Belə ki, ilk olaraq avtomobillərdən nümunələr götürülərək laboratoriyada analizdən keçirilir. Boyanın növü, tərkibi və rəngi müəyyənləşdirildikdən sonra laboratoriyanın göstəricilərinə uyğun boya hazırlanır. Boyanın vurulması və qurudulması xüsusi kabinədə aparılır ki, bu da görülən işin keyfiyyətində mühüm amildir.
Müəssisə tərəfindən səyyar servis xidməti də göstərilir. Xidmətin yüksəkkeyfiyyətli təşkili üçün ixtisaslı kadrlar cəlb olunub, xüsusi avtomobillər ayrılıb. Bu da iş prosesində avtomobillərdə yaranan nasazlıqların yerindəcə aradan qaldırılmasına və lazım olduqda evakuatorla müəssisəyə gətirilməsinə imkan verir. Servis xidmətlərinin lazımi səviyyədə aparılması bir tərəfdən müasir texnoloji avadanlıqlar və onları idarə edən ixtisaslı mütəxəssislərdən asılıdırsa, digər tərəfdən əvəzlənən ehtiyat hissələrinin keyfiyyətli olması ilə bağlıdır. Buna görə də avtomobillərin ehtiyat hissələrinin birbaşa istehsalçı müəssisələrdən alınıb gətirilməsi diqqət mərkəzində saxlanılıb, müəssisənin anbarında kifayət qədər ehtiyat yaradılıb. Müəssisədə bütün markalardan olan yük və minik avtomobillərinin mühərriklərinin yenilənməsi üçün xidmət sahəsi fəaliyyət göstərir. Burada Türkiyə Respublikasının “Sarıtaş” firmasının istehsalı olan, kompüterlə idarəetmə mərkəzi ilə təmin edilmiş 20-yə yaxın müasir texnoloji avadanlıq quraşdırılıb. Müəssisəyə daxil olan mühərriklər yuyulub təmizlənərək hissələrə ayrılır, yoxlamadan keçirilərək nasazlığı müəyyən edilir. Sonra isə mühərrikdə yaranmış problemin aradan qaldırılması üçün təyinatı üzrə ayrı-ayrı dəzgahlarda yenilənməsi prosesi həyata keçirilir. Onu da qeyd edək ki, əvvəllər yük və minik avtomobillərinin mühərriklərində yaranan nasazlığı aradan qaldırmaq üçün mühərrik Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı firmaların texniki xidmət mərkəzlərinə və ya Türkiyə Respublikasına göndərilirdi. Bu da həm əlavə xərcin çəkilməsinə, həm də vaxt itkisinə səbəb olurdu. Bu xidmət sahəsinin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılıb.
“Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikamızda mühərriklərin yenilənməsini kompleks formada həyata keçirən yeganə müəssisədir. Avtomobil nəqliyyatında yük daşınması sahəsində xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə 2012-ci ilin sentyabr ayında Naxçıvan şəhərində TIR Park Kompleksi istifadəyə verilib. Naxçıvan dairəvi avtomobil yolunun kənarında inşa olunan, 3 min kvadratmetrdən artıq ərazini əhatə edən bu kompleksdə eyni vaxtda 120-dən çox yük avtomobilinə xidmət göstərilməsi üçün şərait yaradılıb. Yerli və beynəlxalq yük daşınması ilə məşğul olan sürücülərin, eləcə də kompleksin xidmətlərindən istifadə edən qonaqların rahatlığı üçün burada 2 korpuslu bina inşa olunub. Binanın birinci mərtəbəsində iaşə xidməti, ikinci mərtəbəsində isə moteltipli yataq otaqları fəaliyyət göstərir. Kompleksin özünəməxsus üstün cəhətlərindən biri də burada müasir tələblərə cavab verən yeni anbar binasının tikilib istifadəyə verilməsidir. Ərazidə avtomatik idarə olunan 80 tonluq yük tərəzisi və nəzarət videokamera sistemi quraşdırılıb, açıq avtomobil dayanacaqları yaradılıb.
Bəli, keyfiyyətli servis xidməti hər bir avtomobil istifadəçisi üçün, necə deyərlər, vacib şərtlərdən biridir. Bu baxımdan “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti istənilən anda sürücülərə xidmət göstərməyə hazırdır.
Nail ƏSGƏROV