Kənd sakinləri yaradılan şəraitdən yetərincə bəhrələnirlər
Abadlaşma və müasirləşmə insan cəmiyyətinin ən böyük nailiyyətlərindən biridir. Bəşəriyyət tarixində ilk insan məskənlərinin yaranması və onların genişlənməsi ilk mədəni intibah elementləri kimi dövrümüzə qədər gəlib çatıb. Beşminillik şəhər mədəniyyəti tarixi olan qədim Naxçıvanın dilbər guşələrindən biri olan Şərur rayonunun Yuxarı Yaycı kəndi də müasirləşən kəndlərimizdən biridir.
İlk olaraq onu qeyd edək ki, muxtar respublikamızda Yaycı adlı üç kənd var. Onlardan biri Culfa, digər ikisi isə Şərur rayonunda yerləşir. Şərurdakı bu kəndlərin hər ikisi bir-birinin yaxınlığındadır. Yerləşdiyi əraziyə görə onlardan biri Aşağı Yaycı, digəri isə Yuxarı Yaycı adlanır. Hər ikisi də dağətəyi ərazidə yerləşir.
Şərur rayonuna növbəti səfərlərimizin birində rayon mərkəzindən şimal-şərqdə, Arpaçayın sahilində, Dərələyəz silsiləsinin ətəyində yerləşən Yuxarı Yaycıya üz tutduq.
Aşağı Yaycıdan bir az yuxarıda yerləşən eyniadlı yaşayış məntəqəsinə uzanan yol bir qədər dərə-təpədən, eniş-yoxuşlardan keçir. Avtomobillə Yuxarı Yaycının qoynuna sarınan dolayı yollarla üzüyuxarı qalxdıqca seyr etdiyim gözəl evlər, abad küçələr, axarlı-baxarlı həyətlər, bağ-bağçalar, bol məhsullu əkin sahələri bu dağ kəndində məskunlaşan insanların yaşayışından, xoş güzəranından xəbər verir.
Yuxarı Yaycı həm də sərhəd kəndidir. Mənfur qonşularımız olan ermənilərlə üzbəüz yaşayış məntəqəsidir. 1918-1920-ci illərdə erməni daşnakları Andranikin başçılığı ilə Yaycıya hücum edib, kəndi tamamilə yandırıb, əhaliyə divan tutublar. Ermənilər onları ata-baba ocaqlarından didərgin salmağa çalışsalar da, kənd əhalisi düşmən qarşısında mərdliklə dayanıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində də bu kəndin sakinləri böyük müsibətlər çəkiblər. Bütün bu çətinliklərə baxmayaraq, ata-baba yurdlarını tərk etməyiblər. Həmişəki kimi yurda, obaya bağlılıq bu yaşayış məntəqəsini alınmaz qalaya çevirib.
Uzun yol qət etdikdən sonra, nəhayət, kəndin mərkəzinə çatırıq. Burada ilk tanış olduğumuz 82 yaşlı Əhməd Rəhimov söhbət zamanı kənddəki insanların yaşayış səviyyəsindən, adət-ənənələrindən ətraflı söhbət açaraq dedi: “Bala, bu kəndin tarixi keçmişi çox qədimdir. Həm də coğrafi mövqeyi çox əlverişlidir. Ona görə mənfur ermənilər ötən əsrin 90-cı illərinin əvvəlində buranı işğal etmək istəyiblər. O dövrdə ulu öndər Heydər Əliyev Naxçıvana gəlməsəydi, kəndi qoruyub saxlamaq mümkün olmayacaqdı. Xalqın dahi rəhbərə inamı və bu inama görə düşmənlə qorxmadan, çəkinmədən apardığı mübarizə, sonunda düşmənin gücündən üstün oldu. Məhz bu birliyin və inamın nəticəsində ermənilərin cavabı layiqincə verildi”.
Ağsaqqal kənd sakini onu da qeyd etdi ki, bura ucqar dağ kəndi olsa da, dövlətimiz bizim üçün bir vaxtlar xəyalımıza belə gəlməyən şərait yaradıb. İndi yaxşı yaşamaq üçün hər cür şəraitimiz var. Əvvəllər belə deyildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində elə vaxt olub ki, süfrəyə qoymağa çörək tapa bilməmişik. Ancaq torpağa bağlı olan kənd camaatı burada möhkəmləndi, əkib-becərdi. Bu da nəticəsini verdi. İndi kəndimizdə xeyli quruculuq işləri görülüb. Kənd mərkəzi, ikimərtəbəli, yaraşıqlı məktəb binası da tikilib. Məktəb binasının istifadəyə verilməsi uşaqları, valideynləri çox sevindirib. Bütün bunları bizə dövlətimiz edib. Əgər dövlətimizin hərtərəfli dəstəyi olmasaydı, bu kənddə indi yaşayış olmazdı, adamlar da bugünkü kimi torpağa, el-obaya bu dərəcədə bağlanmazdılar.
Əhməd dayı ilə söhbətimizə qoşulan bir neçə kənd sakini ilə kəndin yuxarı hissəsinə doğru addımlamağa başlayırıq. Böyük bir təpənin yanına qalxdığımızda gözəl bir mənzərə ilə qarşılaşırıq. Dağların suyu ilə qidalanan və əraziyə xüsusi gözəllik verən gölün suyu xəfif küləyin təsiri ilə ləpələnir, gümüşü rəngli ləpələr insana zövq verir. Sakinlərlə söhbət zamanı onu da öyrənirik ki, “Gümüşgöl” adlanan bu dəryaça ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin tapşırığı və xüsusi diqqəti sayəsində inşa olunub. Dəryaçanın tikilməsində məqsəd bu torpaqlara yenidən həyat vermək, onu cana gətirmək, beləliklə də, insanların yenidən öz yurd-yuvalarına daha sıx tellərlə bağlanmasını təmin etmək olub. Bu gün Gümüşgölün sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarında, onların gün-güzəranının yaxşılaşmasında böyük rolu vardır. Onun hesabına qızmar yay aylarında, Günəşin torpağı qovurduğu vaxtlarda əkin sahələri suvarıla bilir. İndi bu göl xüsusi mühafizə altındadır.
Bir az yuxarıda, kəndi üzük qaşı kimi əhatələyən dağların gözəlliyini heyranlıqla seyr etdiyimi görən Əhməd dayı deyir ki, bir vaxtlar bu dağları elimizin mərd oğulları sipərə çevirib, yurd yerimizi gecəli-gündüzlü qoruyaraq işğalçıların torpağımıza ayaq basmasına imkan verməyiblər. Həmin döyüşlərdə bütün xalq əsgərlərlə bərabər səngərdə vuruşub. Onlarla adam müxtəlif dərəcəli yaralar alıb, şəhidlik zirvəsinə ucalanlar da olub. Gördüyünüz bu yüksəklik Cənnət qayası, ondan irəlidəki Muncuqlu təpədir, bu gün orada Azərbaycan əsgəri Vətənin keşiyində inamla dayanır, üçrəngli bayrağımız qürurla dalğalanır. Bu səbəbdən də hər kəs öz ev-eşiyində rahat yaşayır, təsərrüfat işləri ilə məşğul olur.
Kənddə olarkən Əsgərbəy, Tənbəlik, Məşədabbas bulaqları, Ağbulaq çeşməsi, həmçinin onlarla kiçik bulaqdan bir neçəsinə baş çəkmək imkanı oldu. Bu bulaqlar həm də suvarma suyu baxımından böyük rol oynayır. Yuxarı Yaycı kənd məktəbinə Əsgərbəy bulağından ayrıca içməli su xətti çəkilib.
Həmsöhbət olduğum sakinlərlə sağollaşıb kənd mərkəzinə yollanırıq. Son illərdə istifadəyə verilən kənd mərkəzi bu yaşayış məntəqəsinə qəsəbə görkəmi verir. Yuxarı Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mirqasım Eminovla söhbətdə dedi ki, burada ötən illərdə istifadəyə verilən kənd mədəniyyət evi, rabitə şöbəsi, həkim ambulatoriyası, kitabxana kənd sakinlərinin sosial-mədəni həyat şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərməklə yanaşı, həm də vaxt itkisinə yol vermədən və əlavə vəsait xərcləmədən müəyyən məsələlərin həllində mühüm rol oynayır. İndi hər bir kənd sakini rayon mərkəzinə üz tutmadan öz işlərini qısa zamanda burada həll edə bilir. Dövlət qurumları hər addımda sakinlərə köməklik göstərir, onların qayğıları ilə maraqlanırlar. İndi kəndin istənilən nöqtəsində rabitə və internet əlaqəsi vardır. Çünki kənd tamamilə telefonlaşdırılıb. Dövlət qayğısı Yuxarı Yaycı sakinləri üçün uzaqları yaxın edib.
Bu kəndin sakinləri təsərrüfata bağlı insanlardırlar. Kəndin 2220 hektar torpaq sahəsi vardır. Buradakı 300 təsərrüfatda 1138 nəfər sakin yaşayır. Əhalinin məşğuliyyəti, əsasən, maldarlıq, arıçılıq və meyvəçilikdir. Kənddəki ailə təsərrüfatlarında 363 iribuynuzlu, 770 xırdabuynuzlu heyvan, o cümlədən 2700 quş və 406 arı ailəsi var. Hər il olduğu kimi, bu payızda da kəndlinin məhsulu boldur, – deyir həmsöhbətim.
Kəndlə tanışlıq zamanı son illərdə istifadəyə verilən məktəbə də baş çəkdik. Burada 100-dən çox şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 20-yə yaxın müəllim məşğul olur. Məktəbdə olarkən müəllimlərlə də həmsöhbət oldum. Onlar təhsil ocağının yetirmələri haqqında danışdılar. Kənddəki tibb məntəqəsində isə öyrəndik ki, məntəqə müdiri Zəli Quliyev uzun illərdir, tibb bacısı Qətibə Nadirova ilə birlikdə kənd adamlarının sağlamlığının keşiyində durur, xəstələrə ilkin tibbi yardım göstərirlər. Yaradılan müasir şərait də onlara daha yaxşı xidmət üçün stimul verib.
Yuxarı Yaycı gözəlliyi ilə hər kəsi özünə cəlb edir. Dağların bumbuz bulaqları, tərtəmiz havası, min bir dərdin dərmanı olan otları, çiçəkləri və bunlara bir az da xüsusilik verən saf, səmimi insanları yaşayış məntəqəsinin gözəlliyinə gözəllik qatır. Ucqar dağ kəndində, düşmənə gözdağı olan bu yaşayış məntəqəsinin sakinlərinin həyata nikbin baxışları qəlbimizi dağa döndərir. Digər yaşayış məskənləri kimi, bu sərhəd və dağ kəndinin sakinləri də yaradılan şəraitə görə dövlətimizə və onun yorulmadan xalqına xidmət edən rəhbərinə minnətdarlıq edirlər.
Ramiyyə ƏKBƏROVA