23 Dekabr 2024, Bazar ertəsi

– İnşaat materiallarının qıtlaşdığı, qiymətlərin tüğyan etdiyi, maliyyə intizamına laqeydliyin adi hala çevrildiyi indiki şəraitdə tikinti təşkilatlarının üzləşdiyi problemlər, çətinliklər daha da çoxalıb. Bunu başçılıq etdiyim dəstənin timsalında bir qədər də açıqlamaq istəyirəm. Neçə vaxtdan bəri cəlb edildiyimiz müharibə, iqtisadi blokada şəraitində yaşamağımız, polad relslərdən qatarların hərəkətinin kəsilməsi, şübhəsiz ki, inşaat işlərinin vüsətinə də öz təsirini göstərib.
Çünki avtomobil nəqliyyatı ilə İran ərazisi vasitəsilə Bakı şəhərindən mal-material gətirmək heç də asan başa gəlmir. Mişar daşı kimi, həddindən artıq ehtiyac duyulan materialları bu yolla daşımaq da mümkün deyil. Digər tərəfdən maşın-mexanizmlərimiz kifayət qədər olsa da, onların da gücündən normal istifadə etmək imkan xaricindədir. Ehtiyat hissələrinin çatışmazlığı, yanacaq materiallarının qıtlığı ona imkan vermir. Elə materiallar vardır ki, onları avtomaşınlarla daşıyıb gətirəndə az qalır ki, astarı üzündən baha başa gəlsin.
Bazar iqtisadiyyatına keçdiyimiz şəraitdə tikinti işlərini gördürmək istəyən sifarişçi təşkilatlar da öz vəzifə borclarını tam yerinə yetirmirlər. Bugünkü tikintinin fərqli cəhəti də odur ki, əvvəllər material verirdilər, tikinti gedirdi. İndi isə çox çətinliklə material əldə edir, bir çox hallarda isə öz vəsaitimiz hesabına müəyyən işləri görürük. Üzləşdiyimiz bu və ya digər çətinliklər heç də boş dayanmağımıza, əlimizi-əlimizin üstünə qoyub yuxarı təşkilatlardan nə isə ummağa haqq vermir. Bu gün konkret sahələrə cavabdeh olan bir çoxları öz bacarıqsızlıqlarını, səriştəsizliklərini ölkəmizdə gedən müharibə, düçar olduğumuz blokada bəhanəsi ilə ört-basdır etməyə çalışsalar da, əslində, onlar astagəllikdən, köhnə­fikirlikdən əl çəkmir, yeni dövrlə ayaqlaşa bilmirlər.

Həsənqulu Qurbanov
“Şərq qapısı” qəzeti
1994-cü il, 12 oktyabr


Öz daşlarımızla ucalan Naxçıvan

“Şərq qapısı” qəzetinin 1994-cü il 12 oktyabr tarixli sayında dərc olunmuş bu məqalə Naxçıvanın tikinti təşkilatlarının qarşılaşdığı problemlərin yalnız cüzi bir hissəsini gözlər önünə sərir. Bəs 1994-cü­ ildən sonra muxtar respublikanın tikinti sektorunda nələr baş verdi? Elə bu yazımızda da bu dövrə nəzər salacağıq. Çünki bu illərdə bütün sahələrdə olduğu kimi, inşaat sahəsində də inqilabi dəyişikliklər baş verib, hər kəndimiz, hər şəhərimiz abadlaşıb, müasir ünvanlar sırasına qoşulub.

...1995-ci ildən etibarən muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verdi. Aparılan uğurlu siyasət nəticəsində baş alıb gedən siyasi və iqtisadi böhran aradan qaldırıldı. Tikinti sahəsində də xeyli irəliləyişlər əldə olundu. İnşaatda istifadə edilən materiallara olan tələbatın yerli imkanlar hesabına ödənilməsi üçün ayrı-ayrı müəssisələr fəaliyyətə başladı. Bununla həm əlavə xərclərin qarşısı alındı, həm də vaxt itkisi aradan götürüldü. Nəticədə, sovet dövründə illərlə tikintisi yubanan obyektlərin inşası indi tez bir zamanda, həm də əvvəlkindən qat-qat keyfiyyətlə aparılır.

Bu gün muxtar respublikamızda quruculuq işləri geniş vüsət alıb. Şəhər və rayonlarda müasir binalar tikilir, magistral yollar salınır, kənd və qəsəbələr abadlaşdırılır, yeni istirahət guşələri yaradılır. Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb. Həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi üçün bu gün muxtar respublikada böyük imkanlara malik şirkətlər fəaliyyət göstərir, bu qəbildən materialların, demək olar ki, əksər hissəsi yerli imkanlar hesabına ödənilir. Bu müəssisələrdə istehsal edilən məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, xarici bazarlara çıxmağa da imkan yaradır. Əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilirdisə, yeni layihələrin reallaşması ilə bu problem aradan qaldırılıb. Tikinti materialları istehsal edən müəssisələr əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Onu da qeyd edək ki, müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılır, müəssisələrdə çalışan işçilərin ixtisasartırma kurslarında iştirakı təmin olunur. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Son illərdə muxtar respublikada demoqrafik vəziyyətin nizamlanması, həmçinin əhalinin məskunlaşması və təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin, qəsəbələrin, kəndlərin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Doğma diyarımızın, eləcə də paytaxt Naxçıvan şəhərinin sosial-demo­qrafik inkişafı, əhalinin mənzil-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması dediklərimizə sübutdur. Muxtar respublikada mənzil-tikinti sektoru üzrə uzunmüddətli vahid dövlət siyasətinin formalaşdırılması nəticəsində qoca Şərqin qapısı sayılan Naxçıvanda mənzil-tikinti sektoru günbəgün genişlənir və imkanlarını artırır. Əgər 22 il bundan əvvəl hər hansı bir tikinti təşkilatı ildə cəmi bir obyektdə inşaat işləri aparmaq imkanına malik idisə, bu gün dövlət qayğısından bəhrələnən və muxtar respublikanın çiçəklənməsində böyük rolu olan tikinti şirkətləri onlarla yaşayış binası tikmək imkanına malikdirlər. Ötən müddət ərzində yüzlərlə bina əsaslı şəkildə yenidən qurulub, mənzillərin sahəsi genişləndirilib, yaşayış binalarının əksəriyyəti möhkəmləndirilib və əlavə mərtəbələr artırılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb. Bu şərait sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Qeyd edək ki, yaşayış standartlarının davamlı yüksəlişi, mənzil-kommunal sektorunda genişmiqyaslı yenidənqurma tədbirləri, infrastrukturun tamamilə yenilənməsi, qısacası, rahat yaşayış üçün əsas kriteriyaların tam təmin olunması muxtar respublikaya daimi yaşayış üçün gələnlərin də sayını artırıb. Son 22 ildə minlərlə ailə daimi yaşayış üçün Naxçıvana gəlib. Yaşayış üçün Naxçıvanı seçənlərin əsas səbəb kimi göstərdiyi amillər sırasında idarəetmədə insan amilinin üstünlüyü, elektrik, qaz və su təminatının yüksək səviyyədə olması, mənzillərin pulsuz təmir edilməsi, mənzillərə pulsuz qaz sobasının verilməsi, istilik xətləri və radiatorların quraşdırılması, məhəllə­daxili abadlıq və təmizlik, evlərin və avtomobillərin mühafizəsi üçün əlavə xərc çəkilməməsi də var. Bütün bunlar onu göstərir ki, daimi yaşayış üçün Naxçıvanın seçilməsi uğurlu islahatların məntiqi nəticəsidir və hazırda daha da intensivləşməkdə olan bu müsbət meyilli miqrasiya prosesi mənzil bazarına ciddi təsir göstərməkdədir.
Statistik göstəricilərə nəzər salsaq, görərik ki, 2007-ci ildən 1 yanvar 2017-ci il tarixədək investisiya qoyuluşlarının 6 milyard 345 milyon 844 min 600 manatını və ya 88,7 faizini tikinti-quraşdırma işləri təşkil edib. Ümumi investisiya qoyuluşunun 4 milyard 388 milyon 679 min 200 manatı və ya 61,3 faizi istehsal təyinatlı obyektlərin, 2 milyard 765 milyon 514 min 200 manatı və ya 38,7 faizi qeyri-istehsal sahələrinin payına düşüb. Muxtar respublikada ötən 10 il ərzində infrastruktur quruculuğu tədbirləri çərçivəsində 105 elm və təhsil müəssisəsi, o cümlədən 19 min 260 şagird yerlik 63 ümumtəhsil məktəbi, 214 inzibati bina, 27 nasos stansiyası, 125 subartezian quyusu, 58 körpü, 218 mədəniyyət, 130 səhiyyə müəssisəsi, 621 istehsal və xidmət sahəsi, 16 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 117 fərdi ev və başqa obyektlər tikilib. Bundan əlavə, bu dövr ərzində 108 elm və təhsil müəssisəsi, o cümlədən 37 min 644 şagird yerlik 75 ümumtəhsil məktəbi, 126 inzibati bina, 43 nasos stansiyası, 19 subartezian quyusu, 35 körpü, 120 mədəniyyət, 20 səhiyyə müəssisəsi, 15 idman obyekti və digər obyektlər yenidən qurulub.
Yaşayış məntəqələrinin abadlaşdırılması, yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində ötən dövr ərzində muxtar respublikada 4 qəsəbə və 127 kənd mərkəzi istifadəyə verilib. İqtisadiyyatın aparıcı qüvvəsi olan nəqliyyat sektorunun artan əhali tələbatına uyğun olaraq səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilib, son on ildə muxtar respublikada 1415,5 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub. Bu dövr ərzində hava və dəmiryol nəqliyyatının inkişafı istiqamətində infrastruktur yenilənib, inzibati və yardımçı binalar istifadəyə verilib, maddi-texniki baza gücləndirilib. Təbii ki, bu işlərin uğurla yekunlaşdırılmasında muxtar respublikada inşaat materialları istehsal edən müəssisələrin də böyük payı vardır.
Bu gün muxtar respublikada həyata keçirilən yenidənqurma və abadlıq işləri Naxçıvan şəhərinin timsalında daha aydın görünür. Son illər şəhərin küçə və meydanları, park və xiyabanları yenidən qurulub, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər sakinlər tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Sakinlər Naxçıvan şəhərinin günü-gündən çiçəklənməsinin iftixar hissi doğurduğunu, aparılan quruculuq və abadlıq işlərindən, yaradılan yüksək şəraitdən hər bir şəhər ­sakininə pay düşdüyünü qeyd edirlər. Onlar yaşayış binalarının ən müasir tələblər səviyyəsində təmir olunmasını dövlətimizin insanların məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi dəyərləndirir, bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər. 

Dövlətimizin əhalinin məşğulluğunu təmin etmək üçün atdığı ardıcıl və qətiyyətli addımlar işsizi iş adamı, evsizi ev sahibi edib. Gənc ailələrin sosial müdafiəsi gücləndirilib, kiçik sahibkarlığa diqqət artırılıb, fiziki imkanları məhdud insanların bir sıra sosial layihələr çərçivəsində məşğulluğu təmin olunub. Muxtar respublika yeganə diyardır ki, bütün imkanlar sakinlərin yaxşı yaşaması, rahat şəraitdə işləməsi və istirahət etməsi üçün səfərbər edilib. Sərhədindən paytaxt Naxçıvan şəhərinə kimi istedadlı bir rəssamın incə zövqlə işlədiyi bir mənzərəyə bənzəyən muxtar respublika ulu öndərimiz Heydər Əliyevin yaratdığı Azərbaycan adlanan şah əsərin qızıl hərflərlə yazılmış səhifəsidir. Rəhbərin, yolgöstərənin bələdçiliyi ilə yenidən qovuşduğumuz məkandır.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR