23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında toxumçuluq təsərrüfatlarının üzərinə mühüm vəzifələr düşür. Çünki torpaq mülkiyyətçilərini, fermer və sahibkarları yüksəkkeyfiyyətli toxumlarla təmin etmək məhz bu təsərrüfatların vəzifəsidir.
Naxçıvanda uzun illərdir ki, fəaliyyət göstərən Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi də işini bu istiqamətdə uğurla həyata keçirir. Birliyin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən müəssisəyə yollandıq.
“Araz” Elm-İstehsalat Birliyinin direktoru Bəhruz Bayramov bizimlə söhbət zamanı bildirdi ki, bu müəssisə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə tabe olan struktur təşkilatdır. Birliyin yaradılmasında məqsəd muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun bitkiçilik və heyvandarlıq sahələrində elmi-tədqiqat işləri aparmaq, məhsuldar toxum sortları yetişdirmək, qazanılmış müsbət nəticələri təsərrüfatlara tövsiyə etməkdir. Birliyin nəzdində 5 şöbə, Şərur, Ordubad dayaq məntəqələri, Şıxmahmud, Nehrəm sort sınaq məntəqələri və Yardımçı Təcrübə Təsərrüfatı fəaliyyət göstərir. İstər şöbə və məntəqələrdə, istərsə də Yardımçı Təcrübə Təsərrüfatında ötən dövr ərzində muxtar respublikanın rayonlarında torpaq-iqlim şəraitinə uyğun elmi-tədqiqat işləri aparılıb.

Sort sınaq və dayaq məntəqələrinin yaradılmasında məqsəd isə hər rayonun torpaq-iqlim şəraitinə uyğun elmi-tədqiqat işləri apararaq müsbət nəticə almaqdır. Birliyin fəaliyyəti dövründə təkcə istehsalatla deyil, kadr yetişdirilməsi ilə də ciddi məşğul olunub, bu gün də həmin ənənə qorunub saxlanılır. Belə ki, birliyin onlarla elmi işçisi Azərbaycan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin müxtəlif elmi-tədqiqat institutlarının aspirant və dissertantlarıdır.
Sort sınaq və dayaq məntəqələrinin fəaliyyətindən bəhs edən müsahibimiz bildirdi ki, Ordubad rayon dayaq məntəqəsində 370 yerli və gətirilmə meyvə sortu qorunub saxlanılır. Burada məntəqəyə məxsus kolleksiya meyvə genofondunun qorunması ilə bərabər, yerli meyvə sortu tingçiliyi də təşkil olunub. Bölgədə meyvəçiliyə aid maarifləndirmə işləri aparılır, bununla bərabər, məntəqədə elmi-tədqiqat mövzusu işlənilir.
Şıxmahmud sort sınaq məntəqəsində Azərbaycanın müxtəlif elmi-tədqiqat institutlarından və bölgələrdən göndərilmiş 25 yumşaq, 7 bərk buğda, 8 arpa sortları üzərində sınaqlar keçirilir. Digər tərəfdən, birliyin Seleksiya, toxumçuluq, bitki mühafizəsi şöbəsi tərəfindən 100-ə yaxın arpa və buğda sortları üzərində seleksiya işləri aparılır.
Burada olarkən öyrəndik ki, birliyin yardımçı təsərrüfatı muxtar respublikada fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarından biridir. Təsərrüfatda buğda, arpa və digər bitki toxumları istehsal edilərək torpaq mülkiyyətçilərinə satılır. Bununla bərabər, təcrübələrdə aparılan hər bir becərmə texnologiyası haqqında mülkiyyətçilərə mütəmadi olaraq keçirilən tarla seminar-müşavirələrində məlumatlar verilir.
Birliyin Yardımçı Təcrübə Təsərrüfatı Babək rayonunun Şıxmahmud kəndi ərazisində yerləşir. Təsərrüfatın 83,69 hektar torpaq sahəsi mövcuddur. Əkinəyararlı 72 hektar ərazidə müxtəlif kənd təsərrüfatı bitkiləri əkilərək elmi sınaqlardan çıxarılır. Təsərrüfat həm də toxumçuluq istiqamətində formalaşıb. Qeyd etmək yerinə düşər ki, birliyin elmi əməkdaşlarının və təsərrüfatın fəaliyyəti nəticəsində qonşu ölkələrin, o cümlədən bir sıra dünya ölkələrinin taxılçılıq, kartofçuluq, bostançılıq, yemçilik və sair sahələrdə qazandıqları yeni texnologiyaların tətbiqinə nail olunub, bir sıra uğurlar əldə edilib. Təsərrüfat taxılçılıq sahəsində muxtar respublika fermerlərini keyfiyyətli taxıl məhsulları ilə təmin etmək prinsipini əsas götürərək hər zaman bu sahəyə diqqət yetirir. Göstərilən dövlət qayğısının nəticəsidir ki, burada xırman kompleksi inşa edilib. Həmin əraziyə asfalt örtüyü çəkilib ki, bunun da sayəsində biçilmiş taxılın vim aqreqatında çeşidlənməsi üçün əlverişli şərait yaradılıb.
Muxtar respublikamızda kartofçuluğun inkişaf etdirilməsi üçün tez, orta və gecyetişən kartof toxumları gətirilərək Yardımçı Təcrübə Təsərrüfatında və Şərur dayaq məntəqəsində sınaqdan keçirilib, əl əməyindən minimum istifadə olunmaqla kartofun yeni səmərəli becərmə texnologiyaları tətbiq edilib, muxtar respublikanın Arazboyu aran zonasında kartof bitkisinin yüksək məhsul verməsi elmi cəhətdən sübuta yetirilib. Bundan əlavə, bostançılıq sahəsində əhalinin ekoloji saf bostan məhsulları ilə təmin edilməsi istiqamətində birliyin elmi əməkdaşlarının apardıqları təcrübə nəticəsində bu məhsulların yeni texnologiyalar əsasında yetişdirilməsinə nail olunub.
Birliyin elmi əməkdaşları Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun və BMT-nin ərzaq təşkilatı olan FAO-nun yetişdirdiyi buğda və arpa sortlarını zonada sınaqdan keçirərək, bir neçə buğda və arpa sortunun rayonlaşdırılmasını təmin ediblər.
Akademik Cəlal Əliyevin rəhbərliyi altında yetişdirilən payızlıq buğda sortlarından “Qobustan”, “Bərəkətli-95”, “Nurlu-99”, “Pərzivan”, “Şiraslan”, payızlıq arpa sortlarından isə “Qarabağ-22”, “Cəlilabad-19” muxtar respublikanın torpaq-iqlim şəraitində sınaqdan keçirilib, həmin sortlar artırılaraq fermer təsərrüfatlarına verilib. Birliyin əməkdaşları tərəfindən “Kəhrəba” buğda, “İstiqlal” arpa, “Şərur” buğda sortları yaradılıb və əkilməyə tövsiyə olunub.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR