Muxtar respublikamızda aqrar sahənin inkişaf etdirilməsində suvarma şəbəkələrinin genişləndirilməsi, torpaqların təsərrüfat suyuna olan tələbatının ödənilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Son illər Şərur rayonunda da bu istiqamətdə xeyli iş görülüb.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Vaqif Həsənovla söhbət zamanı bildirdi ki, rayonda 150 milyon kubmetr su tutumuna malik Arpaçay Su Anbarı ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə tikilib. Mövsüm ərzində Şərurla yanaşı, Kəngərli və Sədərək rayonlarının əkin sahələrinin də bir qismi həmin anbardan qidalanan sağ və sol sahil kanalları, bəzi yaşayış məntəqələri isə Araz çayından nasoslar vasitəsilə su ilə təmin olunur.
Hazırda Arpaçay dəryaçasında 53,1 milyon kubmetr su vardır. Gölə bir saniyə ərzində 0,6 kubmetr su daxil olur, suvarma məqsədilə sağ və sol sahil kanallarına, çay yatağına saniyədə 14 kubmetr su buraxılır. İtkiyə yol verilməməsi, mövcud ehtiyatdan bütün mövsüm ərzində səmərəli istifadə olunması üçün su kanallara və çay yatağına qrafik üzrə ötürülür və bu qrafikə ciddi nəzarət edilir.
Şərur rayonunda ötən ilin payızlıq taxıl əkinləri də daxil olmaqla, bu yaz mövsümündə 27 min hektara yaxın sahədə normal suvarma həyata keçirilib. Meliorasiya və suvarma qurğularının texniki normalara uyğun səviyyədə istismarı ilə yanaşı, bəzi yerlərdə təmir işləri də ardıcıl davam etdirilir. İdarənin balansında olan nasos stansiyalarının, subartezian quyularının fasiləsiz işinin təmin olunması, dayanan quyuların təcili təmir edilib işə salınması üçün də vaxtaşırı əsaslı tədbirlər həyata keçirilir. Bu tədbirlər əlavə sahələrin əkin dövriyyəsinə daxil edilməsi ilə yanaşı, həm də torpaqların şoranlaşmasının qarşısını alır. Keçən aylarda kollektivin gücü ilə 1 milyon 430 min kubmetr həcmində torpaq işləri görülüb, kollektor-drenaj şəbəkələri, kanal və arxlar lildən təmizlənib, Xanlıqlar, Vərməziyar və Ələkli kəndlərində 589 hektar sahənin su təminatını yaxşılaşdırmağa imkan verən suvarma boru xəttinin tikintisi başa çatdırılıb. Həmçinin rayondakı 17 min hektardan artıq əkin sahəsinə suvarma suyunun vaxtlı-vaxtında verilməsi üçün lazımi tədbirlər görülüb, su itkisi halları minimuma endirilib. 7 min 637 hektar taxıl, 760 hektar kartof, 1578 hektar tərəvəz, 474 hektar bostan bitkiləri əkinləri 5 dəfə suvarılıb.
Əhalinin içməli su ilə təchizatı da, əsasən, rayon Suvarma Sistemləri İdarəsinin üzərinə düşür. Aralıq kəndində hərəsi 4 min kubmetr su tutan 2 anbar fəaliyyət göstərir. Bu anbarlar rayonun 16 kəndini, Kəngərli rayonunun Qıvraq qəsəbəsinin, Qabıllı və Xok kəndlərinin əhalisini içməli su ilə təmin edir. Hazırda 470 subartezian quyusundan 438-i işlək vəziyyətdədir. Bunlardan ikisi ötən il qazılıb istifadəyə verilib, 42 artezian quyusuna yeni nasos qoyulub, 329-u əsaslı təmir olunub.
Qarşıdan 2017-ci ilin payız suvarma mövsümü gəlir. Şərur kəndlisi 2017-ci ilin yazında etibarlı bünövrə qoyduğu bol məhsulunun yığımını başa çatdırır, payız mövsümünə hazırlaşır. Rayon Suvarma Sistemləri İdarəsi həmin dövrdə sahələrin vaxtında suvarılması üçün indidən işlərini tədbirli görür. Bu da o deməkdir ki, payız aylarında da əkin sahələrini suvarma suyu ilə tam təmin etmək mümkün olacaqdır. Yerlərdə sudan səmərəli istifadə olunması, arxlarda və kanallarda sızmaların qarşısının alınması daim nəzarətdədir. Bütün bunlar onu göstərir ki, əkin sahələrində yüksək məhsul istehsal etməkdən ötrü melioratorlar yenə də kənd əməkçilərinin yaxın köməkçisi olacaqlar.
Ramiyyə ƏKBƏROVA