23 Dekabr 2024, Bazar ertəsi

  Ölkəmizin təbii coğrafi şəraiti və iqlim qurşaqları alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni hər zaman aktual məsələ kimi önə çıxarıb. Bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə 2004-cü ildən başlanılıb. Belə ki, həmin ildə qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm strategiyanın həyata keçirilməsini şərtləndirib. Proqramda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, ilk növbədə, muxtar respublikada orta, kiçik, mikro su elektrik stansiyalarının tikilməsi daha məqsədəuyğundur. 

Ötən dövrdə bu sahədə ciddi addımlar atılmış, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilmişdir. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Mövcud imkanlardan düzgün istifadənin nəticəsidir ki, həmin ildə, eyni zamanda Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Bütün bunlar muxtar respublikanın energetika sektorunda davamlı inkişafın təmin edilməsi istiqamətində görülən işlərin uğurlu nəticəsidir.

Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”.
Qeyd edək ki, muxtar respublikada son illərdə alternativ və bərpa olunan enerji mənbələri sırasında ən çox diqqətçəkən obyektlərdən biri Naxçıvan Günəş Elektrik Stansiyasıdır. Naxçıvan Muxtar Respublikasının yerləşdiyi cənub en dairələrində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi belə layihələrin rentabelliyini daha da artırır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi cari il sentyabrın 8-də muxtar respublikada 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Ötən il İsveçrənin “Pure Energy Development” SARL Şirkəti ilə bağlanmış müqaviləyə əsasən Naxçıvan Günəş Elektrik Stansiyasının ikinci ərazisində 1,3 meqavat, beşinci ərazisində isə 0,7 meqavat gücündə 7 min 700 ədəd şüşə-şüşə tipli günəş panelləri quraşdırılmışdır. Tikinti işləri aparılarkən stansiya ərazisində müvafiq inventarlar, transformatorlar, kommutasiya aparatları, 2 transformator yarımstansiyası da quraşdırılmış və digər tədbirlər həyata keçirilmişdir. Stansiyanın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Günəş Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasının sərvətidir. Eyni zamanda bu gün istifadəyə verilən 2 meqavatlıq Günəş Elektrik Stansiyası muxtar respublikanın həyatında əlamətdar hadisədir. Çünki harada enerji varsa, orada həyat var, iqtisadi inkişaf var. Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ucuz başa gəlir. Bu da muxtar respublikanın energetika sisteminə öz töhfəsini verəcək, Dövlət Energetika Xidmətinin gəlirləri artacaq, gələcəkdə yeni yarımstansiyalar qurulacaqdır”.
Vurğulayaq ki, 2015-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Naxçıvan Günəş Elektrik Stansiyasında 2016-cı ildə 30 milyon kilovat-saat, 2017-ci ilin ötən dövründə isə 22 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunmuşdur. Yeni stansiyanın istifadəyə verilməsi ilə Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində istehsal ediləcək elektrik enerjisinin həcmi artırılaraq 33 milyon kilovat-saata çatdırılmışdır. Bu da muxtar respublikada elektrik enerjisinə olan tələbatın 8 faizinin Günəş Elektrik Stansiyası hesabına ödənilməsinə imkan verəcəkdir.
Bu gün dünya ölkələri içərisində alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerjinin miqdarı ümumi istehsalın 50 faizdən çoxunu təşkil edən cəmi bir neçə ölkə mövcuddur. Hazırda isə muxtar respublikamızda günəş və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ümumi istehsalın 60 faizindən çoxunu təşkil edir. Amma bu da son hədd deyil. Həyata keçirilən davamlı tədbirlər nəticəsində yaxın gələcəkdə muxtar respublikada külək, istilik, həm də yerli hidroenerji potensialına əsaslanan elektrik enerjisi istehsalının həcmi daha da artacaq. Bu isə Naxçıvanın enerji təhlükəsizliyi sahəsində qarşıya qoyulmuş prioritet istiqamətlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. Enerji, ərzaq təhlükəsizliyi təmin olunan ölkələrin iqtisadiyyatı isə sabit və davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Sentyabrın 20-də Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Şahbuz” yarımstansiyasının istifadəyə verilməsi də görülən işlərin davamı kimi qiymətləndirilməlidir. İki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində 35/10 kilovoltluq “Şahbuz” yarımstansiyasının idarəetmə otağı, 35 və 10 kilovoltluq qapalı paylayıcı quruluşlar, əməliyyat briqadası üçün otaqlar yerləşir. İkinci mərtəbə isə iş otaqları üçün nəzərdə tutulub. Yarımstansiyada hər birinin gücü 6,3 meqavolt-amper olan 2 ədəd yeni transformator, 3 idarəetmə paneli, 5 ədəd 35 kilovoltluq, 11 ədəd 10 kilovoltluq elektrik verilişi xətləri üçün eleqaz açarlı müasir hücrələr, eləcə də rele mühafizəsi və avtomatika qurğuları quraşdırılıb. İnzibati binanın damında ümumi gücü 13 kilovat olan 51 ədəd günəş paneli və şəbəkəyə birbaşa qoşulmuş 3 invertor quraşdırılmışdır. Bu da inzibati binanın elektrik enerjisi ilə etibarlı təminatına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və “Şahbuz” yarımstansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək demişdir: “Hər bir ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri də onun enerji asılılığının olmamasıdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda istehsal olunan elektrik enerjisi daxili tələbatı ödəməklə yanaşı, həm də qonşu ölkələrə satışı həyata ke­çirilir... Yeni elektrik stansiyalarının tikilməsi, elektroenergetika sisteminin müasirləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması ölkəmizin inkişafına xidmət edir. Çünki ölkəmizdə sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşması və elektrik avadanlıqlarından istifadənin artması elektrik enerjisinə olan tələbatı da artırır. Muxtar respublikada da hər il elektrik enerjisindən istifadə artımla müşahidə olunur. Ona görə də yeni elektrik stansiyalarının tikilməsi, elektrik enerjisinin istehsalı və keyfiyyətli ötürülməsi diqqətdə saxlanılır”.
Göründüyü kimi, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, eyni zamanda iqtisadi inkişafın təzahürü kimi səciyyələndirilir. Bu isə müasir dövrdə bütün ölkələr üçün ən vacib amildir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR