23 Dekabr 2024, Bazar ertəsi

Bu gün barlı-bəhərli münbit torpaqlarımızda müxtəlif əkinçilik məhsulları yetişdirilir, bolluq yaradılır, daxili bazarın tələbatının ödənilməsi üçün torpaq mülkiyyətçilərinə hərtərəfli qayğı göstərilir. Yetişdirilən belə məhsullar içərisində ikinci çörək hesab etdiyimiz kartof da üstünlük təşkil edir. Fərəhlə qeyd etmək olar ki, digər ərzaq məhsulları ilə yanaşı, kartofun bolluğu onun qiymətinin münasib olmasına, həm də alıcıların tələbatını yerli məhsullar hesabına ödənilməsinə gətirib çıxarır. Bu mövzuya müraciət etməyimiz də təsadüfi deyil. İnsanların gündəlik qida rasionunda onun mühüm yeri var. İl ərzində bir nəfərə 120 kiloqram kartof norması düşür. 

Muxtar respublikanın torpaq-iqlim şərtləri yüksəkkeyfiyyətli kartof məhsulu götürməyə imkan verir. Hətta aran zonalarda il ərzində iki dəfə məhsul əldə etmək mümkündür. Bu vacib sahənin intensiv amillər hesabına inkişaf etdirilməsi məhsul bolluğunun yaradılmasını təmin edib. Belə ki, ildən-ilə kartof istehsalı artan templə davam edir. 2016-cı ildə bu göstərici 46 min 400 tona çatdırılıb.

Qeyd edək ki, kartof muxtar respublikamızın Şərur rayonunda daha geniş şəkildə əkilib-becərilir. Builki mövsümdə 1064 hektar sahədə məhsul yetişdirilib. Mütəşəkkil hazırlıqdan sonra kartof yığımına başlanılıb. Qısa müddətdə 300 hektar sahənin məhsulu yığılıb. Hektarın orta məhsuldarlığı 15 tona yaxındır.
Rayonun abad yaşayış məntəqələrindən biri olan Cəlilkəndin torpaq mülkiyyətçiləri də kartof əkininə üstünlük verirlər. Kəndin ümumi torpaq sahəsi 220 hektardır. Bu torpaqların 150 hektarı suvarılandır. Kənd əməkçiləri builki mövsümdə 34 hektarda kartof, 30,8 hektarda qarğıdalı, 12 hektarda tərəvəz, 14 hektarda isə taxıl yetişdiriblər. Naxçıvan-Sədərək magistralının sol tərəfində qərar tutan bu kəndin ərazilərində son günlər bir qaynarlıq hiss olunur. Ömrünün 40 ilini torpağa bağlayan, ixtisasca aqronom olan, təcrübəli təsərrüfatçı Familə Mirzəyeva da onlardan biridir. Onun başçılıq etdiyi ailə təsərrüfatında bu il 3,5 hektarda taxıl, 1 hektarda soğan və sarımsaq, 2 hektarda qarğıdalı, 1 hektarda isə kartof yetişdirilib.
Familə Mirzəyeva deyir ki, Cəlilkənddə əhalinin əksəriyyəti torpaqdan bəhrələnir. Uzun illər qazandığım təcrübə səmərəsini verir. Münbit torpaqlarda taxıl, kartof, sarımsaq, qarğıdalı əkib-becərir, heyvandarlıqla məşğul oluruq. Təsərrüfat suyumuz da boldur. Axarlı-baxarlı Arpaçay bizim ərazidən keçir. Öz ailə təsərrüfatımızla bərabər əlavə olaraq 6 nəfər kənd sakini də bizimlə çalışır. Yaraşıqlı ev-eşiyimizi, minik maşınımızı, xoş gün-güzəranın hamısını torpağın, zəhmətin hesabına əldə etmişik. Torpaq insanı ucaldır, yaşadır.
Rayonun o qədər də böyük olmayan Ələkli kəndində kartofçulu­ğun inkişafına önəm verilir. Ötən il bu kiçik yaşayış məntəqəsində sahələrdən 200 tondan artıq kartof götürülüb. Torpaq mülkiyyətçiləri ilin bol məhsulunun əsasını yazın ilk aylarından qoyurlar. Belə ki, kartof əkinləri optimal müddətlərdə və aqrotexniki qaydalarda həyata keçirilir.
Torpaq mülkiyyətçilərinin qayğıları ilə yerindəcə tanış olmaq üçün isti yay günlərinin birində bu kəndə getdik. Burada əkinçiliyin bütün sahələri, xüsusən də taxılçılıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, eləcə də heyvandarlıq inkişaf etdirilir.
Torpağa baş əyən insanlarla elə iş başındaca, onların həyətyanı sahəsində görüşüb həmsöhbət olduq. Kənd sakini Vaqif Bayramov söhbət zamanı bildirdi ki, biz hər il kartof əkirik. Yaxşı da təcrübə qazanmışıq. Əkin vaxtı məhsuldar toxumlardan istifadə edirik. Bu sahədə də çətinliyimiz yoxdur. Dövlət tərəfindən yüksək reproduksiyalı toxum sortları gətirilir. Özümüzün əkin üçün saxladığımız yerli toxumlarımız da var. Əkini vaxtında aparırıq. Hər il martın ortalarına kimi kartofu əkib yekunlaşdırırıq. Həyətyanı sahələrdə əkini əl üsulu ilə həyata keçiririk. Pay torpaqlarında isə kartofu texnika ilə əkənlər də var. Elə ki taxıl biçini başa çatdırıldı, dərhal kartofun yay əkininə başlayırıq. Deyim ki, kartofun yay əkini daha səmərəlidir. Belə ki, isti yay günlərində əkilən kartof havanın sərin vaxtlarında, daha doğrusu, oktyabr-noyabr aylarında çıxır. Məhsul bol və keyfiyyətli olur.
Ələkli kəndində pay torpaqlarından səmərəli şəkildə istifadə edib, bol məhsul götürən torpaq mülkiyyətçilərindən biri də 56 yaşlı Ziyad Allahverdiyevdir. O, həyətyanı sahəsində gözoxşayan bağ-bağça salıb, müxtəlif əkinlər əkib. Sahələrə nümunəvi qulluq edildiyindən məhsul da boldur. Xüsusən də kartof əkinindən yaxşı məhsul götürür. Bu il də bol məhsul yetişdirib.
Yaxşı haldır ki, bu kənddə 70-80 yaşlı sakinlər də əkin-biçin işlərində gənclərdən geri qalmır, məhsul bolluğu yaradılmasına töhfələrini verirlər. Belələrindən biri 83 yaşlı Nəcəf Bayramovdur. Uzun illər inşaat sahəsində çalışan Nəcəf kişi təqaüdə çıxdıqdan sonra taleyini torpağa bağlayıb. O, torpağı sağlamlığın rəhni hesab edir. Deyir ki, ömrümün bu vədəsində də özümü torpaqdan ayrı hesab etmirəm. Torpaq sərvətdir, xalqın nemətidir. Onu yaşıllaşdırmaq, gözəlləşdirmək isə bizim amalımız olmalıdır. Kəndimizdə hara baxırsan, hansı tərəfə boylanırsan, yaşıllıq, gözəllik, barlı-bəhərli meyvə bağları görürsən.
Öyrənirik ki, o da gəlirli sahə olan, mətbəximizdə ən çox istifadə edilən ərzaq məhsulu yetişdirməklə – katofçuluqla da məşğuldur.
Qədim əkinçilik diyarı olan Şərur rayonunda münbit torpaqlardan keyfiyyətli məhsul götürülməsində təsərrüfat suyunun bolluğu da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan 150 milyon kubmetr su tutumu olan Arpaçay dəryaçası Şərur torpaqlarının suvarılmasında mühüm rol oynayır. Rayon suvarma sistemləri idarəsinin kollektivi mövcud sulardan səmərəli şəkildə istifadə edir, əkin sahələrinin suvarılması təmin olunur. Bu il rayonda 14 min hektardan artıq sahədə taxıl, kartof, tərəvəz, qarğıdalı və sair əkilib ki, bunlar da daim su istəyən bitkilərdir.
Artıq avqust ayının ikinci ongünlüyünü yaşayırıq. İlin bu vədəsində kəndli əməyi, torpağa bağlı insanların çəkdiyi zəhmət artıq bəhrəsini verməkdədir. Bol və keyfiyyətli məhsul yetişdirən insanların üzü gülür. Diyarımıza gələn qonaqlar da Naxçıvan məhsullarının keyfiyyətindən, faydasından həvəslə söz açırlar. Bu məhsulları yetişdirib ərsəyə gətirənlər isə zəhmətkeş kənd adamları və münbit torpaqlarımızdır. Odur ki, torpaq hər zaman insan üçün yaşayış tərzini nizamlayan, gün-güzəranı yaxşılaşdıran, firavan həyatı təmin edən amil olub. Bir şərtlə ki, ona baş əyəsən, qayğısına qalasan, bərəkətini artırasan.

Məhəmməd FƏRƏCOV
Naxçıvan Dövlət Radiosunun baş redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR