Şahbuz rayonunda son illər aqrar sahədə əldə edilən nailiyyətlər nəzərəçarpacaq dərəcədə diqqət çəkir. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamının icrası ilə bağlı məhsul istehsalçılarına istifadə etdikləri yanacaq, motor yağlarına görə yardımların və gübrələrin verilməsi davam etdirilib, onlara 208 tondan artıq gübrə verilib, yazlıq əkinlə bağlı 5300 manat həcmində vəsait ödənilib.
Məlumatda bildirilir ki, bu ilin məhsulu üçün ötən ilin payızında 1389 hektar, cari ilin yazında isə 202 hektar sahədə taxıl əkini aparılıb. Artıq taxıl tədarükü başa çatıb. Şahbuzlu taxılçılar 4252 ton məhsula sahib olublar. Torpaq mülkiyyətçiləri digər əkinçilik sahələrində də bol məhsul istehsal etmək üçün hərtərəfli dövlət qayğısından bəhrələniblər. Belə ki, cari ildə 426 hektar sahədə kartof, 164 hektar sahədə tərəvəz, 243 hektar sahədə dənli-paxlalı, 9 hektar sahədə bostan bitkiləri və 217 hektar sahədə digər əkinlər aparılıb. Kənd adamlarının erkən yazdan çəkdikləri zəhmət hədər getməyib. Bu günədək 250 hektar sahənin məhsulu toplanılıb.
Meyvəçiliyin inkişafı da diqqət mərkəzində saxlanılıb, meyvə bağlarından 936 ton məhsul yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Cari ildə yaşıllaşdırma tədbirləri davam etdirilib, 3,3 hektar sahədə yeni bağ salınıb, 0,8 hektar sahədə bərpa işləri aparılıb, 4660 ədəd yeni meyvə, 420 üzüm tingi əkilib.
Muxtar MƏMMƏDOV