Müstəqillik qazandığımız illər Ordubad rayonunun da hüsnünə yeni çalarlar gətirib. Bu dövrdə bölgənin ən ucqar dağ və sərhəd kəndləri belə, müasir yaşayış məntəqələrinə çevrilib. Həmin kəndlərdə təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sahələr üçün yeni binalar inşa olunub, yol infrastrukturu yenilənib. Üstüpü kəndi də rayonun ucqar dağ yaşayış məntəqəsidir. Bir neçə aydır ki, bu kənddə də kompleks quruculuq işlərinə start verilib.
Yaxın vaxtlarda bu yaşayış məntəqəsində yeni məktəb, kənd və xidmət mərkəzlərinin binaları istifadəyə veriləcək. Kənd tam orta məktəbinin binası 1 korpusu zirzəmi ilə birlikdə 4, 2 korpusu isə 3 mərtəbədən ibarətdir. Tədris müəssisəsinin yeni binasında müəllim və şagirdlərin ixtiyarına işıqlı sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri, idman zalı və bufet veriləcəkdir. Binada əsas tikinti işləri, demək olar ki, başa çatıb. Hazırda binanın daxilində və fasad hissəsində suvaq işləri aparılır.
Dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi üçmərtəbəlidir. Kənd mərkəzinin binasında da əsas tikinti işləri başa çatdırılıb, kommunikasiya xətləri çəkilib, qapı və pəncərələr salınıb. Kənd mərkəzinin birinci mərtəbəsi həkim ambulatoriyası üçün nəzərdə tutulub. Digər mərtəbələrdə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kitabxananın, klubun, poçtun, ATS, səhiyyə, baytarlıq və polis məntəqələrinin fəaliyyətinə hərtərəfli şərait yaradılacaq. Üstüpü kənd sakinlərinə daha bir ərməğan olan birmərtəbəli xidmət mərkəzində sənaye və təsərrüfat malları mağazaları, bir neçə xidmət sahəsi yerləşəcək. Bu quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər.
Obyektlərin hamısında yerli tikinti materialından istifadəyə üstünlük verilir, keyfiyyət amili diqqət mərkəzində saxlanılır.
Xəbərlər şöbəsi