Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Bu tədbirlərin davamı olaraq Culfa rayonunun Dizə kəndində aparılan abadlıq və quruculuq işləri çərçivəsində kənd yolu yenidən qurulur. Hələ iki il bundan öncə uzunluğu 6,5 kilometr olan bu yolda torpaq işləri görülmüş, suötürücülər quraşdırılmışdı. Bu işlərin davamı olaraq hazırda yolun kənarında suaxıdıcı kanallar çəkilir, yola asfalt örtüyü salınır. İnşaatçılar Culfa-Ordubad magistralından Dizə kəndinə ayrılan yolun 6,5 kilometr hissəsində torpağın hamarlanaraq bərkidilməsi və yolun genişləndirilməsi işinə başlayıblar.
Təhlükəsizlik məqsədilə yolun yaxınlığından keçən qaz xəttinin də daha kənardan çəkilməsinə başlanılıb. Naxçıvan Yol Təmir-Tikinti İdarəsi tərəfindən həyata keçirilən yenidənqurma işlərində keyfiyyət amilinə üstünlük verilir.
Səbuhi HÜSEYNOV