23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın rəqabətqabiliyyətli iqtisadi potensialı burada istehsal olunan yüksəkkeyfiyyətli məhsulların emalı, istehsalı və ixracı ilə xarakterizə olunur. Naxçıvanda kiçik və orta sahibkarlıq inkişaf etdikcə ixtisaslaşmış xeyli sayda emal və istehsal müəssisələri və bunların əsasında fəaliyyət göstərən çoxlu xidmət obyektləri də yaradılır. Həyata keçirilən irimiqyaslı layihələr, əsasən, daxili bazarın tələbatlarının ödənilməsi və daha çox ixracyönümlü istehsal sahələrinin genişləndirilməsi üzrə davam etdirilir. 

Müasir dövrdə Naxçıvan Muxtar Respublikasında geniş emal sənayesi potensialı vardır. İqtisadiyyat Nazirliyinin son məlumatlarına əsasən hazırda Naxçıvanda 440-dan çox istehsal-emal müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 371 növdə məhsul istehsal olunur və 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bütün bunlar işə salınan yeni müəssisələrə güzəştli kreditlərin verilməsi, müasir texnoloji avadanlıqların gətirilməsinə göstərilən dəstək, daxili bazarın qorunması yolu ilə yerli istehsalçıların işinin stimullaşdırılması sayəsində mümkün olub, regionda hər cür istehsal və emal fəaliyyəti ilə məşğul olmaq istəyənlərə geniş imkanlar açır. Nəticədə, bu gün muxtar respublika iqtisadiyyatının ümumi daxili məhsulunda sənaye ilk sıranı tutmaqdadır.

Keçilən yola nəzər saldıqda görürük ki, Naxçıvan Muxtar Respublikasında sənayenin bu həcmdə inkişaf etdirilməsi heç də asan olma­mışdır. Özünün 90 ildən artıq muxtariyyət tarixində Naxçıvan sənayesinin inkişafı müxtəlif mərhələlərdən keçmiş, bir neçə yaddaqalan yüksəliş dövrləri olmuşdur. Belə ki, sovet hakimiyyəti dövründə dünyanın ən güclü dövlətlərindən birinin tərkib hissəsi olan Naxçıvanda 1965-ci ilədək cəmi 40 adda məhsul istehsalına nail olunmuş, bunların da əksər hissəsi mineral ehtiyatların hasilatı və yeyinti sənayesi hesabına mümkün olmuşdur. Həmin dövrdə Naxçıvanın iqtisadiyyatı aqrar çərçivədən kənara çıxa bilməmiş, ərzaq bitkiləri ilə yanaşı, sənaye əhəmiyyətli texniki bitkilərin əkinləri üstünlük təşkil etmişdir.
1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə bütün respublikada olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da iqtisadi-mədəni həyatında köklü dəyişikliklər baş verdi. Regionda sənaye məhsulunun artımı 1970-1985-ci illər arasındakı dövrdə dəfələrlə artmış, Azərbaycan Respublikası üzrə sənaye məhsulu istehsalında muxtar respublika sənayesinin xüsusi çəkisi 1970-ci ildəki 1,1 faiz səviyyədən 1985-ci ildə 2,3 faiz səviyyəsinə çatmışdı.
1987-1993-cü illər arası baş verən məlum hadisələrdən sonra diyarımızda da sənayenin inkişafının yeni mərhələsində Naxçıvanın sahib olduğu təbii sərvətlərin daha geniş şəkildə iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadi-əmək potensialından daha səmərəli istifadə edilməsi mərhələsi başlandı. Bu dövr, Naxçıvanın düşdüyü ağır blokada şəraitinin çətinliklərinə baxmayaraq, enerji, kommunikasiya, ərzaq problemlərinin həll olunması ilə paralel şəkildə həm də gələcəkdə muxtar respublikanın iqtisadi təhlükəsizliyinə zəmin kimi güclü sənaye potensialının yaradılması istiqamətində atılan mühüm addımlarla yaddaqalan olmuşdu. Belə ki, muxtar respublikada hazırda avtomobildən tutmuş kiçik plastik məmulatlara qədər yüzlərlə növdə və çeşiddə yüksəkkeyfiyyətli məhsullar istehsal edən çox geniş imkanlara malik sənaye potensialı yaradılmasına nail olunub, 1995-ci illə müqayisədə muxtar respublikada sənaye məhsulunun həcmi 100 dəfədən çox artıb.
Hazırda yeni iqtisadi şəraitdə muxtar respublika iqtisadiyyatında çoxşaxəlilik təmin olunub. Bunun əldə edilməsində isə, şübhəsiz, sənayenin mühüm payı vardır. Belə ki, bu gün Naxçıvanda Günəş və hidroenerji ehtiyatlarından da istifadə olunmaqla elektrik enerjisindən tutmuş duz, mineral sular, daş məhsulları, müxtəlif növ mebellərədək, avtomobillərdən spirtli içkilərədək geniş çeşiddə məhsul istehsal edilir. Müasir texnologiyalardan istifadə ilə ənənəvi sahələrin yenidən dirçəldilməsi və yerli resurslardan daha səmərəli istifadə olunmasına diqqət artırıldıqca bu məhsulların sırasına yeniləri də əlavə edilir.
Bu gün muxtar respublikada həyata keçirilən bütün quruculuq işlərində əsas inşaat materialları olan sement və qum-çınqıl tamamilə yerli imkanlar hesabına ödənilir. Naxçıvanda istehsal olunan kərpic, travertin, mərmər, plastik məmulatlar da tikinti-quruculuq işlərində bütün daxili tələbatı ödəməklə regionun ixrac potensialının artırılmasında mühüm paya malikdir. Burada istehsal olunan mebellər daxili bazarı tam ödəməklə yanaşı, ölkəmizin digər yerlərində, habelə Türkiyə və Gürcüstanda da özünə alıcı tapmaqdadır.
Mineral sudoldurma, pivə və digər spirtli içkilər istehsalındakı güclü potensial daxili bazarın təmin olunması və hazır məhsulların ixracına da imkan verib. Təkcə qida sənayesi sahəsində əldə olunmuş nailiyyətlər muxtar respublikada emal sənayesinin inkişafı və ərzaq təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyət daşımaqla, həm də xammal kimi istifadə olunan yerli heyvandarlıq və bağ-bostan məhsullarının iqtisadi dövriyyəyə cəlb edilməsinə güclü təkan verib. Bu gün Naxçıvanda ət, balıq və süd məhsulları, broyler, yumurta, bal istehsalı sahəsində yüksək göstəricilər əldə olunub, tələbatdan artıq məhsullar ölkəmizin digər yerlərinə və xaricə ixrac edilməkdədir. Tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi bu sahələrdə fəaliyyət göstərən fermer təsərrüfatlarının və emal sənayesinin inkişafı hesabına mümkün olub. Bu gün süfrələrimizin bəzəyi olan Naxçıvan balı, duzu və lavaşı, şirniyyat və qənnadı məhsulları, meyvə şirələri, dondurma və limonadlar, Naxçıvana xas olan özünün yüksək keyfiyyəti ilə yerli əhali və muxtar respublikaya gələn qonaqlar tərəfindən çox bəyənilir.
Naxçıvanda istehsal olunan bu məhsulların əksəriyyəti muxtar respublikada daxili bazarın tələbatlarının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunların böyük bir hissəsi son 15-20 il ərzində yaradılmış müəssisələrin məhsullarıdır. Həmin məhsulların ümumi bir cəhəti isə yüksək texnologiyaların tətbiqi ilə müasir standartlar əsasında istehsal edilməsidir. Bu, təkcə Naxçıvan Muxtar Respublikasının deyil, həm də ölkəmizin iqtisadi gücünün göstəricisidir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR