Su ehtiyatlarının səmərəli istifadəsi və su itkisinin qarşısının alınması diqqət mərkəzində saxlanılır. Bu ilin avqust ayında 7 kilometr torpaq kanal, 40 kilometr ara arxları, 5 kilometr kollektor lildən təmizlənmiş, 2 kilometr yeni suvarma boru xətti, 1 kilometr yeni içməli su xətti çəkilmiş, mövcud kaptaj və drenajlar təmir olunmuşdur.
Yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, su itkisinin qarşısını almaq üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilərək 2116 metr suvarma boru xətti çəkilmiş, 230 hidrant quraşdırılmışdır.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması tədbirləri də davam etdirilmiş, Şərur şəhərində 1508 metr içməli su xətti, 3350 metr kanalizasiya xətti çəkilmişdir. Şahbuz şəhərindəki çirkab sutəmizləyici qurğunun tikintisi isə davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti