23 Dekabr 2024, Bazar ertəsi

Cari ilin 8 ayının nəticələri bunu deməyə əsas verir

Əhalinin sosial rifah halının yüksəlişinə nail olmaq həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Bu baxımdan iqtisadi artımın yüksələn dinamikasını qoruyub saxlamağa xidmət edən bir çox mühüm tədbirlər diqqətdə saxlanılır. Dünya bazarındakı qeyri-müəyyənlik və mürəkkəb iqtisadi şəraitə baxmayaraq, ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikamızda iqtisadi inkişafın yüksələn tempi əhali gəlirlərində də hiss olunmaqdadır. Naxçıvanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti də bu məqsədə xidmət edir.

Naxçıvan Muxtar Respublikasının stabil iqtisadi artım tempi iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri olan ümumi daxili məhsulun həcmində özünü göstərir. Belə ki, 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 1 milyard 705 milyon 749 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.

Bəhs olunan dövrdə muxtar respublikanın sosial-iqtisadi inkişafının digər göstəricilərinə nəzər saldıqda görürük ki, regionda sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, xarici ticarət, bank-kredit və xidmət sahələrində də artım dinamikası təmin olunub, əhali gəlirlərində yüksəliş templəri qorunub saxlanılıb. Belə ki, cari ilin yanvar-avqust ayları ərzində muxtar respublikada əhalinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyard 189 milyon 760 min 200 manat, onun hər bir nəfərə düşən məbləği isə 0,2 faiz artaraq 2642,2 manat təşkil edib. Bu dövr ərzində muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 414,3 manat təşkil edib ki, bu göstərici 2016-cı­ ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox olub.
Əhali gəlirlərinin formalaşmasında ən mühüm amillərdən biri sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır. Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikasında azad sahibkarlığın dəstəklənməsi, kiçik və orta sahibkarlığa göstərilən qayğı ötən dövr ərzində də yerli istehsalın stimullaşdırılmasına, məşğulluğun səviyyəsinin artırılmasına və əhali gəlirlərinə öz təsirini göstərib. Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının davamlı olaraq yaxşılaşdırılması nəticəsində 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 21 milyon 52 min 500 manat məbləğində kreditlər verilib. Verilmiş kreditlərin 3 milyon 82 min 400 manatı və yaxud 14,6 faizi qısamüddətli, 17 milyon 970 min 100 manatı və yaxud 85,4 faizi uzunmüddətli kreditlər olub. Belə səmərəli kreditləşmə mexanizminin təmin edilməsi ilə regionumuz üçün çox mühüm olan yeni istehsal və xidmət sahələrinin yaradılması və bunun da nəticəsində əhali gəlirlərinin artırılması mümkün olub. Nəticədə, əldə edilən davamlı iqtisadi sabitlik uzaq perspektivə yönəlmiş stabil inkişafın zəmanətçisi kimi özünü göstərir.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Yeni iqtisadi şəraitdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında çoxşaxəliliyin təmin olunmasında sənaye sahələri öncül yer tutur. Yeni texnologiyadan istifadə ilə yerli resurslardan daha səmərəli istifadə olunmasında sənaye sahələrinin inkişaf etdirilməsi öz bəhrəsini verməkdədir. Belə ki, cari ilin yanvar-avqust aylarında sənaye üzrə 708 milyon 256 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 1,4 faiz çoxdur.
Kənd təsərrüfatı muxtar respublika əhalisinin əsas məşğuliyyət sahələrindən biridir. Naxçıvan Muxtar Respublikasında əkin sahələrindən səmərəli istifadə olunması və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2017-ci­ ilin yanvar-avqust aylarında 279 milyon 334 min 800 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyib. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 13 min 192 tondan çox ət, 66 min 50 tondan çox süd istehsal edilib ki, bu da bir il öncəki göstəricilərlə müqayisədə müvafiq olaraq ət istehsalı üzrə 3,2 və süd istehsalı üzrə isə 7,3 faiz artım deməkdir.
İqtisadi inkişafın mühüm göstəricilərindən biri də xarici ticarətin həcmidir. Məhz aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkəmizin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına imkan yaradır. Naxçıvanın ixrac imkanlarının artırılması istiqamətində görülən tədbirlər sahibkarlar qarşısında geniş imkanlar açıb. Nəticədə, 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 304 milyon 838 min 500 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri son bir il ərzində 1,2 faiz artaraq 284 milyon 341 min 600 ABŞ dolları, idxalın dəyəri 27,1 faiz azalaraq 20 milyon 496 min 900 ABŞ dolları təşkil edib, nəticədə, 263 milyon 844 min 700 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Görülən tədbirlər, həyata keçirilən irimiqyaslı layihələr muxtar respublikamızın iqtisadi potensialının artırılması ilə paralel olaraq özünü insanların rifah halının yüksəldilməsində də göstərir. İndi Naxçıvanın iqtisadiyyatı yerli əhalinin və regiona səyahət edən yüz minlərlə turistin hər cür tələbatlarını ödəyə biləcək gücdədir. 1 avqust 2017-ci il tarixə Naxçıvanda yaşayan əhali sayının bir il öncəsinə nisbətdə 0,9 faiz artaraq 451 min nəfəri ötməsi və cari ilin yanvar-avqust aylarında muxtar respublikaya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox, yəni 243 min nəfərdən artıq turist gəlməsi dediklərimizi bir daha təsdiq edir.
Bütün bunlar Naxçıvan Muxtar Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi, iqtisadi inkişaf nəticələrinin sosial və humanitar sahəyə transformasiya etdirilməsi nəticəsində mümkün olub.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR