23 Dekabr 2024, Bazar ertəsi

Heyvandarlıq məhsulları hər birimizin gündəlik qida rasionunda mühüm yer tutur. Çünki bu məhsulların tərkibi insan orqanizminə lazım olan zülal, yağ və vitaminlərlə zəngindir. Ancaq etiraf etmək lazımdır ki, insan sağlamlığı da məhz qəbul edilən bu məhsulların tərkibinin keyfiyyətli olmasından asılıdır. Əks-təqdirdə müxtəlif xəstəliklərə yoluxmağımız da qaçılmaz olar. 

Araşdırmalar nəticəsində məlum olub ki, heyvanlarda olan yoluxucu xəstəliklərin 60 faizinin insanlara keçmə ehtimalı var. Məhz buna görə də heyvandarlıq məhsullarının sağlam tərkibinə zəmanət verilməsi baytarlıq xidmətinin nə qədər zəruri bir sahə olduğunu göstərir. Əbəs yerə deyilmir ki, səhiyyə insanları, baytarlıq isə bəşəriyyəti müalicə edir. Bəlkə də buna görədir ki, bu sahədə aparılan işlər tibdən daha çətindir. Ona görə ki, həkim öz pasiyentini müalicə edərkən onunla və yaxud yaxınları ilə söhbət edərək xəstəlik haqqında məlumatlar almaq imkanına malikdir, baytar həkimlərin isə belə imkanları məhduddur. Buna görə də baytar həkimlər bilik və təcrübəyə əsaslanmaqla, həm də yüksək hiss və duyarlılıq keyfiyyətlərinə malik olmalıdırlar. Bu baxımdan müasir dövrdə istehlakçıların təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatında baytarlıq xidmətlərinin rolu böyükdür. Eyni zamanda hazırda bütün ölkələr üçün strateji sahə hesab edilən ərzaq təhlükəsizliyi məsələlərinin həlli yüksəkkeyfiyyətli baytarlıq xidmətinin təşkilindən birbaşa asılıdır. Bəs cari ilin ötən dövründə muxtar respublikada bu xidmətin fəaliyyəti necə təşkil olunub? Suala cavab almaq üçün bu günlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində olduq.
Xidmətin rəisi Əbil Əbilov bizimlə söhbətində bildirdi ki, muxtar respublikada keyfiyyətli baytarlıq xidmətinin təşkili hər zaman diqqət mərkəzində saxlanılıb.

Bu sahədə lazımi infrastrukturun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi qısa müddətdə muxtar respublikanın hər bir bölgəsində mühüm baytarlıq tədbirlərinin həyata keçirilməsinə geniş imkanlar açıb. Müsahibimiz dedi ki, muxtar respublikada hazırda 1 Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, 8 Baytarlıq İdarəsi, 7 baytarlıq laboratoriyası, 9 baytar-ekspertiza laboratoriyası və 168 baytarlıq məntəqəsi fəaliyyət göstərir. Baytarlıq xidmətinin daha da yaxşılaşdırılması məqsədilə ötən dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin, Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin binaları və Xüsusi təhlükəli xəstəliklərin diaqnostik müayinəsi laboratoriyası yenidən qurulub, laboratoriyada müayinələrin aparılması üçün yeni şöbə yaradılıb və müasir avadanlıqlarla təmin edilib. Bildiyiniz kimi, muxtar respublika əhalisinin 70 faizi kənd­lərdə yaşayır və bu əhalinin çox hissəsi heyvandarlıqla məşğul olur. Bu baxımdan kənd yaşayış məntəqələrində baytarlıq xidmətinin lazımi şəkildə təşkili dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu cür yaşayış məntəqələrində baytar həkimlərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, baytar məntəqələri lazımi avadanlıqlarla təmin edilir. Bu isə onun göstəricisidir ki, indi kəndli baytarlıq xidməti üçün rayon mərkəzinə və yaxud muxtar respublika paytaxtına gəlmir, elə yaşadığı ərazidə bu xidmətdən istifadə edə bilir.
Həmsöhbətimiz onu da vurğuladı ki, baytarlıq sahəsi göstərilən dövlət qayğısı sayəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Regionda baytarlıq xidmətinin daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, baytarlıq tədbirlərinin vaxtında və mütəşəkkil aparılması üçün dövlət vəsaiti hesabına dərman preparatları alınaraq muxtar respublikaya gətirilir. Dərman preparatları soyuducu kameralarda müəyyən olunmuş temperaturda saxlanılır, “soyuq zəncir” prinsipinə əməl edilməklə xüsusi maşınlar vasitəsilə rayon baytarlıq idarələrinə çatdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən bu ilin iyul ayının 5-də Dövlət Baytarlıq Xidmətində keçirilən səyyar müşavirədə qarşımıza bir çox mühüm tapşırıqlar qoyulmuşdur. Əsas məqsədimiz verilmiş tapşırıqlara uyğun olaraq mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, təbii yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə süni mayalanma tədbirlərinin əhatə dairəsinin və əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsidir. Buna görə də çalışacağıq ki, qeyd olunan istiqamətlər üzrə fəaliyyətimizi bundan sonra da gücləndirək.
Xidmətin əməkdaşı Şəmsəddin Nağıyev isə 2017-ci ilin birinci yarımilində görülmüş işlərlə bağlı bizi məlumatlandırdı. Onun dediklərindən: “Cari ilin ilk 6 ayında diaqnostik olaraq bruselyoz xəstəliyini müayinə məqsədilə 40 min 804 baş iribuynuzlu, 53 min 333 baş xırdabuynuzlu, 12 min 105 baş törədici heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilib. Eyni zamanda manqo xəstəliyinə görə 150 baş təkdırnaqlı, epididimit xəstəliyinə görə 12 min 105 baş törədici heyvanda, vərəm xəstəliyinə görə 2762 baş iribuynuzlu heyvanda diaqnostik müayinələr aparılıb.
Profilaktik məqsədlə kənd təsərrüfatı heyvanları arasında qarayara xəstəliyinə qarşı 89 min 551 baş iribuynuzlu, 522 min 508 baş xırdabuynuzlu, 3634 baş təkdırnaqlı, dabaq xəstəliyinə qarşı 83 min 379 baş iribuynuzlu, 338 min 717 baş xırdabuynuzlu, emkar xəstəliyinə qarşı 75 min 517 baş iribuynuzlu, bradzot xəstəliyinə qarşı 39 min 422 baş xırdabuynuzlu, pasterellyoz xəstəliyinə qarşı 5646 baş iribuynuzlu, 105 min 306 baş quşlarda, nodulyar dermatit xəstəliyinə qarşı 85 min 608 baş iribuynuzlu, nyukasl “H” (taun) xəstəliyinə qarşı 438 min 608 baş quşlarda, lasota ilə 248 min 20 baş cücələrdə, aueski xəstəliyinə qarşı 46 min 886 baş iribuynuzlu, bruselyoz xəstəliyinə qarşı 114 min 670 baş xırdabuynuzlu heyvanlarda peyvəndləmə tədbirləri aparılıb və hazırda da bu işlər davam etdirilir”.
Şəmsəddin Nağıyev onu da bildirdi ki, qeyd olunan dövrdə muxtar respublikanın bütün yaşayış məntəqələrində, o cümlədən mal-qara saxlanılan tövlələrdə, heyvanların yataq yerlərində, quş damlarında olmaqla, ümumilikdə, 1134 obyektdə 285 min 569 kvadratmetr sahədə dezinfeksiya tədbirləri həyata keçirilib.
Onu da öyrəndik ki, hazırda muxtar respublikada 23 süni mayalanma məntəqəsi fəaliyyət göstərir ki, bu məntəqələrdə 26 nəfər süni mayalanma texnikləri çalışır. Cari ilin yanvar ayından iyul ayının 1-dək 5165 baş iribuynuzlu heyvanda mayalanma tədbirləri həyata keçirilib, 3807 baş buzov alınıb.
Müasir dövrdə kənd təsərrüfatının inkişaf etdiyi Qərb ölkələrində baytarlıq mühüm xidmət sahəsi kimi tanınır. Çünki ərzaq təhlükəsizliyinin təmin olunmasında, yüzlərlə çeşiddə heyvandarlıq məhsullarının ixrac və idxalında, müxtəlif xəstəliklərin qarşısının alınmasında baytarlıq xidməti böyük əhəmiyyət kəsb edir. Dövlət Baytarlıq Xidmətində olduğumuz zaman hər iki müsahibimizlə muxtar respublikamızda baytarlıq xidmətinin müasir vəziyyətindən, kadr hazırlığından, dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan, xidmətin təşkili üçün yaradılmış şəraitdən xeyli danışdıq. Ümumi gəldiyimiz nəticə bu oldu ki, muxtar respublikamız aqrar region olduğundan baytarlıq xidmətinin yüksək səviyyədə təşkili bu gün qarşıda duran ən böyük vəzifələrdən biridir. Çünki muxtar respublikamızın iqtisadi inkişafında kənd təsərrüfatı sahəsi daha böyük paya malikdir. Bu isə istehsal olunan kənd təsərrüfatı məhsullarının daha keyfiyyətli, təhlükəsiz olmasını zəruri edir. Muxtar respublikada həyata keçirilən tədbirlər bu sahənin də nümunəvi inkişafına imkan verir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR