Muxtar respublikada istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi diqqət mərkəzindədir. “Naxçıvanqaz” İstehsalat Birliyinin kollektivi bu ilin ötən dövründə qarşıda duran vəzifələri uğurla yerinə yetirmiş, daxil olan müraciətlərə əsasən 283 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır.
İlin birinci yarısında avtomat qaz paylayıcı stansiyalarda istismar olunan texnoloji avadanlıqlara, təzyiq tənzimləyicilərinə, odorant qurğularına, qaz qızdırıcı qurğulara, ölçü qovşaqlarına istehsalat təlimatına uyğun texniki xidmət göstərilmiş, qazın təsdiq edilmiş texnoloji rejimə uyğun nəqli təmin olunmuşdur. Naxçıvan şəhərində 1695 ədəd smartkarttipli qaz sayğacı quraşdırılmışdır. Eyni zamanda bu dövrdə qaz xətlərində 8558 sızma aşkarlanaraq aradan qaldırılmışdır.
Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin birinci yarısında yeni qaz xətlərinin çəkilməsi, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar 70 min 872 paqonometr müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə edilmişdir. Rayon və şəhər qaz istismar idarələrinin işçiləri isə Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə təşkil olunan ixtisasartırma kursuna cəlb olunmuşdur.
“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti