Muxtar respublikamızda mövcud olan əlverişli iqtisadi mühit yeni investisiya layihələrinin reallaşdırılmasına münbit zəmin yaradıb. Böyük bir hissəsi son 10-15 il ərzində işə salınan bu müəssisələrin bəziləri yenidən qurulub, əksəriyyəti isə yeni yaradılıb. Ancaq bu müəssisələrin hamısının ümumi bir cəhəti odur ki, onlar yeni dövrün tələbləri – yüksək texnologiyaların tətbiqi ilə müasir standartlar əsasında işləməklə istehlakçılar üçün çox faydalı olan məhsullar istehsal etmək gücünə malikdirlər. Artıq muxtar respublikada yerli və idxal xammal əsasında işləyən çox sayda sənaye müəssisələri fəaliyyət göstərməkdədir.
Ümumilikdə, bu gün Naxçıvan şəhərində 35-ə yaxın profil üzrə ixtisaslaşmış sənaye müəssisələri fəaliyyət göstərir. Onlardan biri də “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin istehsal etdiyi məhsullar 10 ildən artıqdır ki, süfrələrimizin bəzəyidir. 388 işçinin daimi işlə təmin olunduğu cəmiyyətin istehsal sahələrində 8 adda, 96 çeşiddə məhsul istehsal edilir. Burada müasir informasiya texnologiyaları geniş şəkildə tətbiq olunur. Müəssisənin əsas məqsədi müştərilərə yüksəkkeyfiyyətli xidmət göstərmək, istehlakçıları münasib və sərfəli qiymətlərə uyğun məhsullarla təmin etməkdir. “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində müəssisənin fəaliyyətinin tənzimlənməsi, stimullaşdırılması, marketinq və satış işinin operativ, doğru şəkildə yerinə yetirilməsi, eyni zamanda idarəçiliyin düzgün, əlaqəli şəkildə həyata keçirilməsi hər zaman diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, bütün struktur bölmələrinə və əməkdaşlara normal fəaliyyətləri üçün lazımi şərait yaradılıb. Hazırda burada müasir marketinq və satış metodlarından istifadə edilərək muxtar respublika ərazisində fəaliyyət göstərən bütün ticarət obyektlərinə yüksək səviyyəli xidmət göstərilir. Sifarişlərin alınması və emalı onlayn sistemlə həyata keçirilir. Əməkdaşların maarifləndirilməsi və peşəkarlıqlarının artırılması üçün mütəmadi olaraq treninqlər aparılır.
“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti məhsulların saxlanılması və satış nöqtələrinə paylanılması üçün bütün imkanlara malikdir. Müəssisədə yükgötürmə qabiliyyəti 4,5 ton olan 52 ədəd “İsuzu” və “Mitsubishi” markalı avtomobildən ibarət nəqliyyat parkı, 8100 kvadratmetr sahəsi olan müasirtipli anbarlar var. Anbarlar məhsulların saxlanılma şəraitinin optimallaşdırılması üçün soyuducu qurğularla təchiz edilib. Həmçinin müəssisə 800 ton həcmli-18 dərəcə temperaturlu müasir anbar sisteminə malikdir.
1998-ci ilədək gündəlik tələbat mallarının idxalı və satışı ilə məşğul olan müəssisə həmin il əhalinin tələbatını nəzərə alaraq yeni istehsal sahəsi – qənd sexi yaradıb. Bu gün qənd istehsalında yeni texnoloji avadanlıqlardan istifadə edərək tələbata uyğun müxtəlif çeşidli qablaşmada və çəkidə yüksəkkeyfiyyətli qənd istehsal edilir.
2005-ci ildə daha bir istehsal sahəsi yaradılıb. Burada lokum, qarğıdalı çubuqları, pop-corn istehsalı ilə yanaşı, dənli-paxlalı kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması da həyata keçirilir.
Dövlət dəstəyi və öz investisiyaları hesabına 2010-cu ildə yaradılan “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində isə 2 adda 78 çeşiddə məhsul istehsal olunur və hazırda burada 44 nəfər işlə təmin edilib. Cəmiyyətin yaradılmasında əsas məqsəd yerli istehsalın inkişaf etdirilməsi, əhalini yüksəkkeyfiyyətli vafli və peçenye məhsulları ilə təmin etməkdir. Müəssisə əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək daim unikal reseptlə və yeni məhsul növlərinin hazırlanması, istehlakçılara çatdırılması istiqamətində araşdırmalar aparır.
2011-ci ildə isə “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilərək yeni uğurlara imza atılıb. İstehsal fəaliyyətinə görə İSO-9001 keyfiyyət idarəetmə sistemi sertifikatı alıb. 48 nəfərin daimi işlə təmin olunduğu bu müəssisədə istehsal olunan quş əti və yumurta muxtar respublikanın daxili bazarının tələbatının böyük bir qismini ödəyir. “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısıdır. Müəssisədə toyuq yetişdirilməsi üçün 6800 kvadratmetr sahəsi olan 5 ferma fəaliyyət göstərir. Müəssisənin ətlik toyuq yetişdirilməsi sahəsində istehsal gücü 85 min ədəd cücədir. Fermalar ən müasir texnoloji avadanlıqlarla təchiz edilib. Cücələrin yetişdirilməsində keyfiyyətli yem məhsullarından istifadə olunur. Müəssisənin kəsim üzrə istehsalat sahəsində isə toyuqların kəsimi və qablaşdırılması həyata keçirilir. Kəsim gücü saatda 1500 baş ətlik toyuqdur. İstehsal prosesi müasir tələblərə uyğun aparılır. Kəsim sahəsindəki texniki proses başa çatdıqdan sonra məhsullar sterilizə edilmiş xüsusi qablarda və paketlərdə qablaşdırılır. Qablaşdırılmış məhsullar müəssisə daxilində tikilmiş xüsusi soyuducu kameralarda dərin dondurularaq (-40°C-45°C ) mühafizə üçün (-18°C) soyuducu kameralara alınır.
“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilən dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərdə yaxından iştirak edir, sahibkarların qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində əməli fəaliyyətini davam etdirir. Şirkətin qazandığı uğurlar yüksək qiymətləndirilir. Buna görədir ki, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Teymur Rzayev Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən fəxri diplom ilə təltif edilib.
Artıq müəssisə öz profili üzrə böyük bazar payına malikdir. “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti qazandığı uğurlarla kifayətlənməyərək istehlakçıların keyfiyyətli, dünya standartlarına uyğun və rəqabətqabiliyyətli qiymətə malik məhsullarla təmini üçün bütün imkanlardan istifadə edir.
Ramiyyə ƏKBƏROVA