23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada aqrar sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilib, bol məhsul istehsalı üçün zəmin yaradılıb. Yeni suvarma şəbəkələrinin qurulması kənd təsərrüfatı bitkilərinin, xüsusilə də əsas ərzaq məhsulu olan taxıl əkini sahələrinin artırılmasına səbəb olub. Meliorativ tədbirlərin görülməsi hesabına uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Ötən ilin payızında və bu ilin yazında əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilib, sahələrdə vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq işləri görülüb. Bütün bu görülən işlər nəticəsində zəmilərdə bol məhsul yetişib. Taxıl biçini ilə bağlı bölgələrimizdən gələn xəbərlər bunu deməyə əsas verir.

Babək Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayon ərazisində hər il taxıl əkini sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür, müasir kombaynlar alınır. Bu da bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Kombaynçılar və mexanizator­lar yaradılan bu şəraitdən səmərəli bəhrələnir, məhsuldar işləyir, yanğın təhlükəsizliyi qaydalarına əməl etməklə taxıl biçininin vaxtında başa çatdırılması üçün səy və bacarıqlarını əsirgəmirlər.
Məlumatda o da bildirilir ki, aqrar rayon olan Babəkdə 2017-ci il üçün 10 min 195 hektar sahədə payızlıq taxıl əkilib. Bunun da 6 min 964 hektarını buğda, 3 min 231 hektarını arpa təşkil edir. Biçinin itkisiz başa vurulması üçün tədbirlər görülür. Hazır­da biçinə cəlb edilən kombaynların 2-si “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 13-ü isə hüquqi və fiziki şəxslərə məxsusdur. İyunun 22-nə olan məlumata görə, Babək rayonunda 426 hektar sahədə taxıl biçini həyata keçirilib. Hazırda rayonda taxıl biçini davam etdirilir.
Kəngərli Rayon İcra Hakimiyyətindən qəzetimizə bildirdilər ki, bölgənin 4364 hektar məhsuldar torpaq sahəsində taxıl əkini aparılıb. Bunun 2314 hektarını buğda, 2050 hektarını arpa sahəsi təşkil edir. Bir neçə gündür ki, rayonda taxıl tədarükünə başlanılıb. İyunun 22-nə olan məlumata görə, 202 hektar sahənin məhsulu tədarük edilib. Rayonun Xok, Böyükdüz, Şahtaxtı, Qıvraq kəndlərində məhsuldarlıq daha yüksəkdir. Bazar günündən etibarən biçinin optimal müddətdə başa çatdırılması üçün yeni kombaynlar cəlb ediləcək.
Xatırladaq ki, Şahbuz rayonunda yaxın günlərdə taxıl biçininə start veriləcək. Ümumiyyətlə, bu il muxtar respublika üzrə 31 min 632 hektar sahədə taxıl biçini aparılacaqdır ki, bunun da 22 min 268 hektarı buğda, 9 min 364 hektarı isə arpa əkinləridir.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR