23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərindən Şərur rayonunun Qarahəsənli kəndinə də pay düşüb. Aparılan kompleks abadlıq-quruculuq işləri çərçivəsində tamamilə yenidən qurulan kənd tam orta məktəbinin binası 198 şagird yerlik nəzərdə tutulub. İki mərtəbədən ibarət olan bu tədris müəssisəsinə bir korpus da əlavə edilir. Burada geniş və işıqlı sinif otaqları, kompüter otağı və elektron lövhəli siniflər, kimya, biologiya, fizika və hərbi kabinələr, kitabxana, bufet yerləşəcək. Hazırda binanın fasad hissəsinə yerdən, təxminən, bir metr hündürlükdə cilalanmış travertin üzlük bərkidilir ki, bu da divarlarda baş verə biləcək aşınmanın qarşısının alınması məqsədi daşıyır.
Kənd mərkəzi üçün nəzərdə tutulmuş ikimərtəbəli yeni inzibati binada işlər davam etdirilir. Bu binada icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, mədəniyyət evi, kitabxana, iclas zalı, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, poçt, ATS üçün otaqlar ayrılacaq.

Kənddə inşa olunan daha bir obyekt isə birmərtəbəli xidmət mərkəzinin binasıdır. Xidmət mərkəzində ərzaq və təsərrüfat malları mağazaları, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcək.
Hər üç obyekt mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılacaqdır. Bunun üçün iki qazanxana hazırlanır. Həyətdə abadlıq işləri görüləcək, yaşıllıq və gülkarlıqlar üçün yerlər düzəldiləcək. Piyada yollarına isə kilid daşlar, kənarlarına bordürlər düzüləcək.
Qeyd edək ki, obyektdə yerli inşaat materiallarından istifadə olunur, təhlükəsizlik qaydalarına ciddi əməl edilir. İnşaatçılar hər üç binanın vaxtında istifadəyə verilməsi üçün səylə çalışırlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR