23 Dekabr 2024, Bazar ertəsi

Çətinə düşəndə bir loxma çörək dizlərə taqətdir, gözlərə işıq.  Bunun üçün taxılın necə əkilib-biçilməsi məni çox maraqlandırıb. Taxılın səpilməsini, suvarılmasını, biçilməsini görməyi, torpaq adamları ilə söhbət etməyi çox arzu etmişəm. Sonradan bu, mənə nəsib olanda, ağsaqqal, dünyagörmüş adamlarla söhbət edəndə bilmişəm ki, əvvəllər kənd yerlərində, xüsusən dağlıq ərazilərdə taxılın əkilməsi, becərilməsi, yığılması, döyülməsi uzun prosesdir. 

Əvvəllər, texnikanın olmadığı vaxtlarda dağ yamaclarındakı sahələr ot biçildikdən sonra payız əkini üçün xış və ya kotan qoşulmuş öküzlə şumlanıb, yayın son ayından başlayaraq sahələrə toxum səpilərdi. Payız fəslinin ilk barlı-bərəkətli yağışları insanları sevindirib, onlar bir-birinə gözaydınlığı verərdilər. Çünki yağan ilk yağış gələn ilin ruzisinin bol olacağının xəbərçisi olub, ana torpağın isti qoynuna etibar edilən bərəkət dənəciklərinin yaxşı kök atmasına, qışın şaxta-sazağının taxıla zərər verə bilməyəcəyinə əminlik yaradardı. Əkinçilər bol məhsul əldə etmək üçün sahələri göz bəbəyi kimi qoruyar, erkən yazdan başlayaraq alaq otlarından təmizlik işlərinə bütün ailə qoşulardı. Hamı bilirdi ki, torpaq yeganə ümid yeridir, ona yaxşı qulluq etsən, qarşılığını birə-min verəcək, ona bel bağlayanları naümid buraxmayacaq. İyun-iyul aylarında isə kəndlərdə əsl bayram ab-havası yaşanardı. Taxıl biçilər, dərzlər xırmana daşınar, küləş tayalara vurulardı. Eyni zamanda at və ya qaramalı xırmanda açılmış buğda dərzlərinin üstündə hərəkət etdirməklə taxıl məhsulunu samandan ayırırdılar. Bu iş olduqca əziyyətli olurdu. Ancaq hər dəfə çəkilən zəhmət bəhrə verdikdə insanlarda ruh yüksəkliyi yaranar, onların üzü gülər, sabaha, gələcəyə inamı artardı. İndi o dövrdən çox illər, fəsillər keçib. Kəndlinin əməyini çox-çox yüngülləşdirən texnikalar icad edilib, məhsuldarlığı artıran min cür vasitə, gübrələr, dərman preparatları kəşf olunub. Ancaq taxıl əkinlərinin məqsədi və əkilən taxılın insanlarımız üçün həyati əhəmiyyəti dəyişməz olaraq qalıb.

Vaxtilə çörək qıtlığının yaşandığı qədim diyarımızda bu gün taxıl anbarları, dəyirmanlar, toxumçuluq təsərrüfatları, göz işlədikcə uzanan taxıl zəmiləri, ən müasir texnikalar və suvarma sistemləri mövcuddur. Taxılçılığa göstərilən diqqət və qayğının nəticəsidir ki, məhsuldarlıq ilbəil artır, bərəkətli zəmilərdən keyfiyyətli məhsul əldə edilir. Necə deyərlər, çörəyini torpaqdan çıxaran kənd adamları onlara yaradılan şəraitin müqabilində əkib-biçir, gün-güzəranlarını yaxşılaşdırırlar.
Budur, Sədərək rayonunun taxıl zəmilərindən birindəyik. Buraya gəlməkdə məqsədimiz əkinçi sözü eşitmək, əlinin əməyi, alın təri, zəhməti ilə ucalan insanlarla söhbət etmək, onların qayğıları, gələcək planları ilə maraqlanıb təəssüratlarımızı oxucularımızla bölüşməkdir.
Səhər saatlarıdır. Göz işlədikcə uzanan taxıl zəmiləri xəfif küləyin təsirindən dəniz kimi dalğalanır. Buğda dənələrinin ağırlığına tab gətirməyən sünbüllərin boynu əyilib. Elə zəminin kənarındaca söhbət etdiyimiz torpaq mülkiyyətçisi Qafar Zeynalov sünbüllərdən birini qırıb ovcunda yaxşıca ovxalayır. Sünbüldə nəmlikdən əsər-əlamət qalmayıb, bu da ona dəlalət edir ki, biçinə başlanılmalıdır. Qılçıqdan asanlıqla ayrılan buğda dənələrinin taxıl anbarlarına, dəyirmanlara yol alma vaxtıdır. Sünbüllərdəki dənlərin çoxluğu və kifayət qədər iri olması bizdə xoş ovqat yaradır.
Qafar Zeynalov Sədərəyin tanın­mış taxılçılarındandır. Taleyini torpağa bağlayan bu insan zəmilərin bu günü üçün çox zəhmət çəkib. Söhbət zamanı deyir ki, sahələrin şumlanmasından başlamış zəmilərin bol məhsulu ilə gözoxşayan bu gününə kimi tələb olunan bütün aqro­texniki tədbirlər yüksək səviyyədə yerinə yetirilib, zəmilər lazımi qaydada suvarılıb, torpaq mineral gübrələrlə zənginləşdirilib.
Göstərilən qayğıdan ruhlanan Qafar Zeynalov 30 hektarda buğda, 10 hektarda arpa əkib. Çəkdiyi zəhmətin bolluq ünvanlı bəhrəsi göz önündədir. Taxıl zəmisinin könül­açan, gözoxşayan bu mənzərəsi bir həyat tablosu kimi diqqəti çəkir.
İşindən-gücündən, qayğılarından danışan torpaq adamı söhbət zamanı onu da qeyd etdi ki, taxıl əkini və biçini zamanı sahələrə çıxan texnikaların əksəriyyəti özünə məxsusdur. Bu texnikaların imkanlarından maksimum istifadə edir, ehtiyac olduğu təqdirdə digər torpaq mülkiyyətçilərinə də köməklik göstərir. Onun dediklərindən: – Hərdən təbiət biz əkinçilər üçün bəzi problemlər yaradıb. Bəzən leysan yağıb, bəzən də dolu düşüb əkinə ziyan vurub. İtkilərimiz də olub, məhsulumuza ziyan da dəyib. Amma dövlətin köməyini görüb toxtaq olmuşuq, inancımız, gücümüz artıb. Çalışırıq ki, torpağın hər qarışından səmərəli istifadə edək. Buna, əsasən, nail oluruq. Onu da qeyd edim ki, əkindən tutmuş məhsulun biçilib daşınmasınadək bütün işləri öz texnikamız vasitəsilə görürük. Əkin və nəqliyyat traktorlarımız, taxıl kombaynımız, səpin və becərmə aqreqatlarımız vardır. Taxıl biçinini ən qısa müddətdə və itkisiz başa vurmaq üçün bütün hazırlıq işlərini vaxtında görmüşük. İnanırıq ki, bu il də bol məhsul əldə edəcəyik.
Sovet İttifaqının son dönəmlərində, eləcə də 90-cı illərin əvvəllərində vəziyyətin çox pis olduğunu deyən, hazırda 10 hektarda taxıl əkən Salman Məmmədov o zamanları belə xatırlayır: “Çox çətin dövr idi. Taxıl əkmək üçün nə toxumluq buğda tapılırdı, nə də arpa. Bunları tapıb birtəhər səpin işini gördükdən sonra su problemi ortaya çıxır, əlac əlimizi açıb Allaha dua etməyə qalırdı. Birtəhər bu çətinliklərin öhdəsindən gələndən sonra sünbülün dənə dolmasını gözləyirdik ki, heç olmasa məhsulu yığıb pis-yaxşı özümüzə gün-güzəran düzəldək. Biçin vaxtı bircə dənə də olsun, salamat texnika tapa bilmədiyimiz üçün taxıl elə zəmidəcə tökülüb qalırdı. Çox heyifsilənsəm də, heç bir çıxış yolu tapa bilmirdim. Ancaq ulu öndərimiz Naxçıvana gəldikdən sonra hər şey yaxşıya doğru dəyişildi. O, bir neçə dəfə Sədərəyə gəldi, bizimlə görüşdü, ürək-dirək verdi, bizdə sabaha inam yaratdı. Onun səsindəki əminlik o zaman Sədərəyin sabahına ümidsiz baxan sakinlərə də sirayət etdi. Bunun nəticəsi idi ki, bir nəfər də olsun, doğma torpağını tərk etmədi, əkdi-biçdi, qurdu-yaratdı. 1995-ci ildən sonrakı dövr isə sədərəkli torpaq mülkiyyətçiləri üçün dönüş, rifah illəri oldu. Yeni nasos stansiyaları yaradıldı, yeni torpaqlar əkin dövriyyəsinə qatıldı. Kənd zəhmətkeşlərinin bazara çıxış imkanlarının artırılması üçün bürokratik əngəllər aradan qaldırıldı. Ümumiyyətlə, bu haqda çox söz demək olar. Ancaq bir şeyi xüsusi vurğulamaq istərdim ki, mən və mənim kimi yüzlərlə torpaq mükiyyətçisi torpağın əsl sahibi olduğumuzu məhz 1995-ci ildən sonra hiss etdik. Buna görə də dövlətimizə minnətdaram.
...Bəli, bu gün Sədərəkdə təcrübəli taxılçılar çoxdur. Hazırda 20 hektar taxıl sahəsinin məhsulunu toplayan Nazim Qaybalıyev, 20 hek­tarda taxıl əkən Eldəniz Rzayevlə də söhbətimizdən belə qənaətə gəldik ki, onlar taxılçılığın gəlirli sahə olduğunu, ancaq zəhmət tələb etdiyini yaxşı bilirlər. Dövlət qayğısının müqabilində bol məhsul əldə etməyi isə özlərinə mənəvi borc sayırlar. 

Sərxan İsmayılov
“Oğuz yurdu” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR