23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublika ərazisinin böyük bir hissəsini quraqlıq sahələr, az bir qismini isə sulu ərazilər təşkil edir. Buna görə də ərazidə ağacların, bitkilərin əkilməsi üçün torpaq sahələrinin düzgün seçilməsi, müasir texnologiyaya cavab verəcək şəkildə becərmə işlərinin aparılması, bir sözlə, ağaclara və bitki örtüyünə qayğı göstərilməsi ən aktual məsələlərdən biridir. Yaşıllıq sahələrinin yaradılmasında əsas iş isə, heç şübhəsiz, əkinlərin suvarılmasıdır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əsgər Həsənovla söhbətimiz də məhz bu barədə oldu:

– Ağacların suvarılmasında nələrə diqqət edilməlidir?

– Suvarma ağacların normal böyüməsini və yüksək məhsul alınmasını təmin edən əsas aqrotexniki tədbirlərdən biridir. Suvarmanı tələbata uyğun aparmaq başlıca şərtlərdəndir. Bu zaman vacib olan bəzi məqamlara diqqət edilməlidir. Ağır gilli torpaqlarda suyun dərin qatlara hopması (sızması) çətin, yüngül quruluşlu torpaqlarda isə asandır. Buna görə də səmərəli suvarma aparılması üçün torpağın tərkibi haqqında məlumatlı olmaq ilk şərtdir. Yadda saxlamaq lazımdır ki, dayaz suvarma zamanı torpağın ancaq üst şum qatı islanır. Bu suvarma ağacların normal böyüməsini, güclü çətir əmələ gətirməsini təmin edə bilmir. Bunun nəticəsində ağacların üst budaqları qurumağa başlayır. Buna yol verməmək üçün yerli şəraitə uyğun və sınaqdan çıxarılmış suvarma üsullarına üstünlük vermək daha əhəmiyyətlidir.

 

– Bu gün ən çox hansı suvarma üsullarından istifadə olunur?

– Artıq bir neçə ildir ki, muxtar respublikamızda əksər bağ sahələri damcı üsulu ilə suvarılır. Bu üsulla suvarma bizim regionun iqliminə uyğun olub, ən əlverişli suvarma üsuludur: ağacın kökləri daim nəm torpaqda qalır və bu, bitkinin isti hava şəraitində dözümlülüyünü artırır. Ancaq onu da nəzərə almaq lazımdır ki, bəzən bütün ağacları damcı üsulu ilə suvarmaq imkanı olmur. Əgər ağacın dibində bu cür rütubət yaratmaq mümkün deyilsə, bitkinin kök boğazından torpağa dəyən hissəsinə qədər süni örtük yaradılması daha məqbul hesab olunur. Bu, polietilen örtük və digər sintetik materiallardan ibarət ola bilər. Örtüklər yaradıldıqda suvarma zamanı su örtük altından bitkilərə verilir. Günəş istiliyindən buxarlanma zamanı buxar şeh damlasına çevrilərək yenidən torpağa düşür. Beləliklə, gövdə ətrafında rütubət balansı qismən də olsa, nizamlanır.

– Bu istiqamətdə daha hansı tədbirlər görülməlidir?

– Hər suvarmadan sonra ağacın dibindəki torpaq qatında çatlar əmələ gəlir. Yaxşı olar ki, hər suvarmadan sonra ağacların gövdə ətrafı bellənərək üzdə əmələ gələn çatlar və qaysaq təbəqəsi dağıdılsın. Bu, başa çatdırılandan sonra torpağın üzərinə üzvi gübrə və ya nazik təbəqə halında quru torpaqla qum qarışığı verilə bilər. Bəzən sahələrdə axar su ehtiyatı olmadığı üçün ağaclar su çəni olan maşınlarla suvarılır. Əgər gətirilən su kəhriz və ya bulaqlardan, sub­artezian quyularından sərin halda tədarük olunursa, ağaca verməzdən əvvəl ən az 2 saat Günəş altında saxlanılıb ilıq hala gətirilməlidir. Ağacların isti yay günlərində budanılaraq onlara forma verilməsi, gövdə ətrafında əmələ gələn əlavə budaqcıqları qoparıb zədələmək qətiyyən olmaz.

– Müsahibə üçün sağ olun!

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR